“Azərbaycanda bütün millətlər bərabər hüquqa malikdir, o cümlədən də ermənilər”
“Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil”, – Azərbaycan prezidenti İlham Əliyev Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi haqda danışarkən bildirib. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq”, – o qeyd edib.
- İlham Əliyev: “Biz sərhədləri müəyyən ediriksə, DQ-nın hansı statusundan söhbət gedə bilər?”
- Bakı və Yerevan arasında danışıqlardakı vasitəçilik uğrunda Brüssel və Moskvanın mübarizəsi – şərhlər
- İlham Əliyev: “Biz sərhədləri müəyyən ediriksə, DQ-nın hansı statusundan söhbət gedə bilər?”
İyunun 16-da Azərbaycanın paytaxtında “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində nitqlə çıxış edib.
Cənubi Qafqazda sülh və stabillik haqda
Əliyev bildirib ki, Qarabağ probleminin həlli regionda təhlükəsizlik və sülh üçün yaxşı fürsətdir.
“Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi.
İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir.
Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir.
Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır”, – Azərbaycan prezidenti qeyd edib.
Ermənistanla sülh sazişi haqda
Ermənistanla münasibətlərin normallaşdırılması haqda danışdığı zaman Əliyev rəsmi Bakının Yerevana təklif etdiyi beş prinsip mövzusuna toxunub:
“Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik. Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır.
Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır”.
Sərhədlərin delimitasiyası haqda
Azərbaycan liderinin sözlərinə görə, ölkə sərhədlərin delimitasiyasına başlamaqla bağlı öz təkliflərini edib:
“Sərhədimizin ən böyük hissəsi də işğal altında idi və orada heç vaxt delimitasiya aparılmamışdır. Buna görə də bu proses də başlanılıb və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutmuşdur. Hər iki tərəfin sərhəddə görüşməsi də rəmzi xarakter daşıyırdı. Bu, həmçinin bu məsələdə irəliləyişin olacağına dair mühüm mesaj idi.
Əlbəttə ki, biz bu yolun uzun olduğunu anlayırıq, lakin bu proses artıq başlayıb”.
Kommunikasiyaların açılması haqda
“Eyni zamanda, biz kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl edəcəyini gözləyirik”, – Əliyev deyib.
Onun sözlərinə görə, burada əsas hədəf Azərbaycanın əsas hissəsi ilə eksklavı – Naxçıvan Muxtar Respublikası arasında quru yolunun açılmasıdır:
“Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin, əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir.
Birincisi, bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda sanki bir disbalans yaradır. Çünki eyni Bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü.
Beləliklə, bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq”.
Azərbaycanda yaşayan ermənilərin hüquqları haqda
Prezident Əliyev vurğulayıb ki, Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə baş tutmuş üçtərəfli görüşünün nəticələrinə dair Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən yayılmış bəyanatda Qarabağda yaşayan erməni əhalisinin də hüquqlarının və təhlükəsizliyinin nəzərə alınacağı aydın şəkildə deyilir:
“Biz bunu tam şəkildə dəstəkləyirik. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil.
Yəni, bizim Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri bərabər hüquqa malikdir, o cümlədən illər boyu Azərbaycanda yaşayan ermənilər. Bəli, hüquqlar və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək.
Lakin, təəssüflər olsun ki, biz Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq”.
Ərazi bütövlüyünün tanınması haqda
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var”, – İlham Əliyev bəyan edib.
“Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub.
Bu yanaşma çıxılmaz vəziyyətə gətirib çıxaracaq və hesab edirəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir”, – o əlavə edib.