Azərbaycanda hamı aviabiletlərin bahalığından şikayətlənir: bəs çarə nədədir?
Bakıdan dünyanın istənilən nöqtəsinə, hətta ən yaxın ölkələrə belə təyyarə ilə uçmağın baha olması heç kim üçün sirr deyil. Son vaxtlar bu mövzu bütün kəskinliyi ilə gündəmə gəlib. Vəziyyət niyə belədir və ekspertlər çıxış yolunu nədə görürlər?
Bakıdan aviabiletlər nə qədər bahadır?
JAMnews biletlərin bahalığı barədə deyilənləri yoxlamaq üçün qısa eksperiment keçirdi və nəticələri ilə sizi tanış edir.
Biz məşhur beynəlxalq onlayn bilet satışı saytlarından birində İstanbula Bakıdan və Tbilisidən qiymətlərin fərqini öyrəndik. Bunun üçün bir aydan sonranı seçdik, çünki yaxn günlərə satılan biletlər həmişə daha baha olur. Həm gediş, həm də gəliş üçün həftənin bazar ertəsi gününü seçdik ki, insanların daha çox səyahət etdiyi istirahət günləri olmasın və bu amil də biletin qiymətinə təsirini göstərməsin.
Deməli, avqustun 2-də gediş və 9-da dönüş üçün bakıdan İstanbula gedib-gəlmək bizə ən yaxşı halda 354 ABŞ dollarına [təxminən 600 manata] başa gələcək. Eyni günlərdə Tbilisidən İstanbula gedib gəlmək isə bundan 2,5 dəfə ucuzdur – 139 dollar [təxminən 236 manat].
Deputat nə deyir?
Milli Məclisin iclasında deputat Qənirə Paşayeva təyyarə biletlərinin qiymətləri ilə bağlı narazılığını bildirib.
O, qiymətlərin əlçatan edilməsi üçün AZAL-a müraciət edib:
“Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insan var. Hər gün sosial media hesablarımız vasitəsilə çox sayda müraciətlər alırıq. Yazırlar ki, biz Azərbaycana gəlmək istəyirik, amma Türkiyədən dünyanın çox ölkəsinə biletlərin qiyməti Azərbaycandan daha ucuzdur. Azərbaycana biletlərin qiyməti niyə bu qədər bahadır? Bunu Azərbaycan vətəndaşları da söyləyir.
Azərbaycanda Türkiyəyə gedənlər də, sadəcə, gəzmək üçün getmir. Bizim yüzlərlə tələbəmiz təhsil alır və onların təhsili bizim üçün çox vacibdir. Xəstə insanlarımız var ki, təcili olaraq getmək məcburiyyətindədirlər. Ona görə, biz xahiş edirik ki, bu qiymətlərə baxılsın. Azərbaycan və Türkiyə arasında gediş-gəlişin artması turizm üçün önəmli deyil.
Gənclərimizin təhsil almağa, insanlarımızın bir-birilərini daha yaxından tanımasına ehtiyac var.
Ona görə də, mən AZAL-a buradan çağırış edirəm. Bu qiymətlərə baxılsın və bunların əlçatan edilməsi üçün addımlar atılsın”.
Siyasətçidən maraqlı statistika
Müxalif “Respublikaçı alternativ” partiyasının liderlərindən biri Natiq Cəfərli də qiymətlərdən narazıdır.
“1 iyul 2021-ci ildən “Wizzair” şirkəti Gürcüstanın Kutaisi beynəlxalq hava limanından uçuşlarını bərpa edəcək. Şirkət yenilənmiş aeroportdan 6 istiqamət üzrə – Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen (Almaniya) şəhərlərinə reyslər yerinə yetirəcək.
Nəzəri olaraq 1 həftəlik bilet qiymətlərinə baxdım – 04 iyuldan, 11 iyula qədər, məsələn, Praqa şəhərinə olan bilet qiymətlərini müqaisə etdim. Həmin tarixlərdə Kutaisidən Praqaya bilet qiyməti 165 dollardır. Eyni tarixdə Bakıdan Praqaya THY ilə bilet qiyməti 1180 manat, yəni, 694 dollardır – fərq 529 dollar təşkil edir.
Hörmətli hökumət, hakimiyyət üçün qiymətli AZAL rəhbərliyi, biz nə vaxta qədər Gürcüstandakı qiymətlərə baxıb həsəd aparacağıq?! Nə zamana qədər AZAL-a olan yaxın münasibətə görə camaat əziyyət kəçib, öz cibindən bu şirkəti maliyyələşdirib, hələ bir büdcədən də dotasiya almasını, bütün bunlara rəğmən ziyanla işləməsini görüb təəccüblənəcəyik?! Bir tək bu məsələni həll etmək bu qədərmi çətindir?! Qiymətlərin yüksək olmasının AZAL-ın bir tək inhisarçı olması ilə bağlı deyil, yerüstü xidmətlərin də AZAL-ın inhisarında olmağıdır”, – Natiq Cəfərli yazıb.
Turizm sektoru qiymətlərin ucuzlaşmasını gözləyir
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid də aviabiletlərin bahalığından narazılığını qeyd edib:
“Digər ölkələrdə aviabiletlər bizdəkindən ucuzdur. Əgər siz onlayn platformalarda qiymətlərə baxsanız görərsiniz ki, Türkiyə-Avropa, Türkiyə-Gürcüstan uçuşları ilə müqayisədə Türkiyə-Azərbaycan uçuşları bahadır.
Turistlərin sayının artması üçün rəqabətli mühit olmalıdır. Bununla bağlı tərəfdaşımız olan dövlət qurumları ilə əməkdaşlıq edirik. O cümlədən dövlət aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC ilə əlaqədəyik. Ümid edirik ki, yaxın günlərdə bu məsələ həllini tapacaq”.
İqtisadçılar həll yolunu nədə görür?
İqtisadçı Nemət Əliyev deyir ki, dövlət AZAL-ın qiymət siyasəti üzərində çox ciddi şəkildə nəzarət həyata keçirməlidir və AZAL-ın tədbiq etdiyi qiymətlər Azərbaycan əhalisinin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır.
“AZAL-ın qiymətləri çox yüksəkdirsə, şübhəsiz ki, gəlirləri də əhəmiyyətli dərəcədə çoxdur. Bu, həm bilet sayına görə yaranan fərq, həm də bütövlükdə ilboyu həmin hava nəqliyyatından istifadə edənlərin aldıqları biletlərin, yəni ümumi gəlirlərin həddindən artıq böyük olması dərhal diqqəti cəlb edir.
Digər tərəfdən, AZAL hələ də dövlət büdcəsində oturmuş şirkət kimi idarə olunur. AZAL-ın investisiya xərcləri əsasən dövlət hesabına ödənilir. Buradan sual çıxır ki, AZAL bu qədər gəlir əldə edirsə və öz investisiya xərclərini ödəmirsə, o zaman həmin vəsaitlər hara gedir?
İkinci bir sual isə belə olur ki, bəs başqa ölkələrdə necə olur? AZAL-ın tətbiq etdiyi qiymətlərlə müqayisədə qat-qat aşağı qiymətlər tədbiq edən hava şirkətləri necə olur?
Deməli, həmin hava şirkətlərinin həm gəlirləri AZAL-dan daha azdır, həm də onlar özlərinin investisiya layihələrini həyata keçirirlər. Məsələyə bu konteksdən baxanda vəziyyət bir az da dramatik xaratker alır ki, görəsən, bu AZAL nə işlə məşğuldur?
AZAL-ın uçuşlarına, qiymət siyasətinə dövlət nəzarəti həyata keçirilmir. Belə bir vəziyyətin yaranması AZAL-ın monopolist mövqeyindən istifadə etməsinə şərait yaradır. AZAL-ın qiymətlərinin azaldılmasını tələb edən çox əsaslı səbəblər var. Çünki Azərbaycanda əhalinin sosial vəziyyəti həddən ziyadə ağırdır.
Çox uzağa getmədən qonşu Gürcüstanın qiymətlərinə yaxınlaşdırılmalıdır. Uzaq ölkələrə səfər etmək istəyən bir sıra Azərbaycan vətəndaşları Gürcüstana keçid edərək oradan təyyarə biletləri alıb səyahətlərini həyata keçirirlər. Bunun əsas səbəbi isə Gürcüstanda uçuş qiymətlərinin çox aşağı olmasıdır.
İndiki dövrdə bunu həyata keçirtmək çətin olsa da, ikinci alternativ yol da var. Bu alternativ rəqib hava limanlarının inkişafına meydan verməkdir. Məsələn, heç olmasa, bu sahədə 1-2 şirkət olsaydı, AZAL iştahlı qiymətlərini həyata keçirə bilməzdi.
Üçüncü addım isə çox vacib addımdır. Azərbaycanda çox təəssüf ki, rəqabət haqqında qanun qəbul olunmayıb. İqtisadiyyatda, sosial həyatda baş verən böyük biabırçılıqlar buradan qaynaqlanır. Azərbaycanda rəqabət haqqında qanun olsaydı, AZAL-ın özbaşınalığına da ən azından qanunvericilik çərçivəsində “yox” demək olardı”, – deyə, Nemət Əliyev bildirib.