Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə: "Siyasi məhbuslar dərhal azad edilsin"
Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə
Avropa Parlamenti 18 dekabrda qəbul etdiyi yeni qətnamədə Azərbaycanda siyasi repressiyaların sistemli xarakter aldığını bildirərək, hökuməti siyasi məhbusları dərhal azad etməyə çağırıb.
Sənəddə alimlər, vətəndaş cəmiyyəti fəalları və müxalifət liderinin həbsi xüsusi vurğulanır.
Qətnamədəki əsas məqamlar
Qeyd olunur ki, Azərbaycanda siyasi məhbusların sayı təxminən 400 nəfərə çatıb. Sənəddə bu vəziyyətin müstəqil media, akademik azadlıq və vətəndaş cəmiyyətini sıradan çıxarmağa yönəlmiş sistemli repressiya siyasəti ilə bağlı olduğu vurğulanır.
Qətnamədə bir sıra konkret işlər xüsusi olaraq qeyd edilir. Onların arasında sülh fəalı və tədqiqatçı Bəhruz Səmədov, talış alim İqbal Əbilov, iqtisadçı Qubad İbadoğlu, doktorant Fazil Qasımov və müxalifət lideri Əli Kərimli var.
Bəhruz Səmədov 2024-cü ilin avqustunda saxlanılıb və bu ilin iyununda “dövlətə xəyanət” ittihamı ilə 15 il azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri bildirir ki, ittihamlar onun Qarabağ münaqişəsi ilə bağlı sülh çağırışları və hökumət tənqidlərinə əsaslanır. Məhkəmə prosesi qapalı keçirilib və hazırda o, həbsdədir.
İqbal Əbilov bu ilin mayında “dövlətə xəyanət” və “etnik nifrətin qızışdırılması” ittihamları ilə 18 il həbs cəzası alıb. Beynəlxalq təşkilatların məlumatına görə, iş materialları əsasən onun Talış dili və mədəniyyəti ilə bağlı akademik fəaliyyəti və erməni alimlərlə elmi yazışmalarına söykənir. O da hazırda həbsdə saxlanılır.
Qubad İbadoğlu 2023-cü ildə saxlanılıb və uzun müddət istintaq təcridxanasında qaldıqdan sonra 2024-cü ilin aprelində ev dustaqlığına buraxılıb. Cinayət işi formal olaraq dayandırılsa da, ittihamlar ləğv edilməyib və o, ölkədən çıxış qadağası səbəbindən ağır səhhət problemlərinə baxmayaraq müalicə üçün xaricə gedə bilmir.
Fazil Qasımov bu ilin martında “saxta pul dövriyyəsi” ittihamı ilə 9 il həbs cəzasına məhkum edilib. O, ittihamları rədd edir və işin Qubad İbadoğlu ilə əlaqəli siyasi sifariş olduğunu deyir. Hazırda o, həbsdədir və penitensiar müəssisədə hüquqlarının pozulmasından şikayət edir.
Qətnamədə müxalifət lideri Əli Kərimlinin də saxlanılması xatırladılır. O, bu ilin noyabrında “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamı ilə həbs edilib və hazırda istintaq təcridxanasında saxlanılır. Kərimli ittihamları siyasi motivli adlandırır.
Rəylər və beynəlxalq çağırışlar
Avropa Parlamentinin qətnaməsini şərh edən hüquq müdafiəçisi, Repressiyalara Son Kampaniyasının rəhbər komitə üzvü Səməd Rəhimli bildirib ki, sənəd repressiyaların artdığı bir mərhələdə mühüm siyasi siqnaldır.
“Avropa Parlamenti Azərbaycanda təqib olunan vətəndaş cəmiyyətinin hüquqlarını müdafiə edən nadir Avropa institutlarından biridir.
Bu qətnamə göstərir ki, Azərbaycan məsələsi beynəlxalq gündəmdən çıxmayıb. Hökumət təkcə müxalifəti və medianı deyil, qaydalara əsaslanan beynəlxalq nizamı da hədəfə alır. Aİ artıq sözlə kifayətlənməməlidir”.
Qətnamədə həmçinin vurğulanır ki, Azərbaycanla gələcək hər hansı tərəfdaşlıq sazişi insan hüquqları sahəsində real irəliləyişlər, siyasi məhbusların azad edilməsi və məhdudlaşdırıcı qanunvericiliyin ləğvi ilə şərtləndirilməlidir.
Avropa Parlamenti Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiya Mexanizmi çərçivəsində məsul şəxslərə qarşı hədəfli sanksiyaların tətbiqini də istisna etmir.
Avropa Parlamentində Azərbaycanla bağlı qətnamə