Azərbaycan Dövlət Neft Şirkəti amerikalı konqresmenlərin ələ alınmasında ittiham edilir
Artıq beş ildir ki davam edən dolaşıq korrupsiya əhvalatı sonuna yaxınlaşır. Burada 10 amerikalı konqresmenin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adları hallanır. Konqresmenlər 2013-cü ildə Azərbaycana konfransa SOCAR-ın hesabına gəlməkdə və şirkətdən bahalı hədiyyələr almaqda ittiham olunurlar.
Söhbət 2013-cü ilin may ayında keçirilmiş “Azerbaijan Convention: Vision for the Future” konfransından gedir. “Washington Post” yazır ki, həmin vaxta qədər SOCAR və başqa bir neçə energetika şirkəti Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş Trans-Anadolu qaz kəmərini Amerika sanksiyalarının təsir dairəsindən çıxarmaq üçün yollar axtarırdılar. ABŞ bu layihəyə sanksiyaları İranın layihədə iştirakı üzündən qoymuşdu.
Nəticədə, “Washington Post”un məlumatına əsasən, SOCAR konfransdan istifadə etdi ki, konqresmenləri ələ alsın. Dəvət olunanların (10 konqresmen və onların 32 köməkçisi) yalnız aviabiletlərinə 112 min dollar xərcləndi. Bundan başqa, onlar hamısı bahalı hədiyyələr – ipək yaylıqlar, xalçalar və büllur almışdılar.
Həmin hədiyyələrin qiyməti yol verilən 350 dolları keçirdi – Amerika Konqresinin üzvlərinə yalnız bu məbləğə qədər hədiyyələrin qəbul edilməsinə icazə verilir. Bunlar ABŞ Konqresinin etik normalarını və xarici hökumətlərin Amerika siyasətinə təsir etməsini qadağan edən federal qanunları pozur.
İki ildən sonra konqresmenlərdən izahat tələb olundu. Onlardan biri – Devis, misal üçün, bildirdi ki, sadəcə olaraq, konfransın SOCAR tərəfindən maliyyələşdirildiyindən xəbəri olmayıb. Təşkilatçılardan alınmış xalçanı isə o, muzeyə, yaxud xeyriyyə təşkilatına təhvil verməyi vəd etdi.
SOCAR özü bəyan edir ki, heç zaman konfransın təşkilində iştirakını gizlətməyib, lakin bu tədbirin rəsmi sponsorları kimi çıxış edən qeyri-kommersiya fondlarının hesabatlarında lazımınca əksini tapmayıb.
Bütün bu işlərdə daha bir personajın – Kemal Öksüzün adı hallanır ki, o, bir növ həmin bu qeyri-kommersiya fondları vasitəsilə SOCAR-la konqresmenlər arasında vasitəçi olub. Nəticədə, Öksüz aradan çıxıb və bu yaxınlarda İnterpol tərəfindən Ermənistanda həbs olunub. Onun həbsi Etika üzrə komitənin araşdırmasında çatışmayan sonuncu bənd və həmçinin KİV-lərin bu qalmaqal barədə yenidən söhbət açmaları üçün səbəb olub.
Ümumilikdə, konfrans 2 milyon dollardan baha başa gəlib ki, bu məbləğdən 750 min dolları Öksüz birbaşa SOCAR-dan, yerdə qalanını isə qondarma şirkətlər vasitəsilə alıb. Başqa sözlə, o, özünü bu tədbirin təşkilatçısı kimi qələmə verməklə SOCAR-ı gizlədibmiş.
“Ola bilsin ki, bu korrupsiyadır, bilmirəm”, – Öksüz deyir.