Avropa Parlamenti məyusdur və Gürcüstana maliyyə yardımını dayandırmağı təklif edir
Avropa Parlamentinin deputatları uzun müddətli səylərə və Avropa Şurası prezidentinin şəxsi nümayəndəsinin vasitəçiliyinə rəğmən Gürcüstanda hakimiyyət və müxalifətin kompromisə getməkdən imtina etməsilə bağlı “dərin məyusluqlarını” ifadə ediblər. Aprelin 1-də dərc olunan birgə bəyanatda Avropa İttifaqının Gürcüstana maliyyət yardımını dayandırması təklif olunur.
Gürcüstanda siyasi böhran haqda
Gürcüstanda siyasi böhran 2020-ci ilin oktyabrında parlament seçkilərindən sonra başlayıb. Müxalifət seçkilərin nəticələrini tanımayıb və parlamentdə yerlərindən imtina edib. Nəticədə ölkə tarixində ilk dəfədir ki, faktiki birpartiyalı parlament fəaliyyət göstərir. Bununla belə bütün qərbli müşahidəçilər və diplomatik missiya seçkiləri çox sayda pozuntular olsa da, azad və ədalətli kimi tanıyıblar.
Vəziyyət 2021-ci ilin fevralında ən reytinqli müxalifət partiyasının – Vahid Milli Hərəkatın lideri Nika Meliya xüsusi əməliyyat nəticəsində həbs ediləndən sonra xüsusilə ağırlaşıb.Hazırda siyasi prooseslər küçələrdə davam edir, müxalifət və vətəndaş cəmiyyəti fəalları mütəmadi mitinqlər keçirirlər. Əsas iki tələb var: siyasi məhbusların azad edilməsi və növbədənkənar parlament seçkilərinin elan olunması.
Ölkədə akkreditasiyadan keçmiş diplomatların vastəçiliyi ilə danışıqlara rəğmən tərəflər razılığa gələ bilməyib. Daha sonra Avropa Şurasının prezidenti Şarl Mişel Gürcüstana gəlib, baş nazir İrakli Qaribaşvili isə vəziyyətin müzakirəsi üçün Brüsselə dəvət olunub. Amma bu görüşlər də bir fayda verməyib.
Aİ prezidentinin şəxsi nümayəndəsi nümayəndəsi Kristian Denielson danışıqlarda iki dəfə vasitəçi olub, bir neçə gün ərzində saatlarla görüşlər keçirib. Martın 31-də Tbilisiyə ikinci gəlişində Denielson tərəflərə razılaşma ilə bağlı öz variantını təklif edib, amma nəticədə tərəflərdən heç biri bu razılaşmanı imzalamaq istəməyib.
Avropa Parlamentinin deputatları siyasi konsensunsdan imtinanın Avropa İttifaqı və Gürcüstan arasındakı gələcək münasibətlərə təsir edəcəyi haqda xəbərdarlıq ediblər.
“Siyasi partiyaların kompromisdən imtinasından sonra Gürcüstan liderləri Avropa İttifaqı ilə münasibətlərin adi rejimdə davam edəcəyini gözləməməlidirlər. Həmçinin Avropa Parlamenti Avropa İttofaqı tərəfindən maliyyə yardımının dayandırılmasını, o cümlədən də Aİ-nin makromaliyyə yardımı və büdcənin dəstəklənməsi proqramı üzrə xərclərin azaldılmasına və tələblərin yüksəldilməsinə çağırır”, – yeddi nüfuzlu parlament üzvünün aprelin 1-də imzaladığı bəyanatda deyilir.
Söhbət Gürcüstanın 2021-ci ilin oktyabrında gözlədiyi 60 milyon avro həcmində yardımdan gedir.
“Bu nəticədə həm iqtidar partiyası, həm də danışıqlarda iştirak edən əsas müxalifət partiyaları günahkardır. Amma iqtidar partiyasının üzərinə xüsusi məsuliyyət düşür”.
Avropa Parlamenti deputatlarının birgə bəyanatda daha sonra deyilir:
“Biz Kristian Denielsonun yorulmaz işini qətiyyətlə dəstəkləyirik və onun razılaşma variantının dərc edilməsini alqışlayırıq ki, bu vasitəçilik prosesinin şəffaflığını daha da artırıb.
Bu sənədin məzmunu həqiqətən də Gürcüstan üçün doğru istiqamətdir: iddialı seçki və məhkəmə islahatları, Gürcüstan parlamentində məsuliyyətin əhəmiyyətli bölünməsi və ən vacibi gələcək seçkilərlə və iki siyasi mühakimə halı ilə bağlı qərar.
Bu təklif siyasi balanslıdır. Bu, həm qanunun aliliyinə, həm də 2020-ci il parlament seçkilərinin beynəlxalq dəyərləndirilməsinə hörmət edir.
Biz həmçinin siyasi vəziyyət imkan verəcəyi zaman Avropa Parlamenti tərəfindən dəstəklənən Jean Monnet danışıqlar prosesinin həyata keçirilməsinə başlanılmasını da alqışlayırıq.
Gürcüstan parlamentində seçki və məhkəmə islahatları ilə bağlı qərarların qəbul edilməsi geniş siyasi dəstək və ATƏT / DİİHB və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinin tam həyata keçirilməsini tələb edir.
Bu islahatlar siyasi proseslərin iştirakçıları arasında etibarın bərpasının açarıdır. Biz iqtidar partiyasını həm gələcək seçilər, həm də məhkəmə sistemində bundan sonra da pozuntunun qarşısını almaq, o cümlədən də gələcəkdə mümkün razılaşma üzərinə lazımsızca qapıları bağlamamaq üçün həqiqətən hərtərəfli prosesi təmin etməyə çağırırıq.
Biz Gürcüstan liderlərini dərhal tədbirlər görməyə çağırırıq. Aİ və Gürcüstan arasındakı gələcək münasibətlər karta qoyulub”.
Bəyanatı imzalayanlar:
- Devid Makallister (Almaniya), Xarici İşlər Komitəsinin sədri, Demokratiyaya Dəstək və Seçkilərin Koordinasiyası Qrupunun həmsədri;
- Marina Kaliurand (Estoniya), Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri;
- Andrey Kubilyus (Litva), “Euronest” Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri;
- Viola fon Kramon-Taubadel (Almaniya), Gürcüstanda Demokratiyanın Dəstəklənməsi və Seçkilərin Koordinasiyası Qrupunun aparıcı üzvü;
- Sven Mikser (Estoniya), Avropa Parlamentinin Gürcüstan üzrə daimi məruzəçisi;
- Mixael Qaler (Almaniya), Avropa Parlamentinin Ukrayna üzrə daimi məruzəçisi;
- Petra Austreviyul (Litva), Avropa Parlamentinin Belarus üzrə daimi məruzəçisi.