“Hər şey keçir, amma izi qalır”. Politoloq Azərbaycan və ABŞ arasındakı gərginlik haqda
Azərbaycan və ABŞ arasında gərginlik
Azərbaycanla ABŞ arasında gərginlik artır. Bakıda, artıq prezidentin köməkçisi səviyyəsində USAID-in ölkədə fəaliyyətinin qeyri-mümkün olduğunu bəyan ediblər. Bu, rəsmi Bakının Vaşinqtonun Azərbaycan əleyhinə addımlarına, xüsusən də Amerikanın Azərbaycana hər hansı yardımını qadağan edən 907-ci düzəlişin bərpasına cavabdır.
Azərbaycanlı politoloq Fərhad Məmmədov Azərbaycanla ABŞ arasında yaranmış gərgin münasibətləri və onların həlli ilə bağlı proqnozları şərh edib.
- “Abzas Media”nın daha bir əməkdaşı həbs edilib
- Azərbaycanda son 5 ildə rus sektorunda uşaqların sayı 50 min nəfər artıb
- “Abzas Media”nın direktoru və baş redaktoru həbs edilib
“Azərbaycanla ABŞ arasındakı münasibətlərdə gərginlik hökm sürür. Görünən odur ki, ABŞ-dakı daxili dinamika Vaşinqtonun Yerevanla Bakı arasındakı vasitəçilik missiyasını məhdudlaşdırıb. Prosesin lap əvvəlindən Amerika diplomatiyası öz yanaşmasında Qarabağ erməniləri mövzusunu önə çəkdi, “Laçın dəhlizi” məsələsini bütləşdirdi, sonda isə Azərbaycan tərəfinin Qarabağda güc tətbiq etməyəcəyinə dair vədlərilə bağlı yalanlar uydurdu.
Buna baxmayaraq, Azərbaycan ABŞ-ın öz mövqeyinə düzəliş etməsi ümidi ilə Vaşinqtona vasitəçilik imkanları yaratdı, lakin daxili dinamika və Amerika tərəfinin yalanları böhrana gətirib çıxardı. Bakı hər zaman bəyan edib ki, Qarabağda Ermənistan silahlı qüvvələrinin mövcudluğu qəbuledilməzdir və onlar ərazini tərk etməlidirlər. Bəyanatlar nəticə vermədikdə isə həmin silahlı qüvvələrin bir qismi məhv edildi, qalıqları isə Qarabağdan qaçaraq bölgədəki erməni əhalini də özüylə apardı”.
ABŞ-ın “Business as usual” prinsipindən imtinası
“ABŞ-ın Azərbaycanla münasibətlərinin həmişəki kimi olmayacağını məhz Vaşinqton tərəfi bəyan edib və bununla da münasibətlərdəki gərginliyin təşəbbüskarı olub. Qarşılıqlı yüksək səviyyəli səfərləri ləğv edən Amerika tərəfi olub. Azərbaycan isə XİN rəhbərinin erməni həmkarı ilə danışıqlar üçün ABŞ-a səfərini ləğv etməklə adekvat reaksiya verib. Azərbaycan danışıqlara razılaşıb, amma Amerikanın mövqeyinə görə görüşdən imtina edib.
Bununla yanaşı, Azərbaycan Prezidentinin Administrasiyası USAİD-lə əməkdaşlığı dayandırmağa çağırış edib və Azərbaycanda ABŞ-ın bu dövlət təsisatının işinə xitam verilməsi mövzusunu gündəmə gətirib. Belə ki, USAİD Vaşinqton-Bakı münasibətləri “Business as usual” (işlər hər zamankı kimi) prinsipilə qiymətləndirilən bir zamanda ölkəmizdə fəaliyyət göstərib və əgər ABŞ bu prinsipindən imtina edirsə, o zaman USAİD-in Azərbaycandakı fəaliyyəti artıq sual altına düşür. Bu, məntiqli və ədalətlidir.
ABŞ-da Azərbaycanın bu təşəbbüsü ehtiyatla qarşılanır”.
“Hər şey keçir, bu da keçəcək”, amma izi qalacaq
Süleyman peyğəmbərin üzüyünə həkk olunmuş bu fikir Amerika-Azərbaycan münasibətlərini mövcud olduğu bütün dövrü üzrə xarakterizə edir. Axı bu, ilk dəfə deyil ki, münasibətlər “Business as usual” vəziyyətindən “Business as unusual” vəziyyətinə keçir. Sonda hər şey yenə “usual” vəziyyətinə qayıdır, çünki “usual” olmasa, onda bu münasibətləri “unusual” vəziyyətə gətirmək mümkün olmaz. Bir qədər mürəkkəb olsa da, reallıq belədir.
Səbirli olmaq və prinsiplərimizdən geri çəkilməmək vacibdir. Azərbaycan diplomatiyası məhz belə uğur qazanır.
USAİD-in bağlanması ilə bağlı hələ qərar yoxdur, bu isə o deməkdir ki, Bakı Vaşinqtondan öz mövqeyinə aydınlıq gətirməsini gözləyir. İranla münasibətlər pisləşəndə İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəliyi və İranın mədəniyyət mərkəzi bağlanıb. Azərbaycan səfirliyi Tehrandakı fəaliyyətini bərpa etmədiyi kimi, bu təsisatların ölkəmizdəki işi də bərpa olunmayıb. Azərbaycanın İrandakı səfirinin Tehrana qayıtmasından sonra belə İran strukturlarının ölkəmizdə fəaliyyətini bərpa edəcəyi dəqiq deyil. Çünki münasibətlərdəki gərginlik zamanla keçsə də, izi qalır.
USAİD-lə də belədir. Biz hələ gərginliyin ilkin mərhələsindəyik və çox məsələlər gərginliyi yaradan tərəfdən, yəni ABŞ-dan asılıdır. Əgər nəhayət, USAİD-in bağlanması ilə bağlı qərar qəbul olunarsa, onda Azərbaycan və ABŞ münasibətləri bərpa edildikdən sonra USAID-in Bakıya qayıdacağı dəqiq deyil. Münasibətlər isə bərpa olunacaq, çünki hər şey keçir, bu da keçəcək, amma izi qala bilər”.