Azərbaycanda polis idarəsində saxlanılanlara işgəncə verilməsinin fotoları yayılıb - DİN təkzib, bloqerlər sübut edir
Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində bəzi şəxslərin soyundurulmuş və işgəncə verilərkən çəkilmiş fotoları yayılıb. İddia edilir ki, fotolar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilib. Daxili işlər nazirliyi məsələ ilə bağlı açıqlama yayıb, fotoların Azərbaycanda çəkilmədiyini bildirir, bloqerlər isə nazirliyin yalanını üzə çıxarmağa çalışırlar.
Azərbaycanda qadağan edilmiş “Azadlıq” qəzetinin “Facebook” səhifəsində həmin qəzetin keçmiş baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahidin imzası ilə bir neçə foto yayımlanıb. Şərhdə iddia edildiyinə görə, fotolar Daxili işlər nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılanlara işgəncə verilərkən çəkilib. Onları kimin çəkdiyi və yaydığı bəlli deyil. Eyni zamanda, işgəncə verilən saxlanılanların şəxsiyyəti barədə məlumat verilmir.
Fotoların yayımlanmasəından bir qədər sonra Daxili işlər nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı bıyanat yayıb. Nazirlik bildirir ki, görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır:
“Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil”.
Fotoların birində Azərbaycan bayrağının görünməsinə isə belə münasibət bildirilib: “Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.
Bundan bir az sonra Almaniyada yaşayan azərbaycanlı bloqer Həbib Müntəzir sosial şəbəkədə yazıb: “…sual verirəm. Şəkildəki DİN gerbi necə? O da dünyanın istənilən yerində var? Siz necə yalançı, əclaf adamlarsız? Sizə sonra bu xalq necə inansın??!”
Məsələ sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Bir neçə şərhi diqqətinizə çatdırırıq:
“Nə olur olsun, hər səhvin qanuni formada cəzası var, amma bu cür İnsanın ləyaqətini alçaldan formada təqdim etmək yolverilməzdir”.
“Gör indi müxalifətçilərə nə divan tuturlar. Yazıq cəbhəçilər”.
“Xalq olaraq öz taleyimizə sahib çıxmasaq, polis bizim hamımızı qırıb qurtaracaq”.
“Bu da sistemin gücü. Bunu yayanlar məqsədli edir, əlbəttə ki. Bunları görən nə qədər adam qorxudan siyasi proseslərə qoşulmaz, amma hakimiyyətə daha çox zərbədir ki, insanlarda sonluğu yaxşı olmayan nifrət artırırlar”.