Azərbaycan və Ermənistan münasibətlərində kritik iki ay. Bakıdan təhlil
Münasibətlərdə iki kritik ay
Bakı və Yerevandan səslənən bəyanatlara əsasən, bu ilin sonuna qədər tərəflər sülh müqaviləsi imzalamalı və dövlət sərhədlərinin delimitasiyası, regional kommunikasiyaların açılması məsələlərinə aydınlıq gətirməlidirlər. Tərəflər cəmi iki ay ərzində iki ölkə üçün taleyüklü məsələlərdə razılığa gələ biləcəklərmi? Razılaşma əldə edilməsə nə baş verəcək? Bakıdakı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzindən vəziyyətin təhlili.
- Azərbaycanda media reyestri qeydiyyata başlayıb. Müstəqil jurnalistlərə bunun hansı təsiri olacaq?
- Radiasiya təhlükəsi üzündən Azərbaycanda apteklərdən yod yoxa çıxıb
- Türkiyənin təşəbbüsü dünya üçün son şans ola bilər – Bakıdan şərhlər
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CSSC) növbəti təhlilində hazırda regionda yaranmış vəziyyəti nəzərdən keçirib. 2022-ci ilin sonuna qədər iki aydan bir qədər çox zaman çərçivəsində rəsmi Bakı və Yerevan iki ölkə arasında taleyüklü məsələlər üzrə ümumi fikrə gəlməlidirlər. Hər halda Azərbaycan və Ermənistanın rəsmi şəxsləri bunu bəyan edir.
Sülh müqaviləsi
Praqa sammiti zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla iki görüş arasında Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan telekanallarına müsahibə verib.
Xarici işlər nazirləri tezliklə ikinci dəfə görüşməli, daha sonra isə işçi qruplarla birlikdə üçüncü dəfə görüşərək sülh sazişini razılaşdırana qədər fasiləsiz danışıqlar aparmalıdırlar – Əliyev jurnalistlərə bildirib.
“Bu proseslərin növbəti 2 ay ərzində, yəni ilin sonuna qədər planlaşdırılması sülh sazişi üzrə işlərin intensivləşməsindən xəbər verir”, – CSSC-nin təhlilində deyilir.
Sərhədlərin delimitasiyası
“Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə əsasən, Azərbaycanla Ermənistan arasında 1000 km-dən artıq delimitasiya olunmamış sərhəd var.
Vaşinqtonda aparılan danışıqlar zamanı Azərbaycan tərəfi sərhədlərin “heç bir ön şərt qoyulmadan” və “düzgün metodologiyanın tətbiqi” vasitəsilə aparılmasına vurğu etmişdir.
Azərbaycan tərəfi A.Qriqoryanla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C. Sallivanın iştirakı ilə görüşü zamanı həmçinin Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələləri qaldırdı.
Görüşün nəticələrinə dair sosial şəbəkələrə sızdırılan 27 sentyabr tarixli Vaşinqton razılaşmasına əsasən sərhəd komissiyası tərəfindən aparılan delimitasiya prosesi sülh sazişi ilə parallel aparılmalı və ilin sonuna qədər yekunlaşmalıdır.
Delimitasiya məsələsinin də növbəti iki aya təsadüf etməsi tərəflərin sərhədlərin müəyyən edilməsi üçün artıq müəyyən bir baza prinsipini nəzərdən keçirmələrindən xəbər verir”, – azərbaycanlı analitiklər qeyd edirlər.
Avropa İttifaqı missiyası
“Praqa görüşündə Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasını qəbul etməyə razı olduğunu bildirdi. Azərbaycan mülki missiyanı öz ərazisində qəbul etməsə də, növbəti iki ay ərzində ona aid olduğu dərəcədə missiya ilə əməkdaşlıq edəcəyini bildirmişdir.
Missiya 40 nəfərdən ibarət olacaqdır. Ş.Mişelin bəyanatına görə missiyanın məqsədi tərəflər arasında etimad yaradaraq hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir. Missiya oktyabr ayında başlayıb, maksimum 2 ay davam edəcəkdir.
Böyük ehtimal ki, 2 ay bitdikdən sonra Ermənistan missiyanın müddətini artırmağa cəhd edəcəkdir. Ermənistanın hansı addım atmasından asılı olmayaraq Azərbaycan adı çəkilən missiya ilə cəmi 2 ay müddətində əməkdaşlıq edəcəkdir.
Müşahidə etdiyimiz kimi bu məsələdə də son tarix kimi ilin sonu müəyyən edilmişdir”, – CSSC vurğulayır.
Nəqliyyat və kommunikasiyalar
“Praqada Azərbaycan telekanallarına müsahibəsi zamanı prezident İlham Əliyev Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək avtomobil yolu üçün marşrutu hələ də Azərbaycana təqdim etmədiyini qeyd etdi”.
Azərbaycan Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizi ilə eyni statusda olacaq Zəngəzur dəhlizinin inşasına israr edir – analitiklər yazırlar.
“Ermənistan tərəfindən icra edilmədiyini Azərbaycan prezidenti MDB dövlət başçılarının Astana sammitində xüsusi vurğulamışdır.
Eyni zamanda, dəmir yolu məsələsinin prezident tərəfindən qeyd edilməmıəsi onu göstərir ki, bu məsələ artıq razılaşdırılıb”.
Tərəflər arasında yeni toqquşma ehtimalı
“Beləliklə, Azərbaycanın 5 baza prinsipi əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması 2022-ci ilin sonuna qədər həllini tapmalıdır.
Bu istiqamətlərdə, xüsusilə Ermənistan SQ qalıqlarının Qarabağdan tam çıxarılması məsələsində Azərbaycan hələ ki səbr nümayiş etdirir.
Lakin, növbəti iki ayda proseslər məntiqi sonuna çatmasa, Azərbaycan Qarabağdan başlayaraq bütün istiqamətlər üzrə prezident İlham Əliyev qeyd etdiyi kimi adekvat tədbirlər görməyə başlayacaqdır.
Bu tədbirlərə ilk növbədə Laçın yolunun nəzarətə götürülməsi və Ermənistan tərəfindən işğalı davam etdirilən anklavlar məsələsinin rəsmi qaydada qaldırılması aid ola bilər”, – CSSC qeyd edib.