Azərbaycan təhsil naziri müzakirələrə səbəb olan açıqlamalar verib
Azərbaycanın təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. O, məktəblərdə şagirdlərdən pul toplanmasını könüllü əsaslarda olacağı halda problem kimi dəyərləndirməyib, uzun saçlı oğlan şagirdin müəllim tərəfindən qız kimi təqdim edilməsini isə təsadüf adlandırıb.
- Azərbaycanda əhali və seçici sayında qəribə təzad: 2 milyon nəfər haradadır?
- Azərbaycanda 19 yaşlı tələbə təhsil hüququndan məhrum ola bilər
- Azərbaycanda tələbələrə təhsil krediti təklif olunub
Təhsil naziri Emin Əmrullayev dekabrın 21-də jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, prezidentin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) icra hakimiyyətlərindən alınaraq, Təhsil Nazirliyinin sərəncamına verilib.
Onun sözlərinə görə, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 1692-si dövlət, 133-ü isə özəl müəssisədir. Dövlətə məxsus uşaq bağçalarında 126 min 509 uşaq təhsil alır.
Bundan başqa, təhsil naziri son günlər ölkə mətbuatında gündəmı gələn iki məsələyə aid fikirləri ilə bölüşüb və cəmiyyətdə müzakirələrə səbəb olan açıqlamalar verib.
Emin Əmrullayev 1982-ci ildə anadan olub. Ali təhsilini Azərbaycanda alsa da, 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Avstriyada) siyasi elmlər üzrə magistr pilləsində təhsil alıb. Daha sonra – 2010–2012-ci illərdə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.
“Mən məktəbdə oxuyanda da belə idi”
Bu günlərdə sosial şəbəkələrdə Bakıdakı 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevaya aid olduğu iddia olunan səs yazısı yayılıb.
Həmin səs yazısında direktor sinif rəhbərlərinə valideynlərdən pul toplanmasını tələb edir. C.Quliyeva bildirir ki, hansı müəllimin sinfində pulu gətirməyən varsa, onu sinif rəhbərləri özləri ciblərindən düzəldib versinlər.
Səs yazısı qalmaqala səbəb olandan sonra direktor vəzifəsindən azad edilib.
Məktəblərdə şagirdlərdən pul yığılması barədə danışan nazir Emin Əmrullayev brifinqdə deyib:
“Məktəblərdə pul yığımı bu günün problemi deyil, mən məktəbdə oxuyanda da belə idi.
Valideynlər ümumiyyətlə məktəbin idarəolunmasında iştirak etməməlidir.
Dövlətin hamı üçün hər şeyi etmək imkanı yoxdur. Məktəblərdə pul yığımı qanun pozuntusudur. Bunun üçün qayda olmalıdır.
Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır”.
Nazirin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi xarakterik şərhləri diqqətinizə çatdırırıq:
“Təhsil nazirinə sualım var: kənd yerlərində nağd pulu olmayanlar məktəbə diri qaz, nehrə yağı verə bilər?”
“O vaxt məktəblərdən pambıq yığımına da heç kəsi məcburi aparmırdılar. Hamı “könüllü” gedib sosializm yolunda pambıq yığırdı”.
“Maraqlıdır, bu könüllü yığımlar üzrə vergi ödənilməlidirmi?”
Oğlan şagirdin qız kimi təqdim olunması barədə
Jurnalist Röya Rəfili 5-ci sinifdə oxuyan oğlunun saçlarının uzun olmasına görə sinif rəhbəri tərəfindən məktəbdə qız kimi təqdim olunması səbəbindən polisə şikayət edib.
Məsələyə təhsil naziri Emin Əmrullayevon münasibəti belə olub:
“Müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib. Müəllim bunu şagirdi alçaltmaq üçün etməyib.
Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. O, özü də bilmədən uşağın saçının uzun olduğuna görə elə təqdim etdiyini bildirib. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin”.
Qeyd edək ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbində müəllim oğlan şagirdi saçı uzun olduğuna görə sinfə qız kimi təqdim edərək onu təhqir edib. Məsələ ictimailəşdirildikdən sonra sözügedən müəllim barəsində məktəb rəhbərliyi tərəfindən tədbir görülüb və müəllimə töhmət verilib”.
Bu açıqlama da cəmiyyətdə birmənalı olaraq qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, sinif rəhbəri Amil adında yeni şagirdinin cinsini bilməyə bilməzdi:
“Məsələnin təsadüf olmasına ancaq bunu təsadüf kimi görmək istəyən ümid edə bilər”.
“Müəllimin sinfinə uşaq gələndə leylək gətirib atmır, müəllim o uşağın adı soyadı ata adı, təvəllüdü, hansı məktəbdən gəlib və s.”