Azərbaycan sakinlərinə xaricdən mobil telefon gətirilməsi artıq sərf etmir
Bundan sonra Azərbaycan vətəndaşı xaricdən özünə mobil telefon gətiribsə, yaxud sifariş edibsə, həmin telefonun Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi sistemində qeydiyyatı üçün aparatın bazar qiymətindən asılı olaraq 30-150 manat (17-88 dollar) ödəməlidir. Bu qərarı Nazirlər Kabineti qəbul edib. Əvvəllər həmin rüsum 5 manat (təxminən 3 dollar) təşkil edirdi.
Yeni aparatın qeydiyyatdan keçirilməsi məcburi prosedurdur, əks halda, onu şəbəkədən ayırırlar. Telefon yerli mağazada alınıbsa, qeydiyyat artıq satıcı tərəfindən ödənilib. Lakin xaricdən gətirilib, yaxud sifariş olunubsa, onu müstəqil şəkildə qeydiyyatdan keçirmək tələb olunur.
Manatın məzənnəsi iki dəfə (2015 və 2016-cı illərdə) düşəndən sonra hər şeyin, o cümlədən texnikanın qiyməti nəzərə çarpacaq dərəcədə yüksəlib. Azərbaycanın əksər sakinləri üçün mobil telefonların xaricdən gətirilməsi, yaxud sifariş edilməsi daha sərfəlidir. İndi isə bu yolla qənaət etmək xeyli çətinləşəcək. Düzdür, hələlik yeni qaydaların nə vaxt qüvvəyə minəcəyi məlum deyil.
Yenilik yalnız fiziki şəxslərə aiddir və satış üçün telefon gətirən şirkətlərə şamil edilmir.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, rüsumun yüksəldilməsində məqsəd “iri idxalçıların maraqlarının lobbiləşdirilməsidir”.
“Multimedia” QHT-nin rəhbəri Osman Gündüz ehtiyat edir ki, “bu elektron hökumətin və rəqəmsal cəmiyyətin inkişafını əngəlləyəcək, belə ki, yüksək sürətli interneti dəstəkləyən aparatların alınması sərfəli olmayacaq”.
Rüsumun yüksəlməsi demək olar ki, ictimai nəqliyyatda gedişhaqlarının artırılması eyni vaxta təsadüf edib. Buna görə də, həmin addım sosial şəbəkələrdə kəskin ironiya dalğasına səbəb olub.
“Düz edirlər! Xalqımız səbrlidir, hər şeyi udacaq, səsini də çıxarmayacaq. Rüsumun qiymətini lap telefonun qiymətinə bərabər etsinlər – insanlar bunu da sakit qarşılayacaqlar”.
“Xırdaçılıq etmək nəyə lazımdır ki? Birdəfəlik yaşadığımıza görə də vergi tətbiq etsinlər”.
“Büdcəyə daha çox pul toplamaq və sosial ədaləti qorumaq üçün qiymətli əşyalara vergi tətbiq edilməlidir, əslində pulsuz olmalı xidmətlərə mənasız rüsumlar tətbiq etməklə yox”.
Bəziləri isə bu vəziyyətə də nikbinliklə yanaşmağa çalışırlar:
“Qorxulu heç nə yoxdur, hər gün telefon almırıq ki. Əsas odur ki, ərzaq və kommunal xidmətlər bahalaşmasın”.