İran Qarabağa körpü salır – Azərbaycanın sosial şəbəkə istifadəçiləri qəzəblidir, rəsmi Bakı isə layihənin onlarla razılaşdırıldığını bildirir
İranın Araz çayı üzərində iki – “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının inşasına başlaması haqda xəbər Azərbaycanın sosial şəbəkələrində qəzəb doğurub.
Məsələ burasındadır ki, bu qurğulara daxil olan özül və körpülərin bir hissəsi Qarabağ müharibəsi nəticəsində hazırda Ermənistanın işğalı altında olan Azərbaycanın Cəbrayıl rayonu ərazisinə düşəcək.
Qonşu ölkələrin tanınmamış Qarabağ Respublikası ilə istənilən təması Azərbaycanda qəzəblə qarşılanır. Bu dəfə də çoxlarını “İranın Azərbaycanın işğal altında olan ərazilərində körpü tikməsi” qəzəbləndirib. Amma Xarici İşlər Nazirliyi əmin edir ki, hər şey Azərbaycan hökumətinin razılığı əsasında həyata keçirilir.
Daha vətənpərvər və millətçi ruhda olan Azərbaycan vətəndaşlarının İrana qarşı onsuz da xeyli iradları var. Məsələn, orada yaşayan azərbaycanlı milli azlığın vəziyyəti, İranın Ermənistanla sıx əlaqələri (bəziləri hesab edir ki, bu münasibətlər çox istidir).
- İranla sərhəddə – əvvəllər azərbaycanlıların yaşadığı Ermənistan kəndindən reportaj
- Bakının “erməni məhəlləsində” keçən uşaqlıq
- Azərbaycanlı gənclər Qarabağ haqda danışır. Video
Odur ki, inşaat haqda məlum olandan sonra sosial şəbəkələrdə və mediada dərhal qəzəbli paylaşımlar başlayıb.
Məsələn, jurnalist Mübariz Azərbaycanlı İrana xatırladıb ki, Azərbaycan həmişə bu ölkəyə qarşı qardaş münasibət bəsləyib və hər cür dəstəkləyib. Jurnalistin nöqteyi-nəzərincə, İran isə “nankorluqla” cavab verir.
“Ona görə də üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, əməldə saqqal altından Araz üstündən separatçı ermənilərə neft, işıq və digər lazımi məhsulları verən İran gərək Azərbaycanla öz arasında olan bu qədər iqtisadi-siyasi, dini, mədəni körpüləri ermənilərin ayağına döydürərək dağıtmasın”, – jurnalist yazıb.
Amma Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, “dəhşətli” heç nə baş vermir və İranın atdığı addımlar Azərbaycanın maraqlarını qətiyyən tapdalamır.
Diplomat bildirib ki, Araz çayı üzərində su qovşaqları və SES-in inşasının davam etdirilməsi haqda İran və Azərbaycan arasında 2016-cı ildə saziş imzalanıb.
“Bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanmışdır”, – Xələfov deyib.