Azərbaycanda çörək 30 faiz bahalaşıb
Yeni ilin ilk günlərində Azərbaycanda əsas hadisə un və çörəyin bahalaşması olub. Bir kisə un və çörəyin qiyməti 30 faiz qalxıb. İstehsalçılar kəskin bahalaşmanı bütün dünyada unun qiymətinin qalxması ilə izah edirlər, ekspertlər isə qiymətlərin daha da yüksələcəyini proqnozlaşdırırlar.
- Türkiyə lirəsinin ucuzlaşması: səbəblər iqtisadidir, yoxsa siyasi?
- Azərbaycanda qaz və elektrik bahalaşır
- Ermənistanda həyat bahalaşır: statistika komitəsinin hesablamaları
Yanvarın 3-də sosial şəbəkələrin Azərbaycan seqmentində unun bahalaşması haqda məlumat yayılıb. Beləliklə, 50 kiloqramlıq un kisəsinin qiyməti 10 manata [$5,88] yüksəlib. Artıq axşam istifadəçilər üzərində yeni qiymətlər olan un kisələrinin və kassa çeklərinin şəkillərini paylaşmağa başlayıb. Buna qədər 28 manata [$16,47] olan un kisələri artıq 38 manata [$22,35] satılmağa başlayıb.
Səhəri gün, yanvarın 4-də çörəyin qiyməti qalxıb. 650 qramlıq “zavod” çörəyi 0,65 matana [$0,38] satılmağa başlayıb. Buna qədər onun qiyməti 0,5 manat idi [$0,29]. Qiymət artımı 30 faiz təşkil edib.
Çörək istehsalçılarının müraciəti
“Məlum olduğu kimi, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVİD-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib”, – un və çörək istehsalçılarının Azərbaycan xalqına müraciətində deyilir.
Onların sözlərinə görə, Azərbaycana ərzaqlıq buğdanın idxalı əsasən Rusiyadan həyata keçirildiyi üçün Rusiya bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. “Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiya da ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub”, – Azərbaycanın un və çörək istehsalçıları qeyd ediblər.
“Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək [$21,17] arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik [$0,06 – 0,09] artması ehtimal olunur”, – istehsalçılar müraciətlərini yekunlaşdırıblar.
Dövlət qiymət artımına yol verməməyə çalışıb
Son iki il müddətində dövlət Azərbaycanda çörəyin qiymətinin artmasına yol verməməyə çalışıb. Bunun üçün bir sıra addımlar atılıb.
Beləliklə, 2020-ci ilin martlndan hökumət buğda idxalçılarına subsidiya olaraq 6,2 milyon manat [$3,6 mln] ayırıb. Bundan başqa, ölkəyə buğda təchizatçıları 58,2 milyon manat [$34,2 mln] həcmində güzəştli kredit alıblar. Bu maddi yardımın məqsədi Azərbaycanda kifayət qədər buğda ehtiyatı yaratmaq olub.
2021-ci ildə buğda idxalçıları üçün subsidiya müddəti 12 aydan 24 aya qədər uzadılıb. Un istehsalı və satışı 2024-cü il yanvarın 1-ə qədər ƏDV-dən azad edilib. Un ixracında bir tona görə 200 ABŞ dolları həcmində gömrük vergisi tətbiq edilib. Müqayisə üçün Rusiyada həmin həcmdə buğda üçün gömrük vergisi 100 Amerika dollarıdır.
Amma bu tədbirlər yetərli olmayıb.
Ekspert şərhi
Müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri, iqtisadçı Natiq Cəfərlinin fikrincə, bütün dünyada buxda və taxılın qiymətində ciddi artım baş verib. Ancaq son bir ayda dünya bazarında buğdanın bir tonu 340 ABŞ dollarına qədər bahalaşıb.
“Buğda, taxil istehsal etmək çətindirmi? Xeyir, çətin deyil, insan övladı 10 min ildir ki, buğda, dənli bitkiləri əkib-becərir.
Azərbaycanın taxıla olan təlabatı nə qədərdir, bunun nə qədərini ərzaq buğdası təşkil edir? Ölkəmizi bir illik təmin etmək üçün 4 mln. tona yaxın dənli bitkilər, o cümlədən də 1,8 mln. ton ərzaq buğdası lazımdır.
Ölkə nə qədər taxıl istehsal edir və özümüzə bəs edirmi? Ölkədə son illər, təqribən, ilə 1 mln. 850 min ton taxıl istehsal olunur, amma bu həcm ərzaq buğdası deyil, keyfiyyətsizdir, əsasən, mal-qara üçün yem kimi istifadə olunur. Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30%-ni ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də, Rusiyadan alırıq,
Yaxşı, insan övladı Mesopotamiyadan üzü bəri 10 min ildir buğdanı əhliləşdirib ərzaq halına salıb, bəs bizimkilər 21-ci əsrdə niyə ərzaqlıq buğda istehsal edə bilmirlər? Çünki, elm yox, seleksiya yox, suvarma üçün su qıt, toxumçuluq və kübrə siyasəti zaydır, dotasiya mexanizmləri işlək deyil və ən əsası, investorlara ögey münasibət, onların da hökumətə güvənsizliyi var.
Gələk istehlakımıza. İnsanlarımız kasıb olduğundan (lazım olan kalorini ucuz olan çörəkdən alırıq), həm də ənənələrimizdə çörək önəmli yer tutduğu üçün böyük həcmdə çörək istehlak edirik.
Dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir – ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir.
Azərbaycanda 2020-ci ildə 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub – bu adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Bu məsələyə də yenidən baxmalıyıq, imkan daxilində çörək istehlakını azaltmalıyıq, amma çörək istehlakının azalması insanların rifah halının yüksəlməsi ilə düz mütanasibdir.
Beləliklə, sadə sual-cavabla aydın oldu ki, bu hökumət insanlığın 10 min il əvvəl həll etməyə başladığı və böyük nailiyyətlər əldə etdiyi problemi hələ də çözə bilməyib. Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq, istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini görəcəyik. Amma problem tək dünyada qiymət artımı deyil (bəli, bunun təsiri var, olacaq da), əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir”, — Cəfərli Facebook səhifəsində yazıb.