Avropa Şurasının (AŞ) sənədində 2015-ci ilin məlumatları göstərilib ki, onlara əsasən Gürcüstan cəza qismində azadlıqdan məhrum etməni ən çox tətbiq edən ölkələr qrupuna daxildir.
Hesabata görə, Gürcüstanda cəmi 10 242 məhbus var ki, onlardan 54-ü həddi-büluğa çatmayanlardır. Bu rəqəmlərə görə, hər 100 min adamın payına 274 məhbus düşür. Məlum göstərici AŞ ölkələrinin orta statistik göstəricilərindən (hər 100 min adama 115 məhbus) qat-qat çoxdur. Çoxlu miqdarda məhbusları olan ölkələr sırasına Gürcüstandan savayı bunlar daxildir: Rusiya – hər 100 min adama 439,2 məhbus, Litva – 277,7, Latviya – 224,4, Türkiyə – 220,4 və Moldova – 219,9.
2005-ci illə müqayisədə Gürcüstanda 2015-ci ildə məhbusların ümumi sayı 18% artıb ki, məlum rəqəmlər bu vaxt kəsiyi ərzində dəyişərək, 2011-ci ildə özünün pik həddinə çatıb. Həmin il dəmir barmaqlıqlar arxasında 24 186 adam olub.
Gürcüstan 2015-ci ildə narkotik üstündə məhbəsə düşən məhbusların sayına görə İtaliyadan sonra ikinci yeri tutub. Ölkədə mövcud olan bütün məhbusların 30%-i (demək olar ki, hər üçüncüsü) bu cür maddələrlə cəza çəkir.
Gürcüstanda yayılmış cinayətkarlıqlar arasında ikinci yeri oğurluq tutur (məhbusların ümumi sayının 28,7%-i). Bu, Avropada Bolqarıstan və Avstriyadan sonra üçüncü göstəricidir. Qarətlər Gürcüstanda cinayətlərin yayılma dərəcəsinə görə üçüncüdür – məhbəsdə olanların 19%-i məhz bu cinayəti törədib. Qətl və qətlə cəhdə görə 13,1% (hər yeddinci) məhbus cəza çəkir.
Həmçinin Avropa Şurasının hesabatına əsasən, 2015-ci ildə Gürcüstanda məhbəsdən qaçma halları qeydə alınmayıb.
Gürcüstanda hər gün hər məhbusa orta hesabla 6 avro xərclənir. Bu, AŞ-nin araşdırmalarına daxil olmuş ölkələr arasında ən aşağı göstəricidir. Ən yüksək göstəricilərsə İsveçdə və San-Marinodadır. Adı çəkilən ölkələrdə məhbusun gündəlik saxlanması 354 və 480 avroya başa gəlir.