Azərbaycan Ermənistanla sərhəddə niyə ATƏT missiyasına qarşıdır? Bakıdan şərh
Azərbaycan ATƏT missiyasına qarşıdır
Rəsmi Bakı Azərbaycan–Ermənistan sərhədində vəziyyətin monitorinqi üçün ATƏT missiyasını səlahiyyətsiz adlandırıb. Azərbaycan XİN öz mövqeyini ATƏT-in prosedur qaydaları ilə əsaslandırır. Münaqişə tərəfləri arasında münasibətlərin nizamlanması prosesində beynəlxalq vasitəçilərin işini şərh edən CSSC analitikləri qeyd ediblər ki, “sülh müqaviləsinin müzakirəsi prosesinə və Ermənistanın öz öhdəliklərini yerinə yetirməsinə əsaslanan siyasi gündəliyin hərəkətsizliyini nəzərə alaraq, iki aydan sonra bu əməkdaşlıq formatları tamamilə köhnələ bilər”.
- Azərbaycan Gürcüstanla müttəfiqliyə can atır. Əliyevin Tbilisi səfərinə sözardı
- Azərbaycan Ermənistanı Laçın dəhlizindən Qarabağa mina ötürməkdə ittiham edib
- Gürcüstan parlamentinin spikeri: “Rusiyanın Ukraynaya hücumunu pisləyirik”
Rəsmi Bakı hesab edir ki, Azərbaycan-Ermənistan sərhədində ATƏT missiyasının belə fəaliyyət üçün səlahiyyəti yoxdur. Azərbaycan XİN öz bəyanatında qeyd edib ki, ATƏT-in prosedur qaydalarına əsasən bu təşkilatın bütün qərarları konsensus əsasında qəbul edilməlidir. Başqa sözlə, bütün iştirakçı ölkələr qərarın qəbulunun “lehinə” səs verməlidir. Bu məsələ isə ümumiyyətlə üzv ölkələr tərəfindən müzakirə olunmayıb – rəsmi Bakı bildirir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CSSC) Azərbaycan XİN-in bu missiya ilə bağlı bəyanatını şərh edib və Bakının Ermənistanla münaqişənin nizamlanması məsələsində vasitəçilərin sayının artmasını niyə istəmədiyini izah edib.
Bakı vasitəçilərin sayının artmasını niyə istəmir?
CSSC analitiklərinin fikrincə, 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırma siyasətinin əsasında beynəlxalq iştirakçıların sayının minimuma endirilməsi dayanırdı.
“Əməkdaşlıq və sülh tərəflərin ümumi maraqlara malik olmasını tələb edir. Vasitəçilərin sayının artması isə bir-biri ilə toqquşan maraqların sayını artırıb, sülhün əldə edilməsinə mane olur və informasiya axınlarının həyata keçirilməsini qəlizləşdirir. Rusiyanın Ukraynaya təcavüzündən sonra isə ziddiyyətlər pik həddə çatdı.
Müharibənin nəticələrinə uyğun olaraq nizamlanma prosesinin əsas iştirakçıları Rusiya və Türkiyə oldu. Rusiyanın vasitəçiliyi 2020-ci il 10 noyabr üçtərəfli razılaşmanın 3 və 4-cü bəndlərinə, Türkiyənin isə 11 noyabr tarixli “Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum”a söykənirdi.
Üçtərəfli razılaşmanın 4-cü bəndi erməni silahlı qüvvələrinin çıxarılmasını, 9-cu bənd isə Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutsa da, Ermənistandakı siyasi qeyri-stabillik və Rusiyanın üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmək istəməməsi bu bəndlərin 2021-ci ildə gerçəkləşməsinə imkan vermədi.
Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini ləngitmək, “çətin” qərarların qəbulu müddətini uzatmaq və danışıqlarda mövqeyini gücləndirmək üçün prosesə yeni vasitəçilər cəlb etməyə çalışdı. Rusiyanı daha məsuliyyətli olmağa təhrik etmək üçün Bakı ABŞ və Gürcüstanın birdəfəlik vasitəçiliyinə icazə verdi. 2021-ci ilin iyun ayında ələ keçirilmiş erməni hərbçiləri minalanmış xəritələrə dəyişdirildi”, – tədqiqatlar mərkəzinin növbəti hesabatında deyilir.
Maddi yardımın artırılması ilə vasitəçilik
“2021-ci ildə Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra belə Moskvanın vasitəçiliyində pozitiv irəliyiş olmadı. Bu Brüsselin vasitəçiliyini aktuallaşdırdı.
Avropa İttifaqını nizamlanma prosesinə Ermənistan dəvət etdi. Azərbaycan ilk dövrdə Aİ-nin vasitəçiliyinə mənfi yanaşırdı. Belə ki, Aİ ədalətsiz yanaşma nümayiş etdirib, təcavüzkar Ermənistana 2,6 mlrd, işğal qurbanı olan Azərbaycana isə 150 milyon avro maliyyə yardımı ayırmışdı. Lakin, yardım paketi 2 milyarda qədər artırılandan sonra Bakı Brüsseli “dürüst vasitəçi” adlandırdı.
Beləliklə, Moskva və Brüssel formatları rəsmi Bakının iştirak edə biləcəyi maksimal vasitəçilikdir. Vaşinqtonun diplomatik səylərini Brüssel formatı kontekstində nəzərdən keçirdikdə onu da qəbul etmək mümkündür”, – CSSC bildirir.
Hansı səbəbdən ATƏT missiyasının mandatı ola bilməz?
Azərbaycanlı analitiklər vurğulayırlar ki, bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in meydana çıxması Azərbaycan tərəfindən heç cür qəbul edilə bilməz:
“ATƏT-in Prosedur Qaydaları adlı sənədinin ikinci maddəsinə əsasən, təşkilatın direktiv orqanlarının qərarları konsensus əsasında qəbul edilir. Sənədə görə “konsensus, baxılan məsələ ilə bağlı qəbul edilən qərara iştirakçı dövlət tərəfindən hər hansı etirazın olmaması kimi müəyyən edilir”.
Azərbaycan XİN-in şərhinə əsasən, missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirəyə çıxarılmadığına və bu barədə heç bir qərar qəbul edilmədiyinə görə ATƏT mandatına malik ola və ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz. Vurğulayaq ki, ATƏT-in Prosedur Qaydaları sənədinə əsasən, yalnız konsensus əsasında qəbul edilən qərar, bəyanat, hesabat, məktub və digər sənədlər ATƏT sənədləri adlanıb, iştirakçı dövlətlər üçün siyasi məcburiyyət qüvvəsinə malikdir.
Brüsselin Ermənistandakı missiyası Bakı üçün ürəkaçan olmasa da, bu missiya Praqa görüşü çərçivəsində razılaşdırılmışdır. Azərbaycan missiya ilə iki ay müddətinə əməkdaşlıq edəcəyinə razılıq verib.
Görüşdən az sonra Aİ birtərəfli qaydada Şarl Mişelin bəyanatına zidd olaraq Ermənistana göndərilən missiyanın səlahiyyətlərini artırıb və missiyanın 2 aydan çox fəaliyyət göstərə biləcəyini bildirib. Bu səbəbdən də Azərbaycanın Aİ missiyası ilə 2 aydan artıq əməkdaşlıq etməsi məqsədəuyğun deyil”.
“Beləliklə, diplomatik platformaların sayı Bakı tərəfindən artırılmayacaqdır. Sülh sazişi və Ermənistanın öhdəliklərinə əsaslanan siyasi gündəm dəyişməz qaldığına görə növbəti iki ay ərzində qarşılıqlı əlaqə formatları hətta kəsilə də bilər”, – deyə CSSC hesabatını yekunlaşdırıb.