Azərbaycan XİN rəhbərinin Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanatı Ermənistanda rezonans doğurub
Azərbaycanın xarici işlər nazirinin Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı danışıqlar prosesində qarşılıqlı anlayışın əldə olunduğuna dair bəyanatı Ermənistanda müzakirə mövzusuna çevrilib. Ekspertlər və sosial şəbəkə istifadəçiləri Elmar Məmmədyarovun nə demək istədiyini təxmin etməyə çalışıblar.
Məmmədyarov konkret nə deyib?
Elmar Məmmədyarov bildirib ki, Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini yerinə yetirən Zohrab Mnatsakanyanla dekabrın 5-də Milanda baş tutan görüşü Qarabağ münaqişəsinin nizamlanması məsələsində qarşılıqlı anlayışın əldə olunmasına imkan verib.
“Hesab edirəm ki, erməni həmkarımla Milandakı son görüşdə uzun zamandan bəri ilk dəfə qarşılıqlı anlayış əldə etdik”.
Elmar Məmmədyarov həmçinin 2019-cu ilin yanvarında erməni həmkarı ilə növbəti görüşünün baş tutacağını da bildirib.
“Zamanın böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına sərf etmişəm. Bu, gələn ilin əsas hədəfi olacaq. Əsas məqsəd hiss olunacaq nəticələrin əldə edilməsidir”.
Rəsmi Yerevanın reaksiyası
Elmar Məmmədyarovun bəyanatını Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan şərh edib. O vurğulayıb ki, söhbət Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatı ilə bağlı əldə olunmuş razılaşmadan gedir:
“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Milanda ATƏT-in Nazirlər Şurası çərçivəsində baş tutan görüşü zamanı əldə olunan razılaşmalar Ermənistan XİN-i tərəfindən açıqlanıb”.
Bəyanatda nə deyilir?
Qısaca və ən vacib məqamlar haqda danışsaq, o zaman bəyanatda göstərilib:
- Danışıqlarda iştirak edən bütün tərəflər uzunmüddətli sülhün əldə edilməsi məqsədilə işi davam etdirmək haqda razılığa gəliblər.
- Həmsədr ölkələr sentyabrda Düşənbədə MDB sammiti müstəvisində Ermənistan və Azərbaycan liderlərinin söhbətindən sonra atəşkəsin pozulması halları və yeni qurbanlar haqda məlumatların azaldığı faktını alqışlayıblar.
- Həmsədrlər tərəfləri öz ölkələrinin əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırıblar.
- Həmsədr ölkələr yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında ən yüksək səviyyədə nizamlama ilə bağlı intensiv dialoqun bərpa olunacağına ümid edirlər.
- XİN rəhbərlərinin növbəti görüşü 2019-cu ilin əvvəlində ATƏT-in Minnsk Qrupunun rəhbəriyi altında baş tutacaq və yüksək səviyyədə gələcək danışıqlar üçün şəraitin yaradılması məqsədi daşıyacaq.
Ermənistanda sosial şəbəkələrin reaksiyası
Bəzi sosial şəbəkə istifadəçiləri Qarabağ münaqişəsinin nizamlanması məsələsində Yerevan və Bakının hansısa razılıq əldə etdiyi qənaətinə gəliblər.
Facebook istifadəçilərindən biri yazıb:
“Bizim hər hansı əraziləri verməyimiz mümkün deyil. Bircə santimetr də”.
Digəri əlavə edib:
“Ola bilər ki, Azərbaycan Qarabağın müstəqilliyini tanıyacaq və Qarabağ ətrafındakı rayonları geri tələb edəcək. Bizim cavabımız necə olacaq? Əminəm ki, Paşinyanın öz xalqından gislədəsi heç nə yoxdur”.
Erməni ekspertin rəyi
Yerevan press-klubunun sədri Boris Navasardyan qeyd edib ki, Məmmədyarovun bəyanatı Ermənistan tərəfinə təzyiq göstərmək xarakteri daşıyır:
“Düşünmürəm ki, Azərbaycan Ermənistan hakimiyyıtindən Qarabağ məsələsində kəskin dəyişikliklər gözləyə bilər. Çünki bizim mövqeyimiz aydındır: problem haqda o zaman danışmağa başlayacağıq ki, Azəərbaycan buna hazır olacaq, o isə hələ hazır deyil. Gələn il bu məsələ ilə bağlı kəskin dəyişiklik yalnız hərbi münaqişənin yenidən başlaması ola bilər. Məsələnin həlli və ya qarşılıqlı güzəştdən xəbər verən heç nə yoxdur”.
Azərbaycanlı ekspertin rəyi
JAMnews-un Bakıdakı siyasi şərhçisi Şahin Rzayev hesab edir ki, Ermənistan mediasında bu qədər rezonans doğurmasaydı, Azərbaycanda Məmmədyarovun sözlərinə çox güman ki, heç fikir də verməzdilər:
“Növbəti görüş, növbəti bəyanat, 25 ildə azı yüz dəfə belə bəyanat olub. Yenilik nədədir? Yəqin ki, Azərbaycan tərəfinin ilk dəfə “qabağa düşməsində” və birinci olaraq əldə edilmiş nəticələr haqda danışmasında, hətta bu sadəcə “qarşılıqlı anlayış” olsa belə. Axı indiyə qədər Azərbaycan KİV-i danışıqların təfərrüatları haqda Ermənistan XİN-in mətbuat katibinin Twitter hesabından xəbər tuturdu, bizim XİN ən yaxşı halda növbəti gün artıq dərc olunmuş informasiyaya reaksiya verirdi.
İndi isə bizim nazirimiz özü ilk olaraq informasiya verib. Əlbəttə, bu təqdirə layiqdir, amma nə baş verdiyini, Azərbaycanı Qarabağla bağlı danışıqlar ətrafında informasiya fonunu gücləndirməyə nəyin vadar etdiyini anlamaq üçün ehtimallar irəli sürmək qalır. Nə Azərbaycanda, nə də Ermənistanda cəmiyyətlər hələlik hər hansı güzəştlə bağlı qərar qəbul etməyə hazır deyil. Odur ki, Məmmədyarovun sözlərini şişirtməyə dəyməz”.