Azərbaycan Yeni ili yeni ümidlərlə qarşılayır – FOTO/VİDEO
Bu il Azərbaycan paytaxtında Yeni il öncəsi ajiotaj bütün gözləntiləri aşıb. Bakının hər tərəfində uzun tıxaclar yaranıb, bütün mərkəzi küçələr insanla doludur. Bakılılar və şəhərin qonaqları, deyəsən, Yeni ili bir neçə gün dalbadal qeyd etmək qərarına gəliblər.
Azərbaycanda bu dəfə Yeni il tətili 5 gün davam edəcək – dekabrın 31-dən yanvarın 5-ə qədər.
Dekabrın 31-də ölkədə həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü də qeyd olunur. Həmin gün də rəsmi olaraq qeyri-iş günüdür.
JAMnews əməkdaşları bəzi Bakı sakinləri ilə söhbətləşib, onların ötən illə bağlı təəssüratlarını və yeni gələn 2022-ci illə bağlı gözləntilərini dinləyiblər.
Aysel Xankişiyeva:
“Ötən il yadımda hamının bezdiyi pandemiyanın davam etməsi ilə qalıb. Amma xoşbəxt məqamlar da olub. Toy eləməyə icazə verdilər və mən bir neçə toyda oldum. Ümumilikdə bu ili o qədər də uğurlu adlandırmazdım.
2022-ci ildən pandemiyanın bitməsini və hamının darıxdığı normal həyata qayıtmağı gözləyirəm”.
Tapdıq Bağırov:
“Bütün yaşanmış illər gözəldir və özünə görə əlamətdardır. Düşünürəm ki, pis hadisələri yadda saxlamaq lazım deyil, onsuz da bizim nəslin həyatı yağ-bal deyil.
Yeni ildən arzularımın yerinə yetməsini gözləyirəm. Ümid edirəm ki, öz sevgimə rast gələcəm və 2022-ci il bütün ömrüm boyu yadımda qalacaq bir il olacaq”.
Svetlana Əliyeva:
“Ötən 2021-ci ildə qızım məktəbə gedib. Bu yəqin ki, həyatımın ən gözəl hadisəsi olub.
Yeni ildən ancaq gözəl xəbərlər, hadisələr və əsl xoşbəxtlik gözləyirəm, həm özüm üçün, həm də bütün xalqımız üçün”.
Ramin Kazımov:
“Nə deyim? Müharibədən sonrakı il idi, hamımız üçün bir qədər ağır keçdi. İqtisadiyyat sevindirmir, dövlətin çoxlu qayğısı var – azad edilmiş ərazilərin bərpa olunması, şəhərlərin və kəndlərin inşası. Bütün bunlar asan deyil, amma xalqı da unutmaq olmaz.
Ümid edirəm ki, Yeni ildə hər şey az da olsa, daha yaxşı olacaq”.