Azərbaycan Ukraynaya SU-22 təyyarələri satır? "Daily Express"in iddiaları nə qədər realdır?
Azərbaycan Ukraynaya SU-22 təyyarələri satır?
Britaniyanın “Daily Express” nəşri Azərbaycan haqqında yazdığı məqalədə iddia olunub ki, “Rusiyanın keçmiş yaxın müttəfiqi sayılan Azərbaycan gizlicə Ukraynaya SU-22 tipli hərbi təyyarələr satır və eyni zamanda Ukraynaya qaz tədarük edir”.
Media bu xəbəri sensasiya kimi təqdim edərək yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putindən “qisas almaq” üçün belə addımlar atır. Xəbərdə vurğulanıb ki, Bakı ilə Moskva uzun illər müttəfiq olsalar da, son dövrlərdə münasibətlər korlanıb. Bildirilir ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın təsirini azaltmağa çalışır və Türkiyə ilə sıx əlaqələr qurur.
Nəşr yazır ki, Azərbaycan SU-22 qırıcı-bombardmançı təyyarələrini gizli yollarla – Türkiyə, Sudan və Almaniyadan keçən logistika zənciri vasitəsilə Ukraynaya göndərir. Təyyarələr humanitar yardım adı altında yüklənir və əvvəllər Rusiya silahlarının daşındığı marşrutlarla göndərilir.
Bundan əlavə, eyni yazıda iddia edilib ki, Azərbaycan Ukraynaya qaz satmağa da başlayıb. Bildirilib ki, Bakı Ukraynaya Trans-Balkan boru kəməri vasitəsilə (əvvəllər Rusiyanın nəzarətində olmuş bir marşrutla) az miqdarda da olsa qaz göndərir. Bu, Ukraynanın Rusiya qazından imtina etdikdən sonra ilk alternativ qaz mənbəyi kimi təqdim olunur.
Məqalədə Azərbaycan arsenalının Sovet və Rusiya istehsalı silahlarla dolu olduğu da qeyd edilir. Nəşr bildirir ki, Azərbaycan öz ehtiyatındakı artilleriya sistemləri, yaylım atəşli reaktiv sistemlər (YARS), zirehli texnikalar, tanklar və hətta Toçka-U qısa mənzilli ballistik raket komplekslərini belə Ukraynaya sata bilər.
Bəs iddialar nə qədər realdır?
“JAMnews”un bu materialında istifadə olunan terminlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Azərbaycanın mövqeyi və iddiaların təkzibi
Azərbaycanın hökümətyönlü mənbələri, o cümlədən “Minval” xəbər portalı hökumətdəki mənbələrə istinadən yazıb ki, Bakı bu münaqişədə neytrallıq siyasətinə sadiqdir və Ukraynaya yalnız humanitar yardım edir.
“Qalan bütün deyilənlər ucuz trafik üçün fantaziyalardır”.
“Azərbaycan 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladığı vaxtdan bəri öz neytral mövqeyini bəyan edib. Ölkə hər iki tərəfə silah göndərməyəcəyini bildirib”.
Rəsmi məlumata görə, indiyədək Bakı Ukraynaya yalnız dərman, ərzaq, enerji təchizatı kimi humanitar yardımlar göndərib və bunu açıq şəkildə həyata keçirib.
Hökümətyönlü “Caliber” nəşri yazır ki, Azərbaycan Ukraynaya cüzi həcmdə təbii qaz ixracını da rəsmi olaraq təsdiqləyib və bu, Trans-Balkan boru kəməri vasitəsilə reallaşdırılır. Yəni “gizli qaz alveri” yoxdur; əksinə, bütün bu enerji əməkdaşlığı rəsmi sənədlərlə aparılır.
Beləliklə, Azərbaycan birbaşa olmasa da, dolayı mənbələrlə “Daily Express”in yaydığı xəbəri qəti şəkildə yalanlayaraq, “bu tip informasiyaların ölkəni münaqişəyə cəlb etmək cəhdlərindən başqa bir şey olmadığını” bildiriblər.
“Caliber”: “Heç bir dəlil ortaya qoyulmayıb”
Açıq mənbələrdəki məlumatlara əsasən, Azərbaycan 2000-ci illərin əvvəllərində isə bu köhnəlmiş “Fitter” (SU-17/22) təyyarələrinin tamamilə silahlanmadan çıxarılıb. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviaparkı əsasən MiQ-29 qırıcıları, Su-25 hücum təyyarələri və yeni alınması planlaşdırılan JF-17 qırıcıları kimi təyyarələrdən ibarətdir. Yəni köhnə Sovet dövrünə aid SU-22-lərin gizlicə Ukraynaya göndərilməsi iddiası hərbi-texniki baxımdan şübhəlidir.
Hökümətyönlü “Caliber” “Daily Express”in məqaləsini təhlil edərək qeyd edir ki, yazıda heç bir konkret sübut – nə foto, nə sənəd, nə də uçuş qeydləri təqdim olunmayıb.
“Məqalədə yalnız “mənbəmizin bildirdiyinə görə” formatında ittiham irəli sürülüb”.
Nəşr yazır ki, belə böyük həcmli silah transferini (xüsusən də döyüş təyyarələrini) gizli saxlamaq qeyri-mümkündür.
“Regionun təhlükəsizlik arxitekturasını az-çox bilən hər kəs anlayır ki, əgər Azərbaycan doğrudan da Ukraynaya hərbi texnika göndərsəydi, Moskvanın reaksiyası dərhal və sərt olardı.
Rusiya kəşfiyyatı münaqişə zonasına yönələn silah hərəkətini daimi izləyir. Bu şəraitdə təkcə kiçik bir silah partiyasını yox, hətta bir neçə döyüş təyyarəsini belə gizli göndərmək mümkünsüzdür”.
“News.az”: “Əvvəllər də bənzər məlumatlar yaymağa çalışıblar”
Digər bir hökümətyönlü nəşr, “News.az” “bu cür sensasiyalı iddiaların adətən informasiya müharibəsinin tərkib hissəsi olduğunu” bildirir.
“Azərbaycanın Ukraynaya silah verməsi barədə söz-söhbətlər bölgədə gərginlik artan hər dövrdə üzə çıxarılır. Rus və erməni mediası əvvəllər də buna bənzər məlumatlar yaymağa çalışıb. 2022-ci ilin iyununda – Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya və Ermənistan sosial şəbəkələrində Azərbaycanın Ukraynaya aviasiya bombaları göndərdiyinə dair iddialar ortaya atılmışdı.
Həmin vaxt “Wings of War” adlı rus telegram-kanalı və İraqın “Sabereen News” kanalı “Meridian” adlı Ukrayna aviaşirkətinin Sudanının Xartum şəhərindən Polşaya uçuşlarla Azərbaycan mənşəli bombalar daşıdığını iddia edirdi. Bu xəbərlər də sonradan rəsmi təsdiqini tapmadı və Azərbaycanın özü tərəfindən təkzib olundu.
Mütəxəssislər qeyd edir ki, həmin iddialar müəyyən qism həqiqətə yaxın olsa da (məsələn, Azərbaycanda istehsal olunmuş QFAB-250 LG tipli aviasiya bombalarının Ukraynaya gedib-getmədiyi müzakirə edilir), bütövlükdə məsələ çox şişirdilib və kontekstdən çıxarılıb.
Hətta həmin vaxt Ukrayna ordusunun istifadə etdiyi Azərbaycan istehsalı 20N5 markalı 82 mm-lik minaatanların fotoları yayıldıqda belə, obyektiv şərh verənlər bildiririblər ki, bu silahlar birbaşa Bakıdan yox, üçüncü bir ölkədən Ukraynaya gedə bilərdi”.
Təyyarələrin Sudan, Türkiyə və Almaniya vasitəsilə daşınması nə dərəcədə realdır?
“Daily Express”in versiyasına görə, SU-22 təyyarələri birbaşa Azərbaycandan Ukraynaya göndərilməyib, əksinə dolayı marşrut seçilib. Bildirilir ki, təyyarələr sökülərək əvvəlcə Azərbaycandan Türkiyəyə, oradan Sudana, ən sonda isə Almaniyaya çatdırılıb və Almaniyadan Ukraynaya ötürülüb.
Logistika və gömrük prosedurları baxımından bu senari necə mümkün ola bilər?
İstənilən hərbi təyinatlı yükün üç müxtəlif regiondan keçərək daşınması son dərəcə çətin planlaşdırılan əməliyyatdır.
Hər ölkədə hava məkanı və yük gömrüyü nəzarəti var. Xüsusən də Avropa İttifaqı ölkəsi olan Almaniyada bu cür şübhəli yüklərin aşkar olunmadan tranzit keçməsi real deyil.
Humanitar yardım adı altında daşıma versiyasına gəlincə, bu da praktik olaraq mümkün görünmür. Hər bir humanitar yük sənədlərlə rəsmiləşdirilir, tərkibi bəyan edilir.
Döyüş təyyarələri isə nə qədər sökülsə də, həcmli və ağır yüklərdir, onları yük təyyarələri və ya konteyner gəmiləri ilə daşımaq lazımdır. Belə böyük komponentlər xüsusi icazələr və sənədlər olmadan sərhədlərdən keçə bilməz.
Təyyarələrin humanitar yük adıyla göndərilməsi texniki cəhətdən də mümkünsüzdür. Yükün spesifikasiyası, müvafiq sənədlər və beynəlxalq logistika qaydaları bunu gizlincə həyata keçirməyə imkan vermir. Yəni, bir ölkədən digərinə bu cür iri həcmli hərbi yük daşınırsa, mütləq iz qoyur.
“Daily Express” niyə məhz Sudandan bəhs edir?
Bunun iddianın fonunda 2022-ci ildə ortaya çıxan başqa bir hadisə dayanır. Həmin il bir sıra mənbələr Azərbaycanın Ukraynaya aviasiya bombaları göndərdiyini iddia edib. Həmin versiyada da Sudanın adı tranzit ölkə kimi keçib.
İddiaya görə, Azərbaycanın müdafiə sənayesi şirkəti “CIHAZ” ilə Ukraynanın dövlət ixracatçısı “Ukrspecexport” arasında anlaşma olub, yükü isə Ukraynanın “Meridian” adlı yük aviaşirkəti Xartum (Sudan) – Jeşuv (Polşa) marşrutu ilə daşıyıb.
Bu məlumat müəyyən qədər sənədlərlə əsaslandırılıb – sızdırılan qaimələr yayımlanıb. Həmin bombaların növü də konkret göstərilib: Azərbaycan-Türkiyə birgə istehsalı QFAB-250 LG lazerlə idarə olunan bombalar.
Bildirilib ki, bu 270 kq-lıq bombalardan 32 ədəd göndərilib və Ukraynanın Su-25 təyyarələrində istifadə olunub. Əlavə olaraq, 2022-ci ilin yazında Xartum-Jeşuv arasında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarələrin onlarla reys etdiyini “Africa Intelligence” və digər mənbələr yazıb.
Yəni, müəyyən gizli silah tədarükü əməliyyatları həqiqətən baş vermiş ola bilər. Lakin burada vacib nüans var: söhbət cəmi bir neçə on bomba və minaatan mərmilərindən gedirdi – ölçücə nisbətən kiçik, konteynerlərdə daşınabilən silahlardan.
Döyüş təyyarəsi isə tamamilə fərqli miqyasdır. Təyyarənin gövdəsi, qanadları, mühərrikləri – bunların hər biri ayrıca böyük yüklərdir. Onları daşımaq üçün ya böyük yük təyyarəsi lazımdır (məsələn, An-124 “Ruslan” kimi), ya da dəniz yolu ilə konteyner daşınması tələb olunur. Hər iki halda tranzit ölkələrin hamısında bu qeydlər mövcud olmalı idi.
2023-cü ildən etibarən Sudan özü daxili hərbi münaqişə vəziyyətindədir (apreldə ordu ilə RSF qruplaşması arasında vuruşmalar başlayıb). Belə bir şəraitdə Sudanın gizli silah tranziti platforması olması daha da mürəkkəbləşib.
Türkiyənin bu prosesdə iştirakı iddiasına gəldikdə isə, nəzərə almaq lazımdır ki, Türkiyə həm Azərbaycanın yaxın müttəfiqidir, həm də NATO ölkəsidir. Ankara rəsmi şəkildə Ukraynaya bəzi silah-sursat yardım edir (dronlar, zirehli texnika və s.), lakin Rusiya ilə münasibətləri nəzərə alaraq çox ehtiyatlı davranır.
Belə olduğu halda, Türkiyənin Azərbaycan təyyarələrini gizli şəkildə Ukraynaya ötürmək üçün kanal olması ehtimalı çox aşağıdır. Bu, Ankara-Moskva əlaqələrini kəskin poza bilər.
Almaniyadan daşınması barədə
Əvvəlki iddialarda yer aldığı kimi, Polşa Ukraynaya silah ötürülməsində əsas logistika düyünüdür və 2022-ci ildə mümkün tranzit ölkəsi olub. Bəs Almaniya?
Almaniya Ukraynaya silah yardımı edən Qərb ölkəsidir, lakin bu yardım son dərəcə ciddi qaydalarla həyata keçirilir. Almaniyadan Ukraynaya hansısa yük gedirsə, bu, açıq elan edilir (məsələn, Almaniya Ukraynaya Leopard tankları, IRIS-T hava hücumundan müdafiə sistemləri verdikdə bunu rəsmi olaraq açıqlayır).
Gizli yollarla, özü də “humanitar yardım” adı altında hansısa hərbi təchizatın Almaniya vasitəsilə ötürülməsi mümkün görünmür.
Əgər qurum iddia edirsə ki, Almaniya ərazisində təyyarələr yığılıb və oradan Ukraynaya uçurulub, bu da mümkün görünmür. Çünki Almaniya özü Ukraynaya döyüş təyyarəsi verməyib, başqa ölkələrin də belə təşəbbüslərinə ehtiyatla yanaşır (məsələn, Polşanın MiQ-29-larının ötürülməsi məsələsində koordinasiya var idi).
“Məqalədə nə marşrut üzrə uçuş qeydləri, nə yüklərin karqo sənədləri, nə də peyk görüntüləri kimi dəlillər var. Sadəcə olaraq təxəyyüldə canlandırılıb ki, filan yolla təyyarələr daşınır – ancaq heç bir ciddi fakta əsaslanmır” – deyə “Caliber” yazır.
Azərbaycan-Rusiya münasibətlərinin son dövrdəki gedişatı və “Daily Express”in iddiaları
“Daily Express” Azərbaycanın Rusiya əleyhinə gizli fəaliyyətindən bəhs edərkən, iki ölkə arasındakı son hadisələri də öz yozumunda istifadə edib. Xüsusilə qeyd edilir ki, Bakı ilə Moskvanın arası kəskin şəkildə dəyib və Azərbaycan Prezidenti Əliyev Putini qıcıqlandırmaq üçün hər şeyi edir.
Bu narrativdə əsas yer tutan hadisə Rusiyanın Azərbaycan sərnişin təyyarəsini vurması epizodudur.
Bu hadisənin Azərbaycan-Rusiya münasibətlərində ciddi gərginlik yaratması doğrudur. Azərbaycan Prezidenti İlham Əliyev hadisədən sonra sərt reaksiya verərək, Rusiya tərəfinin məsuliyyəti boynundan atmağa çalışmasını tənqid edib. O bildirib ki, əgər günah təsdiqlənsə, Azərbaycan bu məsələni beynəlxalq məhkəməyə çıxarmaq hüququnu özündə saxlayır. 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində Bakı və Moskva arasında diplomatik gərginlik artıb, ictimai rəydə də Rusiyaya qarşı narazılıq güclü idi.
Bununla belə, bu ilin oktyabrında Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammit çərçivəsində Prezident İlham Əliyevlə Prezident Vladimir Putin görüşərək bu məsələni müzakirə ediblər. Putin rəsmi üzr istəyib və Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin “səhvən” Azərbaycan təyyarəsini vurduğunu etiraf edib.
Nəticə olaraq, hər iki tərəf bu insidenti rəsmi şəkildə yoluna qoymağa çalışıb. Kremlin sözçüsü Dmitri Peskov da açıqlama verərək bildirib ki, oktyabr görüşü “çox yüksək qiymətləndirilib” və Moskva-Bakı münasibətlərini normallaşdırmaq üçün diqqətli iş aparılır. Yəni rəsmi səviyyədə hər iki ölkə insidentin səhvliklə olduğunu qəbul edib qarşılıqlı əlaqələri bərpa etməyə çalışır.
“Daily Express” məhz bu hadisənin üzərində xüsusi dayanaraq Azərbaycanın Rusiya ilə münasibətlərin soyuq olmasına vurğu edir. Halbuki, qeyd edildiyi kimi, oktyabr ayında iki lider görüşüb, Putin faktiki olaraq məsuliyyəti etiraf edib və beləliklə diplomatik gərginlik azalıb.
Azərbaycan Ukraynaya SU-22 təyyarələri satır?