Azərbaycanda bir neçə universitetdə təhsil haqqı qaldırılıb
Azərbaycanın bir sıra dövlət və özəl universitetləri tədris ilinin başlanmasına təqribən bir ay qalmış pullu şöbələrdə təhsil haqqının qalxdığını elan edib.
Bu qərar Dövlət İmtahan Komissiyasının rəsmi nəşri olan “Abituriyent” jurnalının iyul nömrəsində dərc olunub.
Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində təhsil haqqı illik 3800 manatdan 4300 manata qalxıb (2235 ABŞ dollarından 2530 dollara). Xəzər Universitetində qiymətlər fakültədən asılı olaraq illik 4500-5000 manata (2647-2941 dollar) qədər yüksəlib.
Arayış üçün: qonşu Türkiyədə bəzi universitetlərin analoji fakültələrində təhsil haqqı 500 dolları keçmir.
Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov dövlət və özəl universitetlərdə, həmçinin paytaxt və regionlarda təhsil haqqı həcmlərinin bir-birinə uyğun gəlmədiyini qeyd edib. “Bəzi dövlət universitetlərində təhsil haqqı 4 min manat olaraq təyin edilib, amma eni ixtisas üzrə digər universitetdə təhsil haqqı 2 min manatdır, regionlarda isə 1500 manat. Dövlət universitetləri arasında eyni ixtisas üzrə təhsil haqqının fərqi 10 faizi, dövlət və özəllər arasında isə 30 faizi aşmamalıdır. Amma Azərbaycanda bu qayda adətən pozulur”, – Əsədov contact.az saytına bildirib.
“Bizim universitetlər xarici tələbələri cəlb edə bilmir. Türkiyədə 230 universitet var, bu universitetlərdəki xarici tələbələrin sayı 800 mini aşır. Cəmi üç universitetin olduğu Sinqapurda əcnəbi tələbələrin sayı 80 min nəfərə çatır. ABŞ-da əcnəbi tələbələr 10 milyon nəfərdən ibarətdir və universitetlərin dövlət büdcəsinə ödədiyi vəsait 6 milyard dollardan çoxdur. Azərbaycanda isə 54 ali məktəb var, onlarda cəmi 4 min əcnəbi tələbə təhsil alır”, – Əsədov deyir.
Ekspertin fikrincə, yüksək qiymətlər ağır nəticələrə gətirib çıxaracaq. “Azərbaycanda oxumaqdansa bu pulla abituriyentlər təhsil üçün qonşu Türkiyəyə getməyə üstünlük verirlər. Ucuz və keyfiyyətli. Ən sonda da bu, gənclərin ölkədən kütləvi axınına səbəb olacaq. Ancaq Türkiyədə 15 min azərbaycanlı tələbə təhsil alır. Rusiya və Ukrayna universitetlərində azərbaycanlı tələbələrin sayı 24 mini keçir. Bu 40 min tələbənin hərəsinə orta hesabla min manat göndərildiyini nəzərə alsaq nə qədər vəsaitin ölkədən getdiyini təsəvvür edin. EÜstəlik bu tələbələrin təhsildən sonra geri qayıdacağının da zəmanəti yoxdur. Buna görə də universitetlərdə təhsil haqqını ucuzlaşdırmaq, əcnəbi tələbə cəlb etmək lazımdır”, – K. Əsədov əlavə edib.