Aclıq edən müxalifətçinin azadlığa buraxılması kimdən asılıdır: ölkə cəmiyyətindən, yoxsa xarici təsirdən?
Siyasətçi Azər Qasımlı JAMnews-a müsahibəsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsi və onun keçirdiyi aclıq aksiyası haqqında fikirləri ilə bölüşüb.
“Tofiq Yaqublunun həbsi prezident tərəfindən anons edilmişdi”
– Ötən ildən haqqında danışılan islahat siyasəti fonunda Tofiq Yaqublunun həbsi kimə lazım idi?
– Əvvəla, Azərbaycanda islahat keçirilmir. “İslahat” sözünün mənası odur ki, sistemdə dəyişiklik olsun. Məzmunda ciddi şəkildə fərq görmürük. Azərbaycanda istər siyasətdə, istərsə də iqtisadiyyatda rəqabət mühiti yoxdur. Yarıqapalı sistem formalaşıb ki, rəqabət bu sistemin düşmənidir. Siyasi sistemdə müəyyən transformasiya var, müəyyən dəyişikliklər var; siyasi, iqtisadi və digər resursların bir əldə cəmləşməsi, yəni Heydər Əliyevdən qalan oliqarxik sistemin menecer sisteminə, yəni oliqarxik-avtoritar rejimdən avtokratik ailə rejiminə keçidi yaşayırıq.
• Azərbaycanda daha bir növbədənkənar parlament seçkiləri gözlənilir?
• Azərbaycanda banklar niyə bağlanır?
• “Facebook”un keçmiş işçisi Azərbaycan hakimiyyətinin müxalifətçilərə hücumlarından danışıb
Ümumən götürəndə bizim istədiyimiz demokratik dəyişikliklər, siyasi sistemin özünün açılımı, siyasi meydanın açılımı, iqtisadiyyatda azad mühitin yaradılması, mədəniyyət və digər sahələrdə rəqabətin olması istiqamətində islahat görmürük, dəyişiklik var, amma bunlar islahat deyil.
Tofiq Yaqublunun həbsi də göstərir ki, Azərbaycanda islahat yoxdur. İslahat olsaydı, məhkəmələr bu cür qərar verməzdilər. Hər kəs gördü ki, Tofiq Yaqublunu məhz şərləyərək həbs etdilər. Onun həbsindən əvvəl prezident İlham Əliyev çıxışlarında yeni siyasi konfiqurasiyadan, müəyyən siyasətçilərin ölkədəki fəaliyyətinin məhdudlaşdırılmasından danışdı. Tofiq Yaqublunun həbsi də prezident tərəfindən anons edilmişdi, bu, həmin siyasətin davamıdır və islahat sözünə, fəlsəfəsinə daban-dabana ziddir.
Xarici təzyiqlərin yetərsizliyi
– Aralarında ciddi fikir ayrılığı olsa da, müxalifət partiyaları Tofiq Yaqublu məsələsində eyni mövqe sərgiləyir. Beynəlxalq təşkilatlar və səfirliklər də azadlıq çağırışları ediblər. Yetərlidirmi?
– Yetərli deyil, çünki Azərbaycanda karantin rejimi olduğundan, cəmiyyətdə müəyyən ətalət hiss olunur. Digər tərəfdən, cəmiyyətin kifayət qədər resursu yoxdur ki, ciddi şəkildə etiraz etsin. Mehman Hüseynov işində biz bunu gördük, amma etiraf edək ki, bu məsələdə tək cəmiyyətin etirazı deyildi, o cümlədən xaricdən gələn təzyiqlər vardı. Hər ikisinə, daha çox isə xaricdən gələn etirazlara görə hakimiyyət geri çəkilmək məcburiyyətində qaldı.
Tofiq Yaqublunun işində isə mən xaricdən o qədər də ciddi etiraz görmürəm. Buradakı səfirliklər bəyanat verdilər, ABŞ Dövlət Departamenti açıqlama yaydı. Bunlar üzdən olan açıqlamalardır, bir də bizim görmədiyimiz altdan olan təzyiqlər var.
Fikirləşirəm ki, həmin təzyiqlər yetərincə deyil ki, hakimiyyət geri çəkilsin. Olsaydı, çoxdan geri çəkilərdi. Bizim iqtidar ilk növbədə xaricdən gələn təzyiqlərdən çəkinir. Düşünürəm ki, irəlidə bu təzyiqlər artacaq. Bizdən də çox şey asılıdır.
Siyasətçilərin yekdil olmayan mövqeləri
– Sentyabrın 9-da bir qrup gənc Yaqublunun həbsinə etiraz əlaməti olaraq etiraz aksiyası keçirdi. Bakıda və xaricdə başqa qruplar aclıq aksiyaları keçirir. Azərbaycanda siyasətçilər nə etməlidir?
– Siyasətçilər bir araya gəlməli, ortaq mövqe sərgiləməlidir. Bu məsələ ilə bağlı etiraz aksiyalarını da düşünə bilərlər. Siyasətçilər və siyasi təşkilatların xarici əlaqələri də olmalıdır. Hər partiyada bu fərqlidir.
Bu yalnız sivil toplumun, medianın, gənclərin işi deyil. Bu, bir tərəfdən siyasi məsələdir, digər tərəfdən insan taleyidir, bir vətəndaş kimi bu məsələyə baxmaq lazımdır ki, Tofiq Yaqublu kimliyindən asılı olmayaraq, hansı siyasi təşkilatın üzvü olmasından asılı olmayaraq, vətəndaşdır, insandır. Bu gün söhbət onun həyatda qalıb-qalmamasından gedir.
Mən fikirləşirəm ki, burada siyasətçilər bir araya gəlməlidirlər, yekdil mövqe sərgiləməlidirlər, mən bunu görmürəm, hətta fərqli mövqelər görürəm. Etiraz aksiyaları ilə bağlı qərarlar çıxa bilər ki, hakimiyyət həm bunun nəticəsində, həm də xaricdən gələn təzyiqlər nəticəsində geri çəkilsin.
Tövsiyə yox, güc amili
– Hakimiyyət indiki halda nə etməlidir?
– Hakimiyyət indiki halda öz maraqlarına uyğun davranır. Buna görə də, mənim onlara tövsiyə verməyimin mənası yoxdur. Siyasətçilər, adi vətəndaşlar, ictimai-siyasi aktiv şəxslər hər zaman çalışırlar ki, hakimiyyətə nəsə tövsiyə versinlər. Bu hakimiyyətin onların məsləhətinə ehtiyacı yoxdur. Hakimiyyət kimisə həbs edəndə də, azad edəndə də öz maraqlarına uyğun qərar verir.
Azərbaycanda mütləq dəyişikliklər olacaq. Bizim cəmiyyət müəyyən mənada dəyişikliklər astanasındadır.
Mənim istədiyim odur ki, dəyişikliklər dinc formada olsun və bunların nəticəsində ölkədə demokratik açılım olsun. Azərbaycan iqtidarı tövsiyələr deyil, öz qarşısında güc gördüyü zaman geri çəkilərək, bunları edə bilər. Bu dəyişikliklər olacaq, hər hansı formada, biz istəyirik ki, dinc formada olsun.