Azərbaycan-Ermənistan: ziddiyyətlərə rəğmən sülh sazişinin imzalanması
Bakıda və Yerevanda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və ya ən azı danışıqların və sülh prinsiplərinin müzakirəsinin başlaması ehtmalı fəal şəkildə müzakirə olunur. Bakı ölkələr arasında münasibətlərin nizamlanması üzrə sənəddə yer almalı olan 5 maddəni dərc edib. Azərbaycan tərəfindən təkliflər alınandan həm əvvəl, həm də sonra Ermənistan XİN bu danışıqları ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirmək niyyətini açıqlayıb.
Söhbət ABŞ, Fransa və Rusiyadan gedir. 2020-ci il müharibəsinə qədər Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar MQ həmsədrliyi altında həyata keçirilib. Hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan prezidenti bildirib ki, Qarabağ məsələsi həllini tapıb və Minsk qrupuna artıq tələbat yoxdur. Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində danışıqlar artıq keçirilməyib, vasitəçilərin Dağlıq Qarabağa səfər etmək imkanları olmayıb. İndi Yerevan Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması məsəlləsi üzrə MQ-nin vasitəçiliyini təklif edir.
Sülh sazişinin imzalanması haqda söhbətlər Qarabağın hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində vəziyyətin kəskin gərginləşməsi fonunda davam edir. Ermənistanda bunu Azərbaycan tərəfinin əlavə təzyiq amili kimi dəyərləndirirlər. Ermənistanın xarici işlər naziri artıq bildirib ki, Bakıya təklif olunmuş maddələr “mövcud problemlərin bütün gündəmini əks etdirir”.
Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı bu ana qədər məlum olan bütün təfərrüatlar, o cümlədən də Bakı və Yerevandan ekspert rəyləri.
- “Üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə məcbur etmək” – Bakıdan ekspertlər Qarabağdakı vəziyyət haqda
- Azərbaycan Ermənistandan yan ötməklə Naxçıvana yol çəkəcək
- Ermənistan və Azərbaycan arasında gərginlik: hər iki tərəfdən bütün təfərrüatlar
Azərbaycan və Ermənistan XİN-lərinin bəyanatları
Martın 11-də Ermənistan XİN Azərbaycanla sülh sazişinin imzalanması prosesinə başlamağa hazır olduğunu təsdiqləyib. Bu bəyanatda deyilir ki, Ermənistan yaxın zamanda Azərbaycanla sülh danışıqları başlatması xahişi ilə ATƏT-in Minsk qrupuna müraciət edə bilər. Bu, onunla izah olunub ki, sazişin imzalanması danışıqlar prosesinin nəticəsi olmalıdır, bu arada isə “iki ölkənin birbaşa danışıqlar sahəsində zəngin təcrübəsi yoxdur”.
Buna cavab olaraq martın 14-də Bakı Azərbaycan tərəfinin fikrincə, tərəflərin münasibətlərin nizamlanması üçün gözləməli olduğu beş təməl prinsipi dərc edib:
- dövlətlərin qarşılıqlı şəkildə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, dövlət sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıması;
- dövlətlər tərəfindən qarşılıqlı şəkildə bir-birinə qarşı ərazi iddialarının olmamasının təsdiqlənməsi və onların gələcəkdə də belə iddialar irəli sürməyəcəkləri ilə bağlı öz üzərlərinə hüquqi öhdəliklər götürməsi;
- beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyinə qarşı təhdiddən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı təhdiddən istifadə etməkdən, o cümlədən də BMT Nizamnaməsi hədəflərinə uyğun olmayan digər vəziyyətlərdən çəkinmək;
- dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, qarşılıqlı maraq kəsb edən digər müvafiq kommunikasiyaların və digər sahələrdə əməkdaşlığın qurulması.
Azərbaycan öz baxışlarını açıqlayandan sonra Ermənistan XİN aşağıdakı məzmunda bəyanatla çıxış edib:
“Ermənistan Respublikası Azərbaycan Respublikasının təklifinə cavab verib və BMT Nizamnaməsi, vətəndaş və siyasi hüquqlar haqda Beynəlxalq Pakt və Helsinki Yekun Aktı əsasında Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh sazişinin bağlanması üzrə danışıqları təşkil etməsi xahişi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib”.
Rəsmi Yerevan başqa təfərrüatlar açıqlamayıb. Ermənistan tərəfinin Bakının təkliflərini qəbul edib-etmədiyinə də aydınlıq gətirilməyib.
Bakıdan informasiya
“Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda çıxışı zamanı Azərbaycanın münaqişə sonrası mərhələdə sülh quruculuğu səylərindən bəhs edib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edilib”, – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Məlumat verildiyi kimi, növbəti addım qismində Azərbaycanın bir neçə gün öncə, iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim edilib. Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”, – o vurğulayıb.
Bakıdan şərh
“Ermənistanın sülh sazişinin bağlanması üzrə Azərbaycanla danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirmək istədiyini bəyan etməsi faktiki olaraq Yerevanın Bakı ilə konstruktiv dialoqdan imtina etməsi deməkdir”, – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
“Statusuna müvafiq olaraq ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın statusunu müəyyən etməli olan Minsk Konvensiyasının işçi orqanıdır. Yəni faktiki olaraq Ermənistan məsələyə Dağlıq Qarabağın statusunun müəyyən edilməsinin vacibliyi kontekstində baxılmasını istəyir”, – diplomat vurğulayıb.
Zülfüqarovun sözlərinə görə, bu, Ermənistanın faktiki olaraq Azərbaycanla danışıqlardan imtina etməsi deməkdir.
“Buna görə də mənə elə gəlir ki, hazırkı halda Azərbaycanın mövqeyi daha təkmil olmalıdır. Xüsusən də əgər münaqişə tərəflərindən biri münaqişənin hələ həll edilməli olduğunu düşündüyü kontekstində, bu, hər şeydən əvvəl Ermənistanın öz davranışları ilə faktiki olaraq ərazi iddiası ifadə etdiyi ərazilərə aiddir, o zaman Azərbaycan Ermənistan ərazilərinə münasibətdə ərazi iddiaları irəli sürməlidir. Bu, bizim mövqeyimizin xeyrinə çox güclü arqumentdir. Düşünürəm ki, bizim mövqeyimizə bu aspekt də daxil edilsəydi, doğru olardı”, – keçmiş nazir qeyd edib.
Zülfüqarov vurğulayıb ki, bu kontekstdə birmənalı olaraq aydındır ki, Yerevan Azərbaycana qarşı ərazi iddiaları siyasətini davam etdirəcək.
“Əgər belə siyasət davam etsə, biz niyə Zəngəzurla bağlı de-fakto qarşılıqlı ərazi iddiası qaldırmaqdan imtina etməliyik? Baş verənlərlə bağlı ilk təəssüratlarım bunlardan ibarətdir.
Mən şübhə etmirəm ki, Azərbaycan Minsk qrupu çərçivəsində danışıqların bərpasına getməyəcək. Azərbaycan prezidenti İlham Əliyev birmənalı şəkildə bildirdi ki, status müəyyən edilib. Status yoxdur. O zaman söhbət nədən gedir? Müvafiq olaraq, Ermənistan yenə Azərbaycana qarşı ərazi iddiaları irəli sürür. Bu şərtlər altında biz də onlara eyni cür cavab verməliyik”, – Azərbaycanın keçmiş XİN rəhbəri deyib.
Zülfüqarov qeyd edib ki, Ukraynada yaranan vəziyyət Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflədəcək və Kreml öz SQ-ni həm Azərbaycandan, həm də Ermənistandan çıxara bilər.
Yerevandan informasiya
Azərbaycanla sülh sazişinin imzalanması ətrafında müzakirələrin fəallaşması Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi hissəsində vəziyyətin gərginləşməsi fonunda baş verir. Orada qaz xətti zədələnib və dinc əhali humanitar fəlakət astanasındadır. Ermənistan tərəfi bildirir ki, qaz xəttinin ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına qayıdan ərazidən keçən hissəsi zədələnib. Artıq bir həftədən çoxdur ki, Azərbaycan tərəfi həmin əraziyə daxil olub bərpa işləri aparmağa icazə vermir. Bu arada isə regionda havalar soyuq keçir, əhali evlərini qazla isidə bilmir, çörək zavodları işləyə bilmir.
Bununla əlaqədar olaraq Ermənistan tərəfi Rusiya sülhməramlıları vasitəsilə danışıqlar aparır. Bundan başqa, Ermənistan hakimiyyəti məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla fəal şəkildə təmasları davam etdirir.
Ermənistan XİN-də Ermənistanda akkreditasiyadan keçmiş diplomatik missiyaların rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilib, “xarici diplomatlar Azərbaycanın Qarabağda humanitar böhranın yaranmasına yönəlmiş əməlləri ilə bağlı məlumatlandırılıb”.
Ermənistanın baş naziri Yerevanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqazdakı xüsusi nümayəndəsinə vəziyyəti təqdim edib. Toyvo Klaar öz Twitter səhifəsində yazıb ki, “beynəlxalq vəziyyət daha gərgin olduğu” üçün regiona gəlib və bu vəziyyətdə Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasında heç vaxt olmadığı qədər əzimlidir.
Nikol Paşinyan Dağlıq Qarabağ ətrafında eskalasiya və ümumilikdə regiondakı vəziyyət haqda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə danışıb. Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər telefonda aşağıdakılar haqda danışıblar:
- regionda stabillik və sülhüç qorunmasının vacibliyi,
- Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində tam nizamlanmasının vacibliyi, bunun Ermənistan və Azərbaycan arasında sülhün qurulmasına təkan verəcəyi.
Nikol Paşinyan və Kanadanın baş naziri Castin Tryudo arasında da eyni məzmunlu telefon danışığı baş tutub.
“Danışıqlar ön şərtlər olmadan aparılmalıdır”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla saziş imzalanması ətrafında yaranan vəziyyəti şərh edib. O vurğulayıb ki, danışıqlar ön şərtlər olmadan aparılmalıdır.
“Təkliflərə gəlincə, hər iki ölkə mahiyyət etibarilə hələ 1991-ci il dekabrın 8-də birlikdə “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqda Saziş”i imzalayaraq artıq qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıb və bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləyib.
Həmçinin qeyd etmək lazımdır ki, təkliflərdə qeyd olunan maddələr mövcud problemlərin tam gündəliyini əks etdirmir. Ermənistan tərəfi üçün Qarabağ ermənilərinin hüquq və azadlıqlarının aydın qarantı, o cümlədən də Dağlıq Qarabağın statusunun yekun dəqiqləşməsi prinsipial və təməl şərtlərdir. Bizim üçün Dağlıq Qarabağ münaqişəsi ərazi yox, hüquq məsələsidir”.
Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası, o cümlədən də regionda kommunikasiyaların açılması ilə bağlı təklifləri haqda danışarkən, nazir vurğulayıb:
- Ermənistan ba nazir Paşinyan, Rusiya və Azərbaycan prezidentləri tərəfindən imzalanan üçtərəfli razılaşmanın yerinə yetirilməsində ardıcıldır,
- ölkə onların yerinə yetirilməsi üzrə kompleks təkliflərlə çıxış edib, əsasən söhbət iki ölkə sərhədində qoşunların qarşılıqlı şəkildə geri çəkilməsindən, beynəlxalq monitorinq mexanizminin tətbiq edilməsindən gedir ki, Azərbaycan tərəfi bunları rədd edir.
“Ermənistanın heç vaxt ərazi iddiaları olmayıb”
Azərbaycanın təkliflərinin tərkib hissəsi olan ərazi bütövlüyünün tanınması məsələsinə gəlincə, Ermənistan cəmiyyətində bu, Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratlarını təyin etmək hüququndan imtinası kimi anlaşılır. Bununla əlaqədar olaraq, parlamentin xarici münasibətlər komissiyasının sədri Eduard Ağacanyan bildirib ki, Ermənistanın heç vaxt ərazi iddiası olmayıb:
“Söhbət Dağlıq Qarabağ xalqının öz vətənində təhlükəsiz yaşamasından gedir, 90-cı illərdən danışıqların bütün konteksti məhz bu cür olub”.
“Azartutyun” (“Azadlıq”) Radiosunun “Azərbaycanın tərkibində buna nail olmaq mümkündürmü” sualına siyasətçi belə cavab verib:
“Düşünürəm ki, bu proses müzakirə olunmalıdır və Ermənistanla Azərbaycan arasında yekun sülh sazişi çərçivəsində yekun statusa nail olmaq lazımdır”.
Yerevandan şərh
Politoloq Brnyamin Poqosyan hesab edir:
“Əgər Minsk qrupunu götürsək, anladığım qədərincə, o, 2020-ci il noyabrın 10-dan sonra reanimasiyada olub, indi isə Qərb və Rusiya arasında açıq konfrontasiyadan sonra yəqin ki, MQ artıq morqdadır. Odur ki, ondan nə gözləmək olar, mən çətin təsəvvür edirəm.
Hələ Ukrayna ərazisində müharibəyə qədər, bu isə hər halda Rusiya-Ukrayna müharibəsi deyil, qaynar fazası Ukraynada baş verən Rusiya və Qərb arasındakı müharibədir, amma hətta bu müharibəyə qədər də MQ reanimasiyada idi. Çünki hamı anlayırdı: MQ-nin 2007-ci ildə formalaşdırdığı təkliflər (Madrid prinsipləri, Kazan sənədi və s.) 2020-ci il müharibəsindən sonra artıq əhəmiyyətsizdir. Heç bir yeni təklif formalaşdırmaq cəhdi də olmayıb. İndi, Rusiya və Qərb arasında müharibə getdiyi zaman isə mən daha çox şübhə edirəm ki, MQ nəsə edə bilər.
Ermənistan hökuməti adından danışa bilmərəm, bu, mənasız işdir, amma məndə belə təəssürat var ki, Ermənistan hökuməti DQ-ni Azərbaycanın tərkib hissəsi kimi tanımağa və artıq etnik ermənilərin hüquqları uğrunda mübarizə aparmağa hazırdır, ən azı psixoloji hazırdır”.
Bununla belə, siyasi icmalçı Hakop Badalyan güman edir ki, ATƏT MQ-a müraciət “maraqlı və mühüm təşəbbüsdür”:
“Əslində bu təşəbbüs MQ-a “oyuna girmək” şansı verir. Müharibədən sonra Azərbaycan bəyan edir ki, Qarabağ məsələsi yoxdur, həll edilib. Hamı anlayır ki, o, ancaq Azərbaycan üçün yoxdur, o da dırnaq içində. Əliyev əla başa düşür ki, o mövcuddur. O, bilir ki, problemi həll etməyib və DQ-da qələbə eyfoiyası ilə bunu öz cəmiyyətinə qapatmaq mümkün deyil. Buna görə də Minsk qrupunun fəallaşması Ermənistan üçün səmərəli ola bilər. Görək həmsədrlər buna necə reaksiya verəcəklər.
Məsələ burasındadır ki, biz Minsk qrupuna Azərbaycanı imtina arqumentindən məhrum edən yöndə fəallaşmaq imkanı veririk. Azərbaycan deyir ki, özü üçün Qarabağ problemini həll edib, amma burada sülh sazişinin müzakirəsi təklif olunur. Və biz başa düşürük ki, danışıqlar prosesi başlayan zaman Qarabağ məsələsinin müzakirəsi də qaçılmaz olacaq. Buna görə də Bakının bunun müzakirəsindən imtina etməsini nəzərə alaraq Yerevanın başladacağı diplomatik oyun ehtimalı mövcuddur. Beləliklə o, simasını qoruyaraq bu prosesə yanaşa biləcək.
Yəni danışıqlar prosesi başlayır, deyilir ki, bu, Qarabağ nizamlaması ilə başlı deyil, sülh sazişi ilə əlaqədardır. Başqa sözlə, bu, diplomatik prosesin təməli ola bilər və bu, bizə lazım olan təhlükəsizlik və stabillik nöqteyi-nəzərindən vacibdir”.