Azərbaycanda yeni tendensiya – qadın jurnalistlər də həbs olunur
Azərbaycanda həbs olunan qadınlar
Nicat Əmiraslanov yaxınlıqdakı mağazadan dolu paketlərlə evə qayıdır. O, həbsdə olan həyat yoldaşı jurnalist Elnarə Qasımovaya sovqat aparmağa hazırlaşır.
“Həftənin birinci, ikinci günləri vəkil Elnarənin yanına gedəndə lazım olanları bildirir, mən də üçüncü, dördüncü gün başlayıram siyahı üzrə lazım olanları almağa. Tərəvəzlər, ərzaqlar, nə istəyibsə. Sonra hamısını qablaşdırıram. Ən sonda da hər şeyi siyahıya yazıram, bir-bir çəkisinə kimi”, – deyir.
“Abzas Media işi”
Elnarə Qasımova “Abzas Media işi” üzrə həbs olunan altıncı jurnalistdir.
2023-cü il noyabrın 20-dən 2024-cü il yanvarın 13-ə qədər məhkəmələr tərəfindən nəşrin baş redaktoru Sevinc Vaqifqızı, direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, nəşrlə əməkdaşlıq edən araşdırmaçı-jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova haqda ilkin istintaq müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar əvvəlcədən əlbir olaraq qaçaqmalçılıq etməkdə günahlandırılırlar. Bu ittihamla “Abzas Media” əməkdaşlarını 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Elnarə Qasımova – “İfadə verməyə gedəndə artıq həbs olunacağını bilirdi”
28 yaşlı jurnalist Elnarə Qasımova Bakıda anadan olub. Peşə fəaliyyəti dövründə əsasən sosial, ictimai-siyasi problemləri işıqlandırıb. Həyat yoldaşı Nicat Əmiraslanov da jurnalistdir. Uzun illər eyni mövqe və bundan yaranan çətinlikləri bölüşən cütlük 2017-ci ildə evlənib.
“Ümumiyyətlə müstəqil jurnalistlərin Azərbaycanda işləməsi çətindir. Hara çəkilişə gedirsən, basqılar olur. İmkan vermirlər ki, peşə fəaliyyətini yerinə yetirəsən. Qovurlar, aksiyada vururlar. Elnarəni bir dəfə polis bölməsinə salıblar, onunla bağlı şikayət vermişik. Polis rəisi təhqir etmişdi onu. Yəni başımız bəlalı olur.
Amma yenə də bu, bizə əngəl deyil. Mən özüm sutkalıq həbslərdə olmuşam, işgəncələr görmüşəm. Elnarə də bilirdi. Biz ikimiz də bu yolu şüurlu şəkildə gedirik. Əvvəldən bilirdik ki, bu yolda həbslər də olur, işgəncələr də. Amma getmək lazımdır. Kimlərsə getməlidir”, – Nicat danışır.
O, deyir ki, Elnarənin həbsi onlar üçün gözlənilməz olmayıb:
“Həbsindən bir gün öncə, yanvarın 12-də müstəntiq zəng vurub onu Bakı Şəhər Baş Polis İdarəsinə şahid kimi çağıranda, biz artıq əmin idik ki, həbs olunacaq. Çünki, Nərgizi də eyni qaydada ikinci dəfə şahid kimi çağırıb həbs etmişdilər. Odur ki, əşyalarını yığdı, işlərini gördü, mənə nə edəcəyimi tapşırdı”.
Elnarə Qasımova və həmkarları həbslərinin jurnalist fəaliyyətləri, xüsusilə də çalışdıqları “Abzas Media” nəşrində dərc olunan yüksək vəzifəli məmurların və onların yaxınlarının korrupsiya əməllərinə dair araşdırmalarla bağlı olduğunu deyirlər.
“Abzas Media” Azərbaycanda son illərin ən səs-küylü jurnalist araşdırmalarını dərc edirdi.
“Abzas Media”nın bütün rəhbər heyəti və jurnalistlərin həbsindən sonra bu araşdırmalar müxtəlif ölkələrdən olan 15 media qurumunun birləşdiyi “Forbidden Stories” “Baku Connection” layihəsi çərçivəsində davam etdirilir.
“Medianın vəziyyəti heç vaxt indiki qədər kritik olmayıb”
Media hüququ üzrə mütəxəssis, hüquqşünas Xalid Ağalıyev deyir ki, daha əvvəl jurnalistlərin belə kütləvi həbsinə rast gəlməyib:
“Son 3-5 ay ərzində jurnalistlərə qarşı baş vermiş həbs hallarını, məsələn, 2000-ci illərdən bu yana olan dövrlə müqayisə etsək, belə situasiya yaşanmayıb. 2005-2010-cu illər aralığında Azərbaycan həbsdə olan jurnalist sayına görə ATƏT məkanında ilk yerdə dururdu. O zaman da xeyli jurnalist həbsdə idi. Amma həmin illərin həbs statistikası ilə götürdükdə belə, hazırkı vəziyyət daha pisdir, həbsdə olan jurnalistlərin sayı daha çoxdur”.
Azərbaycanda müxtəlif illərdə müstəqil jurnalistlər zaman-zaman həbs olunub. Beynəlxalq və yerli insan hüquqları təşkilatları onları “siyasi məhbus” kimi tanıyıb. Amma bu həbslər uzun illər idi ki, qadın jurnalistlərdən yan keçirdi. 2014-cü ilə qədər Azərbaycanda heç bir qadın jurnalist həbs edilməyib.
Azərbaycanda qadın jurnalist ilk dəfə 2014-cü ildə həbs edilib
Bu tendensiya ilk dəfə 2014-cü il dekabrın 5-də tanınmış araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın həbsi ilə pozuldu.
Qanunsuz sahibkarlıq və vergidən yayınma da daxil olmaqla cinayət məcəlləsinin bir neçə maddəsi ilə ittiham edilən jurnalist 3 il rəhbər vəzifə tutmamaq şərtilə 7 il 6 ay müddətində azadlıqdan məhrum edildi.
2 ildən çox həbsdə qalandan sonra kassasiya şikayəti əsasında Ali Məhkəmə Xədicə İsmayılovanın cəzasının qalan hissəsini 3 il yarım şərti cəza ilə əvəzləyərək, onu azadlığa buraxdı.
Bu günlərdə o, 2022-ci ildən baş redaktoru olduğu “Toplum TV işi” ilə bağlı istintaqa dəvət olunub. Yaxınları və həmkarları onun növbəti dəfə həbs olunması ehtimalından narahatdırlar.
“Abzas Media”dan sonra “Toplum TV” müstəqil onlayn televiziyasına qarşı da cinayət işi açılıb. Bu iş üzrə artıq 7 nəfər həbs edilib, daha iki nəfər isə polis nəzarətindədir. Onların hamısı “Abzas Media” işində olduğu kimi qaçaqmalçılıqda ittiham olunur.
“Fərqi yoxdur həmin redaksiyada qadın işləyir, ya kişi”
Xədicə İsmayılovanın həbsindən on ilə yaxın zaman keçib və hazırda həbsdə üç qadın jurnalist var, həm də eyni redaksiyadan.
Hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, hakimiyyət ona mane olan jurnalistlərin qadın və ya kişi olmasına artıq əhəmiyyət vermir.
“Bu həbslər “Abzas Media”nın fəaliyyətini dayandırmağa hesablanıb. Burada fərqi yoxdur həmin redaksiyada qadın işləyir, ya kişi. Bu redaksiyanın işinin dayanması üçün də ən optimal yol odur ki, orada işləyənlərin hamısı təcrid edilsin. Təcridin də klassik nümunəsi həbsdir”, – Cəfərov deyir.
Hüquqşünas Xalid Ağalıyevin fikrincə, bu, həm də son zamanlar müstəqil jurnalistika sıralarında çoxluq təşkil edən qadınları bu fəaliyyətdən çəkindirməyə hesablanıb.
“Son illərdə tənqidçi jurnalistlərin sırasına diqqət yetirsək, xanım jurnalistlər daha çox nəzərə çarpır. İstər Bakıda keçirilən etiraz aksiyalarından informasiyaların toplanıb yayılmasında olsun, istər müxtəlif proqramlarda aparıcılıqda olsun, məncə bu kontekstdə xanım jurnalistlər daha çox nəzərə çarpır. Ola bilsin ki, xanım jurnalistlərin həbs olunması, onlara basqıların artması onların gözünü qorxutmaq niyyəti daşıyır”, – Ağalıyev izah edir.
Nərgiz Absalamova – Polis zorakılığı nəticəsində büzdüm sümüyü sınıb
Nərgiz Absalamova da “Abzas Media”nın həbs olunan əməkdaşlarından biridir.
O, 1998-ci il iyulun 17-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
2018-ci ildən peşəkar jurnalist fəaliyyətinə başlayıb. 2021-ci ildən “Abzas Media” ilə əməkdaşlıq edir.
2021-ci ilin dekabrında müstəqil jurnalistlər Milli Məclisin qarşısında yeni “Media haqqında” qanuna etiraz etdiyi zaman Nərgiz Absalamova polis zorakılığına məruz qalıb. Nəticədə büzdüm sümüyü sınıb, ağır əməliyyat keçirib, bir müddət işdən kənarda qalmalı olub.
Azərbaycan məhkəmələrində ədalət axtarsa da, onun şikayəti təmin edilməyib.
Nərgiz Absalamova 2023-cü il noyabrın 30-da Bakı Şəhər Baş Polis İdarəsinə “Abzas Media işi” üzrə ikinci dəfə ifadə vermək üçün çağırıldığı zaman saxlanılıb. O, da qrup şəklində qaçaqmalçılıqda ittiham olunur.
Nərgiz Absalamova özünü bu ittihamla təqsirli bilmir və həbsinin digər həmkarları kimi peşə fəaliyyətilə bağlı olduğunu deyir.
Sevinc Vaqifqızı – “Qayıtmaya bilərdi”
Sevinc Vaqifqızı – “Qayıtmaya bilərdi”
“Abzas Media”nın direktoru Ülvi Həsənli və müavini Məhəmməd Kekalov həbs olunanda nəşrin baş redaktoru Sevinc Vaqifqızı ölkə xaricində idi. Yaxınları və həmkarları ondan təhlükəsizliyi üçün ölkəyə qayıtmamasını xahiş etsələr də, jurnalist İstanbulda hava limanında çəkilən videoda “mən dostlarımı orda həbsdə qoyub, burada rahat yaşaya bilmərəm, bu cür həyat mənə zindan olar” dedi və Bakıya qayıtdı. Noyabrın 20-dən 21-ə keçən gecə jurnalist ölkəyə çatan kimi təyyarədən enər-enməz saxlanıldı.
Sevinc Vaqifqızı 1989-cu il iyulun 5-də Füzuli rayonunda anadan olub. 1993-cü ilin avqustunda birinci Qarabağ müharibəsi zamanı doğma rayonunun işğal edilməsi nəticəsində ailəsi ilə birgə köçkün düşüb. Ali təhsilini 2006–2010-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində alıb.
Uzun illər ərzində müstəqil və tənqidçi medialarda çalışan Sevinc Vaqifqızı peşə fəaliyyəti boyunca dəfələrlə polis tərəfindən saxlanılıb, müxtəlif təzyiqlərlə üzləşib.
2016-cı ildə əməkdaşlıq etdiyi “Meydan TV”yə qarşı açılan cinayət işinin gedişatında digər həmkarları ilə birlikdə ölkədən çıxışına qadağa qoyulub. Yalnız 5 ildən sonra bu qadağanın götürülməsinə nail ola bilib.
2018-ci ildə keçirilən prezident seçkilərində saxtakarlıqları ifşa edən video yaydığı üçün məhkəməyə verilib. 4 ilə yaxın davam edən məhkəmə çəkişməsi jurnalistin xeyrinə sona çatıb.
Azərbaycan hakimiyyətinin “Pegasus” casus proqramı ilə izlədiyi minlərlə jurnalist, siyasətçi, ictima fəal arasında Sevinc Vaqifqızının da adı var.
“Artıq həbs olunmaq o qədər də dəhşətli deyil”
“Jurnalist Ülvi Həsənlinin həbsindən sonra ağıllarda bir sual var idi ki, Sevinc qayıdacaqmı? Amma mənim üçün belə bir sual yox idi. Onu tanıyan adamlar bilirdi ki, o, bir saniyə belə bu haqda düşünməyib. Sevincin həbsinə rəğmən qayıdacağına tam əmin idim. Qayıtdı və həbs olundu”, – vaxtilə “Meydan TV” işi üzrə Sevinc Vaqifqızı ilə birlikdə istintaqa cəlb edilən, dəfələrlə dindirilən, ölkədən çıxışına qadağa qoyulan müstəqil jurnalist Aytac Tapdıq deyir.
O qeyd edir ki, Sevinc Vaqifqızının həbsi onu sarsıtsa da, ruhdan salmayıb:
“Sevincin həbsinə çox pis oldum, amma bu hisslər passivlik, təslimçilik demək deyil. Əksinə, Sevinc Vaqifqızının həbsinə rəğmən ölkəyə gəlməsi, dimdik duruşu, gördüyü işlər bizim yolumuza davam etməyimiz üçün bir stimuldur. Yəni, Sevincin, daha sonra Elnarənin, Nərgizin həbs olunması həbsin özünü asanlaşdırdı çoxları üçün. Həbs olunmaq artıq o qədər dəhşətli bir şey deyil”.
Beynəlxalq reaksiyalar – Azərbaycan hökumətinin özünə əminliyi
Son jurnalist həbslərindən sonra bir sıra beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətini jurnalistləri həbsdən azad etməyə və onlara qarşı insani rəftara çağırıb. Rəsmi Bakı isə öz növbəsində onlara Azərbaycanın daxili işlərinə qarışmamağı “tapşırıb”.
Məsələn, Avropa İttifaqının Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko X sosial şəbəkəsindəki hesabında son vaxtlar Azərbaycanda həbs edilmiş jurnalistlərə qarşı olan “alçaldıcı münasibətdən, əsasən də gənc qadınların məhkəmə zalında əllərinin qandallanması, onların şüşə qəfəsə salınması və ya əsas insani ehtiyaclarının qarşılanmasına icazə verilməməsilə bağlı xəbərlərdən dəhşətə” gəldiyini yazıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə onun iddiasını “əsassız və məsuliyyətsiz” adlandırıb.
“Yaxşı olardı ki, səfir diqqətini bəlli Avropa ölkələrinin məhkəmə sistemindəki ədalətsizlik və pis rəftar üzərində cəmləyərdi. Ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulmuş Azərbaycan məhkəmə sisteminə müdaxilə qəbuledilməzdir”, – deyə Hacıyev bildirib.
Xalid Ağalıyev hesab edir ki, Azərbaycan hökumətinin beynəlxalq aləmdən gələn bu cür çağırışlara reaksiyası əvvəlki dövrlərdən çox fərqlidir:
“10-15 il əvvəl hər hansısa jurnalistin həbsilə bağlı beynəlxalq təşkilatların çağırışlarına hökumət daha isti yanaşırdı və müəyyən irəliləyişlər baş verə bilirdi. Amma son həbslərlə bağlı gələn çağırışlara, mövqelərə hökumət ümumiyyətlə əhəmiyyət vermir. Sadəcə olaraq jurnalistlərin həbsinə haqq qazandırmağa çalışır”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov isə deyir ki, Azərbaycan hakimiyyəti beynəlxalq çağırışları bir növ “daxili işimizə qarışmağa cəhd” kimi qiymətləndirməklə məsuliyyətdən yayınır.
“Fakt ondan ibarətdir ki, insan hüquqları daxili məsələ deyil”, – deyə Cəfərov vurğulayır.
Üzü “Kürdəxanı”ya sarı
Həftənin cümə günüdür. El arasında “Kürdəxanı həbsxanası” kimi tanınan Bakı İstintaq Təcridxanasında məhbuslar üçün sovqat qəbulu saat 09:00-da başlayacaq. Buna görə də Nicat Əmiraslanov səhər saat 08:00-da evdən çıxır. Yaşadığı binanın qarşısında onu gözləyən taksi sürücüsü ilə köməkləşib, dünəndən hazırladığı sovqatları maşının yük yerinə yığır. O, artıq iki aydır ki, hər həftə Kürdəxanı təcridxanasının yolunu tutur.
“Evimdən təcridxanaya təxminən 20 kilometrlik məsafə var. Saat 10 civarında çatıram. Sovqatı təhvilvermə prosesi günorta 1-2-ə qədər davam edir. Hər dəfə 3-4 saat buna sərf edirəm. Amma neyləmək olar? Başqa variantımız yoxdur. Hər həftə bu yolu gedib-gəlməliyik”.
Ünvana yaxınlaşdıqca Nicat əlindəki siyahını təkrar-təkrar nəzərdən keçirir. Yaddan çıxan nəsə olmamalıdır.
“Burada saxlayın, təzə çörək də alım”, – Nicat təcridxananın yaxınlığındakı təndir çörəyi satılan dükanlardan birinə işarə edir.
Maşına qayıtdıqdan sonra aldıqlarının siyahısını sovqatların arasına qoyur. Bu, Elnarənin gətirilən sovqatın ona tam çatıb-çatmamasını yoxlaya bilməsi üçündür.
“Mediaşəbəkə”nin dəstəyilə