“Azərbaycan niyə çağırışlara qulaq asmalıdır?” Bakıdan şərh
Qarabağıdakı vəziyyətin BMT TŞ-də müzakirəsi
Qarabağdakı vəziyyətin BMT Təhlükəsizlik Şurasında müzakirəsi və təşkilat üzvlərinin üçtərəfli bəyanatın tələblərini yerinə yetirməyə çağırışları Bakıda reaksiya doğurub. “BMT Təhlükəsizlik Şurasının əksər üzvləri münasibətlərin normallaşdırılması üçün Ermənistan və Azərbaycan arasında danışıqları davam etdirməyə çağırırlar”, – deyə Azərbaycan XİN-dən bildiriblər. Hər halda, Azərbaycan Laçın dəhlizinin bir hissəsini artıq nəzarətə götürüb və bundan sonra bu yoldan heç bir qanunsuz yük keçə bilməz – ekspertlər hesab edir.
- Yaşadığı evi restorana çevirən gənc aşpazın hekayəsi
- Mixail Saakaşvilinin görüntülərini Gürcüstan Penitensiar Xidməti yayıb
- ABŞ Azərbaycanda ilk dəfə rəsmi şəxsə qarşı sanksiya tətbiq edib
BMT Təhlükəsizlik Şurası (TŞ) Laçın yolunda vəziyyətlə bağlı müzakirələr aparıb.
Xankəndini Ermənistanla birləşdirən Laçın dəhlizində azərbaycanlı fəalların etiraz aksiyası onuncu gündür ki, davam edir. Aksiya keçirilən yerin hər iki tərəfində Rusiya sülhməramlı kontingenti yolu bağlayıb. Dəhlizdən ancaq kontingentin özünü təmin etmək üçün mallarla yüklənmiş sülhməramlıların avtomobilləri buraxılır. Bu 10 gün ərzində sülhməramlılar yalnız bir dəfə Qırmızı Xaçın avtomobillərini və təcili yardım maşınını Xankəndiyə və geriyə buraxıblar.
BMT Təhlükəsizlik Şurasında vəziyyətin müzakirəsinin gedişatı, o cümlədən də beynəlxalq təşkilat üzvlərinin münaqişə tərəflərinə çağırışları Bakıda reaksiya doğurub.
Azərbaycan XİN: “Danııqları davam etdirməyə çağırırlar”
Azərbaycan Xarici İşlər Nazirliyinin BMT TŞ üzvlərinin çağırışı ilə bağlı yaydığı bəyanatda deyilir ki, “Ermənistanın bu qurumdan Azərbaycana qarşı manipulyasiya kampaniyası məqsədilə istifadə etmək cəhdlərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr Azərbaycanın haqlı narahatlıqlarını, o cümlədən Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı qəsdən, davamlı və düzəldilməyən pozuntularla əlaqədar məsələləri qaldırması, habelə bununla əlaqədar beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması üçün növbəti platforma olub”.
Xarici İşlər Nazirliyi Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyevin çıxışını ətraflı təsvir edib. Onun sözlərinə görə, “Ermənistanın guya Azərbaycan tərəfindən Laçın yolunu bağlaması, erməni sakinlərə qarşı “blokada” tətbiq etməsi və “humanitar fəlakət”in baş verməsi ilə bağlı ittihamları tamamilə əsassızdır və reallığa uyğun deyil”.
Bəyanatda nə Azərbaycan hökumətinin, nə də etirazçıların Laçın yolunu bağlamadığı qeyd olunub.
Vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı fikirlər də eyni dərəcədə yalandır. Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları heç bir maneə olmadan yoldan keçib. Azərbaycan hökuməti dəfələrlə erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu bəyan edib. Bundan irəli gələrək, Azərbaycan hökuməti BQXK-nın yerli nümayəndəliyi ilə sıx əlaqədədir”, – sənəddə deyilir.
Azərbaycan XİN-in bəyanatında qeyd olunub ki, BMT TŞ-ya üzv dövlətlərin demək olar ki, bütün bəyanatlarında Üçtərəfli Bəyanat üzrə öhdəliklərin yerinə yetirilməsinə dair çağırış olub. “Ermənistanın sözügedən sənədi açıq-aşkar pozduğunu nəzərə alaraq, BMT TŞ-nın üzvlərinin bu cür çağırışları nəhayət, Ermənistan tərəfindən eşidilməli və onlara əməl olunmalıdır”, – sənəddə deyilir.
“Münasibətlərin normallaşdırılması məqsədilə Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsi üçün BMT TŞ üzvlərinin əksəriyyətinin çağırış etdiyini vurğulamaq da böyük əhəmiyyət kəsb edir. Biz bu prosesin əsası kimi, o cümlədən sərhədlərin delimitasiyası kontekstində Ermənistan və Azərbaycan tərəfindən suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı çağırışları yüksək qiymətləndiririk”, – Azərbaycan XİN-dən bildirilib.
“Azərbaycan artıq Laçın dəhlizinin yarısını öz nəzarəti altına götürüb”
Azərbaycanı “günahkar kimi təqdim etmək istəyirlər, baxmayaraq ki, öz tələblərində tamamilə haqlıdır”, – politoloq, “Atlas” Analitik Mərkəzinin rəhbəri Elxan Şahinoğlu BMT Təhlükəsizlik Şurasındakı müzakirəni şərh edərkən deyib:
“BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin “yolun açılmasıyla” bağlı Azərbaycana çağırışları buna sübutdur. İzahlarımızı qulaqardına vurdular. Narahat olmağa dəyməz.
Qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, sadəcə diplomatlarımız daha çox çalışsaydılar nəticə bizim üçün fərqli ola bilərdi”.
Şahinoğlunun sözlərinə görə, yaranmış vəziyyətdə olayların gələcək inkişafına dair bir neçə variantı var:
“Birinci variant: Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər.
Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi. BMT qətnamələri yerinə yetirilmədisə biz niyə bir qisim dövlətin “çağırışını” yerinə yetirməliyik?”
İkinci variant: Hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə sivil etiraza fasilə versək belə nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan sivillər keçəcək, silah, sursat, mina və cinayətkarlar keçə bilməyəcək.
Bundan sonra ermənilərin “yol bağlıdır” yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq.
Başqa variantlar da mümkündür. Əsas odur ki, yola enmişik və bölgəyə silah və mina daşıyan erməni separatçılar rahatlıqlarını itiriblər. Növbəti mərhələdə “yol bağlı deyil, nəzarət altındadır, sivillər və xəstələr istifadə edə bilərlər” tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik”.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube