Azəbaycanlılar Çexiyada: parlayan hər şey demokratiya deyil
Azərbaycan elitasının Çexiyadakı mülkiyyəti
Zəngin və bir-biri ilə əlaqəli azərbaycanlı investorlar, Çex Respublikasında yaşayan digər əcnəbilər arasında çox tanınmasa da, bu ölkənin məşhur turistik yerlərində yerləşən dəbdəbəli daşınmaz əmlaka məmnuniyyətlə milyardlarla çex kronu tökürlər.
Araşdırmanı Çexiyanın investigace.cz saytı dərc edib (məqalənin Azərbaycan dilində tam versiyası Meydan TV-də)
Kurort şəhəri Karlovı Varının mərkəzə yaxın hissəsində Azərbaycanın vitse-prezidentinin atasına məxsus böyük otel var. Əvvəllər Əliyevin qızının da orada bir villası var idi, lakin daha sonra onlara sadiq olan millət vəkilinə ötürdü. Mənşəyi məlum olmayan Azərbaycan vəsaitləri Çex Respublikasının digər şəhərlərinə, hətta ölkənin paytaxtı Praqaya yol tapıb.
İndi isə reportyorlar Cənubi Bohemiyada azərbaycanlıların pul qoyduğu başqa bir “yuva” ortaya çıxarıb.
- Azərbaycan hökuməti GRECO-nun bəzi tövsiyələrini icra etməyib
- Azərbaycanda “talançı ovu” – bunda təəccüblü olan nədir?
- Azərbaycan Dövlət Neft Şirkəti amerikalı konqresmenlərin ələ alınmasında ittiham edilir
Ailə Azərbaycan xalqı üçün təməl daşı hesab olunur. Bu səbəbdən bir ailə üzvü yaxşı və geniş imkanlı bir iş tapdıqda, o insanın digərlərinin yüksəlməsi üçün bir pilləkən olması və ailə klanının yaxşılığı üçün çalışması gözlənilir. Ailə həmrəyliyi hətta sərhədləri aşır.
“Məsələn, Çex Respublikasında etibarlı və istedadlı bir insan varsa, texniki biliklərinin potensial investorlara və ya köməyə ehtiyac duyan hər kəsə tez müddətdə çatması təbiidir”,- deyə Orta Asiya ölkələri üzrə mütəxəssis və Praqa Charles Universitetinin dosenti Slavomir Horak qeyd edir.
Buna görə də, əgər bir investor bu “fıksator” vasitəsilə otel satın alırsa, digərlərinin də tezliklə onun yolunu izləyəcəyini gözləmək mümkündür. Nəzərdə tutulan investisiya pulun haradan gəldiyindən asılı olmayaraq baş verəcək.
Çexiyanın Cənubi Bohemya bölgəsindəki azərbaycanlı investorlar ən azı geniş ictimaiyyət üçün olduqca müəmmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycandan gələn hər hansı bir sərmayə, xüsusilə istifadə olunan vəsaitin mənbəyi bilinmədiyi təqdirdə problemli ola bilər. Azərbaycanda siyasətlə əlaqəli insanların rəsmi maaşları heç vaxt bu xərcləri ödəməyə imkan verməsə də, tez-tez daşınmaz əmlaka və ya dəbəbəli əşyalara sərvət xərcləmələri adi hala çevrilib.
Hökumət ölkədə insan haqlarını boğur, hər növ müxalifləri təqib edir və neftdən gələn gəlir seçilmiş bir neçə nəfər arasında bölünür. Məsələ burasındadır ki, elit təbəqə də “yuxarıdakı” yerlərinin nə vaxt sona çatacağını və ya rejimin özünün nə qədər davam edəcəyini bilmir. Aktivlərinin xaricdə ( məsələn, London xaricində və ya Çexiyanın kiçik bir kurort şəhərində) saxlanılmasının səbəbi də budur.
Beynəlxalq Valyuta Fondunun 2019-cu il hesabatında Çexiyada xarici investorlara məxsus daşınmaz əmlak sayındakı artım qeyd olunub və əmlak bazarında çirkli pulların yuyulmasına qarşı ciddi tədbirlər görülməsi tələb olunub. Çexiya Maliyyə Analitik Bürosunun rəhbəri (Finanční analytický úřad – Maliyyə Nazirliyinin nəzdindəki araşdırma qurumu) Libor Kazda, bütün xarici investorların arxa plandakı məlumatlarını yoxlamağın göründüyü qədər asan olmadığını izah edib.
“Bəzən maliyyə qurumunun konkret pulun mənbəyini yoxlamaq üçün vasitəsi olmur. Yalnız Bank müştərisindən pulun qanuni yolla əldə edildiyini bildirən bir izahat alırsa, onlar nə edə bilərlər?” – Kazda sual edir. – “Bu, o demək deyil ki, əlavə yoxlama aparılmır. Əslində, yalnız verilən izahat şübhəli ola bilər”.
Bununla yanaşı, Kazda qeyd edir ki, Çexiyada yazılı izahat verilməsi pulun mənbəyini və ya sahibini izah etmək üçün çox vaxt kifayət edir.
Bahalı xarabalıqlar
Cənubi Bohemiya bölgəsi tez-tez mənzərəli Cesky Krumlov şəhəri və ya Çex dənizi adlandırılan Lipno su anbarı ilə əlaqələndirilir. Bir restoran və ya otelə sahib olmaq üçün ideal olan bu yerdə biznes planlarına çox güvənən bir neçə azərbaycanlı investor yüz milyonlarla CZK (1 milyon CZK = təqribən 48.000 ABŞ dolları) investisiya qoymaqdan çəkinməyib. Bununla birlikdə, planlardan biri bürokratik qarabasmaya çevrilib və Lipno gölünün sahilində sökülmüş bir yer kimi durur, digər planların nəticəsi olaraq isə investorun tərk etdiyi açıq restoran və otellərdən daha çox qapalı yerlərə rast gəlinir.
“Nəhəng planlar var idi, onlar (investorlar) hər gün buraya gəlirdi, Praqadakı böyük brendlər tikinti planları qururdu … Hətta ailə şirkətimizi almaq istəyirdilər və sonra birdən getdilər. Onlar yoxa çıxdı və layihələr dayandı”, – deyə Lipno bölgəsindən olan kiçik sahibkarlardan biri qeyd edib. – “Yerli əhalinin onları burada istəmədiyini, böyük pul problemi yaşadıqlarını eşitdim”.
Gözəl bir gəmi formasında olan otelin yerinə indi dağıntısının qaldığı kiçik kəndin bələdiyyə başçısı çiyinlərini çəkir:
“Yaxşı, bu möhtəşəm planlardan nə ortaya çıxdığını görürsən. Böyük bir qarışıqlıq və bir çox dağıntı. Heç olmasa ətrafına bir çəpər qoydular, beləliklə, heç kim yaralanmır”.
Bu kiçik kənd Hurka adlanır və Cənubi Bohemiya bölgəsinin əsas turistik yerlərindən biri olan Lipno su anbarının əhatə etdiyini az sayda kəndlərdən biridir. “Göl”, Avstriya sərhədinə yaxın yerləşir və zəngin xarici və yerli investorları cəlb etməklə məşhurdur.
Gözünüzə dəyən ilk şey, tikinti sahəsinə bənzəyən ətrafı çəpərli yerdir, lakin binanın orijinalı 2018-ci ildə söküldüyündən bəri orada heç kim işləmir.
İndi bura ağacdan və şüşədən düzəldilmiş dəbdəbəli böyük bir gəmi şəklində sağlamlıq oteli kimi fəaliyyət göstərməli idi. Layihə bürokratiya səbəbilə və COVID-19 zamanı məhdudiyyətlər səbəbindən dayandırılıb – ən azından investorlar belə deyir. Ərazi bölgənin paytaxtına yaxın, sürətlə böyüyən peyk şəhəri Ceske Budejovice-də başqa bir torpaq sahəsinə sahib olan „ALPS s.r.o.“ şirkətinə məxsusdur. Ancaq orada da heç bir şey edilmir.
İkinci iddialı Azərbaycan layihəsi məşhur turizm şəhəri Cesky Krumlovda iki binanın və Lipno su anbarının sahilində yerləşən kiçik Frymburk qəsəbəsində bir binanın alınması ilə başladı. Ancaq böyük planlar yerində qaldı. Cesky Krumlovdakı bir restoran təmirə çox pul xərcləndikdən sonra heç açılmadı, ikinci investisiya qoyulan otel isə yaxşı işlədi, ancaq indi başqası tərəfindən idarə olunur. Frymburkda yerləşən restoran iki sezon (iki yay və bir qış) açıq idi və 2018-ci ildə bağlandı. Sahibi yoxa çıxdı.
“Onu bir ildən çox görmədim”, – Cesky Krumlovdakı otel sahiblərindən biri deyir. – “Ancaq bir gün ortaya çıxdı və sonra getdi”.
Sahiblər kimdir?
ALPS, Londonda sahibi məlum olmayan, dəbdəbəli mənzildə yaşayan azərbaycanlı Cümə Əhmədzadəyə məxsusdur. Əhmədzadənin atası bu yaxınlarda Azərbaycan hökumətindəki vəzifəsindən azad edilib.
Regionun paytaxtı Ceske Budejovicedə, eyni Çex ünvanında qeydiyyatdan keçmiş digər bir şirkət, LECO-CB şirkətidir. Şirkətin sahibi Azərbaycanın Beynəlxalq Bankının keçmiş rəhbərinin xanımı Zamirə Hacıyevadır.
Hacıyev hazırda fırıldaqçılıq və bankdan pul mənimsəmə ittihamı ilə Azərbaycanda həbsdə saxlanılır. O, 15 il həbs cəzasına məhkum edilib. Hacıyevanın Londondakı mülkünün dəyəri təxminən 11,5 milyon funt sterlinqdir. Ev, Hacıyevanın 10 ildə 16 milyon funt-sterlinqdən çox xərclədiyi və bunun 6 milyon funt-sterlinqini ərinin çalışdığı bankın verdiyi kredit kartlarından etdiyi dəbdəbəli alış-veriş mərkəzi „Harrods“un yaxınlığında yerləşir. İngiltərə rəsmiləri hazırda ailənin sərvətinin mənbəyini araşdırır və bu müddət ərzində əmlaklarını dondurub.
Azərbaycanda korrupsiyanın xüsusiyyətləri
“Azərbaycan elitasının mentalitetini anlamaq lazımdır. Bütün dövlət müəssisələri, eləcə də Mərkəzi Bank hakim təbəqə üçün pul qutusu hesab olunur. Buna görə, yaxşı əlaqələri olan hər hansı bir şəxsə, məsələn, bankın baş icraçı direktorunun qohumuna pul lazımdırsa, onu əldə etməyin hər zaman yolu var”, – deyə Horak izah edir. Ancaq bu nöqteyi-nəzərindən bu sadəcə Azərbaycan üçün unikal və ya tipik deyil.
Digər tərəfdən, yüksək vəzifəlilərlə əlaqələri olmayanlar bundan əziyyət çəkirlər. Bir qayda olaraq, hökumət elitasının dövlət xəzinəsindən pulu mənimsədiyindən hər hansı bir ölkə xəstəxanasındakı xidmət, təhsil, rifah kimi digər sahələrdə bərabərsizlik hiss olunur. Siyasətdə korrupsiya və qaçaqmalçılıq ənənələri də önə çıxır.
2017-ci ildə neft qiymətlərinin aşağı düşməsilə yaranan iqtisadi böhran Azərbaycana zərbə vuranda Prezident Əliyev bütün növ müxalifləri öncəkindən daha çox təqib etməyə başladı. O, gücünü möhkəmləndirmək üçün səy göstərdi, məsələn, həyat yoldaşını vitse-prezident təyin edərək onu öz varisi elan etdi.
Tanınmış avtoritar, qeyri-demokratik və korrupsiyaya qarışmış rejimə baxmayaraq, Azərbaycan Çex Respublikasının bütün Cənubi Qafqaz bölgəsinin ən əhəmiyyətli, əsas ticarət tərəfdaşı olaraq qalır. Bu ölkədən əsas idxal olunan neftdir. 2020-ci ildə Çex Respublikasına idxal olunan bütün neftin üçdə biri bu ölkədən gəlir. Çexiya Ticarət Nazirliyinə görə Azərbaycanda onlarla şirkət fəaliyyət göstərir.