Azərbaycan və digər Xəzəryanı ölkələr, nəhayət, dəniz “konstitusiyasını” imzaladılar. Buna 20 il getdi.
“Xəzər beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan) Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanı imzalayıblar. Bu, avqustun 12-də iki onillik davam edən müzakirələrdən sonra Qazaxıstanın Aktau şəhərindəki sammitdə baş verib. Əsas problem Xəzərin dibində olan təxminən 8 trilyon dollarlıq zəngin neft yataqları idi. Eyni zamanda, Xəzərin dəniz, yaxud göl olması məsələsini həll edə bilmirdilər. Nəhayət, onu sadəcə “sututarı” adlandırmağa qərar verdilər.
Ekspertlərin Xəzərin “konstitusiyası” adlandırdıqları Yeni konvensiyaya əsasən, onun səthi ümumi istifadədə qalır, dibi və altı isə ölkələr arasında razılaşmaya görə, beş hissəyə bölünür. Həmçinin ölkələr birgə olaraq gəmiçilik, balıqçılıq, elmi tədqiqatlar və magistral boru kəmərlərinin çəkilişi qaydalarını razılaşdırırlar.
Hər şeydən əlavə, konvensiya regional sayılmayan dövlətlərin silahlı qüvvələrinin Xəzərə buraxılmasını qadağan edir. Beynəlxalq ekspertlər bunu Moskvanın strateji qələbəsi hesab edirlər, çünki bununla da, regionda Rusiyanın əsas rəqibi olan, Avropaya tranzit yollarına nəzarət etməyə çalışan Çinin yolu bağlanır.
«Rusiya bu bölüşdürülmənin əsas hərəkətverici qüvvəsi idi. Bircə o maraqlıdır ki, Moskva nəyi qurban verib. Təhlükəsizlik baxımından, o qalib gəlib” – “Verisk Maplecroft” şirkətinin analitiki Kamilla Hagelund deyir.
İndiyə kimi Xəzərin dibinin bölüşdürülməsinin ən qatı əleyhdarları kimi İran və Türkmənistan çıxış edirdilər. Hərçənd, İran prezidenti Həsən Ruhani indi də qəbul edilmiş qərardan xoşhal deyil və hesab edir ki, sərhədlər üzrə danışıqlar davam etdirilməlidir.
«Fikrimizcə, Xəzər üzrə imzalanması güman edilən konvensiya dənizdə hüdud xətlərini yekun olaraq müəyyən etmir, tərəflər arasında danışıqlar davam etməlidir. Bununla bağlı ayrıca razılaşma lazım olacaq”.