Azərbaycanda Gəncə şəhərində keçirilən etiraz aksiyasında iki polis zabiti öldürülüb
İyulun 10-da Azərbaycanın Gəncə şəhərində etiraz aksiyasının dağıdılması zamanı iki polis zabiti qətlə yetirilib.
Etiraz aksiyasına bir həftə əvvəl baş verən hadisə səbəb olub. İyulun 3-də Gəncədə İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı silahlı hücum olub. O və onun mühafizəçisi yaralanıb, amma həyatdadırlar. Hücumçu Rusiya vətəndaşı Yunis Səfərovdur.
O indi istintaq altındadır, dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur. Amma Azərbaycanda çoxları onun atdığı addımı “qəddar məmura qarşı üsyan” kimi qəbul edib və onu “qisasçı və xalq müdafiəçisi” hesab edir.
Gəncədə etiraz aksiyası iyulun 10-da axşam başlayıb. İcra Hakimiyyətinin qarşısında 200 nəfər toplaşıb. Gəncəlilərin bildirdiyinə görə, aksiyaya çağırış şəhər İcra Hakimiyyəti başçısına hücum olan andan bəri səslənirmiş.
Videoda toplaşanların əllərində hər hansı silahın olub-olmadığını görmək mümkün deyil, amma Daxili İşlər Nazirliyinin versiyasına görə, onların əlində “deşici və kəsici alətlər” olub.
https://www.youtube.com/watch?v=ldR_b42JHsU
Polis aksiyanı dağıdıb, amma iki polis zabiti – polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov qətlə yetirilib. 40 nəfər etirazçı polis tərəfindən saxlanılıb.
DİN xəbər verir ki, aksiyada radikal islamçılar iştirak edib və ümumilikdə Vəliyevə qarşı sui-qəsdi isə “ölkədə xaos yaratmaq, dövlət çevrilişi etmək və Azərbaycanı islam dövlətinə çevirmək” cəhdi hesab edir.
Gəncə sakininin JAMnews-a bildirdiyinə görə, bu gün şəhərdə sakitlikdir.
Vəliyevə qarşı sui-qəsd hakimiyyətin ciddi reaksiyasına və cəmiyyətdə rezonansa səbəb olub.
Nəticələr:
– Səfərovun özündən başqa 11 nəfər həbs edilib. Hələ ki, onların nədə ittiham olunduğu bəlli deyil;
– 17 bloger və soosial şəbəkə istifadəçisi “qanunsuz çağırışlara” görə cinayət və inzibati məsuliyyətə cəlb olunub;
– Dörd sayt (bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az) bloklanıb, onların redaktorlarına qarşı dezinformasiya ittihamı ilə cinayət işi qaldırılıb. Bununla belə bastainfo.com saytından bildirilib ki, onlar sadəcə digər agentliklərin bu işlə bağlı yaydıqları xəbərləri öz səhifələrində yerləşdiriblər və Səfərovu müdafiə etməyiblər
Bu aksiyanı müzakirə edərkən sosial şəbəkələrdə çoxları (məsələn, müxalif jurnalist Xədicə İsmayıl ) onunla Bakı yaxınlığındakı Nardaran qəsəbəsində baş verən iğtişaşları müqayisə edir. 2015-ci ildə orada da islam hərəkatının üzvləri ilə polis arasında toqquşma baş vermişdi. Altı nəfər həlak olmuşdu, bu dəfə olduğu kimi həmin vaxt da ölənlərdən ikisi polis əməkdaşı idi. Bu hadisəyə qədər Azərbaycanda ənənəvi olaraq “radikal islam yuvası” hesab edilən qəsəbəyə hələ də polis kordonlarını keçərək daxil olmaq mümkündür və oradakı vəziyyətə hakimiyyət sərt nəzarət edir.