Azərbaycan erməni məhbusları Ermənistana təhvil verib
Azərbaycan həbsxanalarında saxlanılan dörd etnik erməni yanvarın 14-də Ermənistana təhvil verilib və hazırda bu ölkənin ərazisindədir.
Bu tamamilə gözlənilməz məlumatı həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Ermənistanın Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.
Ermənistana təhvil verilən şəxslər David Davtyan, Gevorq Sujyan, Vigen Eulcekciyan və Vaqif Xaçatryandır.
Fotoda: solda Vaqif Xaçatryan, sağ yuxarıda — Vigen Eulcekciyan, aşağıdakı fotoda — David Davtyan və Gevorq Sujyan (soldan sağa)
“Proses Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasının praktik nəticəsi kimi həyata keçirilib”, — Ermənistan MTX-nin məlumatında deyilir.
Nikol Paşinyan yazıb: “İlkin tibbi müayinənin nəticələrinə görə, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekciyanın səhhətində problem aşkarlanmayıb. Vaqif Xaçatryanın səhhətinin vəziyyəti [o, 2023-cü ilin iyulunda ürək əməliyyatı üçün Qarabağdan Yerevana gedərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmışdı] ilkin olaraq qənaətbəxş qiymətləndirilir. Onlar Yerevana aparılır”.
Baş nazirin məlumatına görə, təhvilvermə prosesi Ermənistan-Azərbaycan sərhədində, Hakari körpüsündə baş tutub.
Azərbaycanın APA dövlət agentliyi hadisəni belə şərh edib:
Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər – Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib.
Bu proses, həmçinin, Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.
Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar, eyni zamanda, Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.
Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub”.
Bu gün azadlığa buraxılan etnik ermənilərə qarşı Azərbaycanda irəli sürülən ittihamlar
Vigen Eulcekciyan 2020-ci ilin noyabrında saxlanılıb. 2021-ci ildə terrorçuluq və muzdluluq ittihamları ilə 20 il azadlıqdan məhrum edilib.
David Davtyan və Gevorq Sujyan 2021-ci ildə saxlanılıb və 15 il azadlıqdan məhrum ediliblər. Onlara casusluq, qanunsuz silah saxlama və dövlət sərhədini qanunsuz keçmə ittihamları irəli sürülüb.
Vaqif Xaçatryan 2023-cü ildə saxlanılıb. O, birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndində törədilmiş soyqırımında iştirakda ittiham olunaraq 15 il azadlıqdan məhrum edilib.
İttiham olunan şəxslərin özləri və Ermənistandakı hüquq müdafiəçiləri bu ittihamları uydurma hesab edərək təkzib ediblər.
Azərbaycan erməni məhbusları Ermənistana təhvil verib