Azərbaycan sakinləri üçün beşgünlük tətil başlayır - Ramazan bayramı və Milli Qurtuluş Günü
İyunun 15-dən növbəti çərşənbə axşamına qədər Azərbaycanda işləyən vətəndaşların çoxu Ramazan bayramı və Milli Qurtuluş Günü sayəsində istirahət edəcək.
Dini bayram olan Ramazan bu il 15-16 iyunda qeyd olunur və başqa bir rəsmi bayramla – 15 iyun, Milli Qurtuluş Günü ilə üst-üstə düşüb. İyunun 16-nın isə şənbə günü olduğunu nəzərə alaraq, Əmək Məcəlləsinə əsasən, 18-19 iyun da qeyri-iş günü sayılır. Odur ki, Azərbaycan sakinləri ümumilikdə 5 gün dincələcəklər.
Ramazan – müsəlmanlar üçün mütləq oruc ayıdır. Bu ay ərzində inanclı müsəlmanlar sutkanın işıqlı saatlarında yemək-içməkdən, o cümlədən də siqaretdən və intim yaxınlıqdan uzaq olurlar. Yalnız dan yeri sökülməmiş və gün batımından sonra yeyib-içməyə icazə verilir.
Orucluğun dəqiq tarixi yoxdur, hər il bayramın vaxtı təqvimdə bir qədər geri atır. Hər il Ramazan təqvimi Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanası tərəfindən hazırlanır.
Bayram günü orucluq sona çatır. Orucun məqsədi bütün “dünya həzlərindən” imtina etmək, inancının gücünü nümayiş etdirmək, ehtiras və nəfsini basdırmaqdır. Fizioloji tələbatların məhdudlaşdırılmasından başqa bu ay içində pis düşüncə və əməllərdən uzaq olmaq da vacib sayılır. Hesab olunur ki, oruc tutmaq ruhun təmizlənməsinə və Allahın təqdirini qazanmağa kömək edir.
Bu bayram 1993-cü ildən, Azərbaycan SSRİ tərkibindən çıxandan, müvafiq olaraq ateist ideologiyasının süqutundan sonra ölkədə dövlət səviyyəsində qeyd olunur.
İldən-ilə oruc tutanların sayı çoxalır, amma hər dəfə orucu necə tutmaq lazım olduğu, hansı əməllərin orucu batil etdiyinə dair mübahisələr təkrarlanır.
Milli Qurtuluş Günü – keçmiş Azərbaycan prezidenti (hazırkı prezidentin atası) Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtmasının bayram edildiyi gündür. O, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi qismində ölkəni idarə edib.
Sovet İttifaqı dağılandan sonra, Azərbaycanın müstəqilliyinin ilk illərində (bütün digər mümkün böhranlar və Ermənistanla müharibə fonunda) ölkədə hakimiyyət böhranı yaşanırdı. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu böhrandan çıxış kimi təqdim olunur. Həmin vaxtdan 2003-cü ilə, öldüyü günə qədər o, prezident kürsüsündə qalıb.
Bu gün 1998-ci ildə (hələ Heydər Əliyev həyatdaykən) dövlət bayramı statusu alıb.
Uzun müddətli bayramla əlaqədar olaraq dəmiryolu xüsusi iş rejiminə keçib – bir çox paytaxt sakinləri bayram günlərində əyalətə, təbiət qoynuna və ya qonşu Tbilisiyə gedir.