İşçi hüquqları müdafiəçisi Afiəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib
Azərbaycanda həbslər – Afiəddin Məmmədov
Azərbaycanda işçi hüquqları müdafiəçisi Afiəddin Məmmədov uzun müddətə azadlıqdan məhrum edilib. Məhkəmə onu bıçaqla adam yaralamaqda təqsirli bilib. Fəal özü isə ittihamları rədd edir və hüquq müdafiəçisi kimi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.
- Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib
- Biz buna dözməməliyik! – “Batumelebi”nin direktoru Mzia Amaqlobelinin həbsi ilə bağlı JAMnews redaksiyasının bəyanatı
- Azərbaycanda maaşlarla yanaşı, kommunal xidmətlərin tarifləri də artıb
Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.
İctimai fəal Azərbaycan Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham olunaraq məhkəmə qarşısına çıxarılmışdı. O, Səfər Hüseynov adlı şəxsi bıçaqla yaralamaqda təqsirli bilinib.
A.Məmmədov hökmdən öncəki son sözündə heç kimi bıçaqlamadığını, heç bir cinayət törətmədiyini, sadəcə, işçi hüquqlarını qoruduğuna görə cəzalandırıldığını bildirib. O, 14 yaşından işçi hüquqlarının müdafiəsi ilə məşğul olduğunu vurğulayıb.
İctimai fəal 2022-ci ilin martında bir qrup ictimai fəalla birləşərək işçilərin hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat yaratmaq qərarına gələrək “İşçi Masası”nı təsis etdiklərini söyləyib:
“Bunun ardınca üç dəfə məni inzibati qaydada şərləyib həbs elədilər. İki üzvümüzü narkotiklə şərlədilər”.
Hazırda “İşçi Masası”nın iki üzvü Elvin Mustafayev və Ayxan İsrafilov Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, istehsal etmə, emal etmə, daşıma) maddəsilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Eyni maddə ilə ittiham olunan təşkilatın daha bir üzvü – Məhyəddin Orucovun işi üzrə isə məhkəmə prosesi davam edir.
Suçlandığı bıçaqlanma olayına gəlincə, A.Məmmədov xatarıladıb ki, 2023-cü il sentyabrın 20-də yaşadığı evdən çıxarkən onun üstünə bir nəfər hücum edib. Ardından ətrafdan çıxan polislər onu saxlayıb, 34-cü polis bölməsinə gətiriblər.
“Orada əllərim qandallı vəziyyətdə yerə yıxıb zorla əlimə bıçaq verdilər. Bu yolla saxta sübut yaratmaq istəyirdilər ki, bıçaqda mənim əl izim olsun”, – deyə o bildirib.
Vəkil Zibeydə Sadıqova “Azadlıq Radiosu”na hökmü əsassız və ədalətsiz saydığını bildirib. Vəkilin sözlərinə görə, məhkəmə prosesi boyunca tərəflərin bərabərliyi prinsipi pozulub, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb:
“Hökmdən apellyasiya şikayəti verəcəyik”.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də öz evinin yaxınlığında naməlum şəxsi bıçaqlaması ittihamı ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan istifadə etməklə törədilmiş xuliqanlıq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi qaldırılıb.
İstintaq materiallarına görə, Məmmədov həmin şəxsə bıçaqla xəsarət yetirib. Fəal isə evinin qarşısında tanımadığı şəxsin hücumuna məruz qaldığını, daha sonra isə çox sayda polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib. Onun sözlərinə görə, hər şey bir anın içində baş verdiyi üçün o, nə baş verdiyini anlaya bilməyib.
Daha sonra Məmmədova qarşı ittiham ağırlaşdırılaraq 126.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır ziyan vurmaq) və 228.4 (qanunsuz soyuq silah gəzdirmə) maddələrinə tövsif olunub. Bu ittihamlarla onu 11 ilə qədər həbs cəzası gözləyir.
Hüquq müdafiəçisi ittihamları rədd edir və ictimai-siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirir.
Bundan əvvəl, 2 avqust 2023-cü ildə Afiəddin Məmmədov barəsində inzibati həbs qətimkan tədbiri seçilib. O, eyni gündə iki dəfə məhkəmə qarşısına çıxarılıb. Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərarı ilə fəal İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə qərarlarının və digər orqanların icrası ilə bağlı icra hakimiyyəti orqanının tələblərinə tabe olmama) maddəsi ilə 500 manat məbləğində cərimə edilib. Paytaxtın Yasamal rayon Məhkəməsi isə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşına və ya hərbi qulluqçuya qəsdən tabe olmama) maddələri ilə 30 sutka inzibati həbs qərarı çıxarıb.
Bu, “İşçi Masası” tərəfindən dəstəklənən kuryerlərin 1 avqust 2023-cü il etirazından sonra baş verib.
Afiəddin Məmmədovun işçilərin hüquqlarını müdafiə etdiyinə görə cəzalandırıldığına əmin olan hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.