ABŞ səfirliyi Amerika universitetlərinin azərbaycanlı məzunları ilə görüşü təxirə salıb
Azərbaycan və ABŞ arasında gərginlik
Azərbaycanla ABŞ arasında gərginlik səngimir. ABŞ səfirliyi Amerika universitetlərinin azərbaycanlı məzunları ilə Bakıda keçirilməsi nəzərdə tutulan görüşü təxirə salıb. Bu, hökumətyönlü mediada sözügedən görüşün əslində “ABŞ agentlərinin Azərbaycanda toplantısı” olması barədə xəbərlərin yayılması fonunda baş verib.
- Torpaq var, pay yox. Pay torpaqları Azərbaycanda işsizliyin real səviyyəsini gizlətməyə necə imkan verir
- “Abzas Media”nın daha bir əməkdaşı həbs edilib
- Azərbaycanda son 5 ildə rus sektorunda uşaqların sayı 50 min nəfər artıb
ABŞ səfirliyi Amerika universitetlərinin məzunları ilə noyabrın 27-də Bakıda “Marriott Absheron” otelində keçirilməsi planlaşdırılan təntənəli görüşü təxirə saldığını elan edib. Bu, “Baku TV” və “Qafqazinfo” kimi hökumətyönlü resurslarda səfirliyin “məzun görüşü” adı altında “ABŞ-da təhsil alarkən Amerika agenti kimi fəaliyyətə cəlb edilmiş” şəxslərlə, yəni “casus şəbəkəsi” ilə toplantı təşkil etməsi barədə xəbərlərdən sonra baş verib.
ABŞ-ın Bakıdakı səfirliyindən bu ittihamlara belə cavab verilib:
“Səfirlik iki qabaqcıl təhsil və mədəni mübadilə proqramımızın yubileylərini qeyd etməyi, həmçinin ABŞ-da təhsil almış azərbaycanlı məzunlar icmasının nailiyyətlərini və onların öz icmalarına töhfələrini vurğulamağı səbirsizliklə gözləyirdi.
Bu yubileylər səfirliyin hər il ev sahibliyi etdiyi məzunlar tədbirini bu il daha da xüsusi etdi. Hökumət, təhsil, qeyri-kommersiya və özəl sektorlar da daxil olmaqla, müxtəlif sahələrdən 400-dən çox qonağın iştirakı gözlənilirdi. Tədbiri tezliklə yenidən planlaşdırmağı gözləyirik”, – ABŞ səfirliyinin sözçüsü Vanessa Zenjinin “Amerikanın səsi”nə bildirib.
Azərbaycanın bəzi ictimai-siyasi xadimləri yerli mediada dərc edilən ittihamların əsassız olduğu qənaətindədir.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantı olmuş təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, “ABŞ-ın dünyanın hər yerində agentləri var, o cümlədən Azərbaycanda da olması mümkündür, amma agentlərlə görüş bir qayda olaraq məxvi olur və əvvəlcədən görüş barədə mətbuata elan verilmir”.
“Ümumiyyətlə isə şəbəkə üzvləri bir-birilərini tanımaması üçün, hətta iki agentlə eyni vaxtda eyni məkanda görüş keçirilməz”, – deyə o qeyd edib.
Təhlilçi həmçinin bildirib ki, əgər görüşüləcək şəxslərin agent olduqları barədə əsaslı şübhələr varsa, təcili bu şəxslər vətənə xəyanət maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalı və bunu bilənlər mətbuata deyil, xüsusi xidmət orqanına müraciət etməlidir.
“ABŞ-ı tənqid etmək, onun qərəzli mövqeyinə sərt cavab vermək və ikili standartlar sərgilədiyinə görə faktlarla ifşa etmək olar və lazımdır, amma belə qeyri-peşəkar yanaşma əks effekt yaradır”, – o deyib.