Azərbaycan Türkiyədən tərəvəz idxalı üçün yeni şərtlər tətbiq edib
Türkiyə mediasının məlumatına əsasən, Azərbaycan Türkiyədən idxal olunan 64 ton bibəri geri qaytarıb. Səbəb gətirilən məhsullarda ziyanvericilərin tapılması olub. Həmçinin Azərbaycana Türkiyədən bibər, pomidor və badımcan gətirilməsilə bağlı yeni şərtlər tətbiq edilib. Azərbaycanlı ekspertlər bu xəbərlərdə iki ölkə arasındakı münasibətlər üçün heç bir problem görmürlər.
- Ermənistan-Türkiyə danışıqları: Yerevan sakinləri nə düşünür?
- Türkiyədə Ermənistanla sərhədin açılmasını gözləyirlər
- Türkiyə və Azərbaycanın hərbi ittifaqı Rusiyanın NATO-ya qarşı tələblərinə nə dərəcədə uyğundur? – Bakıdan şərh
Türkiyənin “Sözcü” qəzetinin məlumatına görə, iki ölkə arasında uzun illər sürən iqtisadi münasibətlər ərzində Azərbaycan ilk dəfədir ki, Türkiyədən idxal olunan təzə bibəri geri qaytarıb. Mənbə qaytarılan məhsulun 64 ton olduğunu bildirir. Qeyd olunur ki, tərəvəzlərin içində təhlükəli ziyanverici aşkarlanıb.
Eyni zamanda Azərbaycan Türkiyədən tərəvəz idxalına yeni şərtlər tətbiq edib – məlumatda deyilir. Beləliklə, əgər indiyə qədər gətirilən tərəvəzlərin bütün pariyasından ancaq bir yük maşınındakı mallar yoxlanılırdısa, indən belə bütün tərəvəz partiyası yoxlanılacaq. Bu şərtlər Azərbaycan tərəfindən Türkiyədən gətirilən pomidor, badımcan və təzə bibər üçün tətbiq edilib.
Maraqlıdır ki, Türkiyə mətbuatında bu xəbər fevralın 21-də yayılıb, amma rəsmi Bakı hələ də bununla bağlı heç bir açıqlama verməyib. Azərbaycanın Qida Təhlükəsizliyi Dövlət Agentliyinin saytında bu haqda heç bir məlumat tapmaq mümkün deyil.
Şərh
İqtisadçı Əli Əhmədovun sözlərinə görə, bəzi ölkələr siyasi səbəblərlə malların müəyyən ölkələrdən gətirilməsini qadağan edirlər. Məsələn, Rusiya bu üsula tez-tez əl atır – ekspert qeyd edir.
“Türkiyədən Azərbaycana tərəvəzlərin gətirilməsinə qadağa qoyulması ilə bağlı sualınız məni çaşdırdı. Düzü, bu haqda heç nə eşitməmişəm. Qida Təhlükəsizliyi Agentliyi bu haqda məlumat yaymayıb.
Amma belə bir fakt baş veribsə, burada yəqin ki, məsələ sırf texnikidir. 64 ton təzə bibər Türkiyə və Azərbaycan arasındakı iqtisadi münasibətlər üçün o qədər də böyük həcm deyil. Və burada yəqin ki, məsələ sırf ziyanvericilərin tapılmasındadır. Çünki Azərbaycan öz istehlakçılarını qorumalıdır, təhlükəli məhsulun hansı ölkədən gəlməsindən asılı olmayaraq.
Burada heç bir siyasət görmürəm, çünki Türkiyə və Azərbaycan arasında münasibətlər hazırda çox yüksək səviyyədədir”, – Əhmədov JAMnews-a müsahibəsində bildirib.