Avropa Parlamenti Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib
Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi
Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi qəbul edilib. Avropa Parlamenti Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyib. Lakin o, həmçinin Avropa Şurasını Bidzina İvanişviliyə qarşı fərdi sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırıb.
Avropa Parlamenti bu gün, iyunun 9-da Avropa Parlamentinin beş siyasi qrupunun təşəbbüsü ilə Gürcüstanda media azadlığının və jurnalistlərin təhlükəsizliyinin pozulması ilə bağlı birgə qətnamə qəbul edib.
- “Le Figaro”: “Gürcüstan Moskva orbitinə qayıtmaq üçün Aİ-ni tərk edir”
- “Vəziyyət qaranlıqdır” – Avropa Parlamentinin deputatları Gürcüstan xalqına müraciət edib
- “Əsas üçün mübarizə aparırıq” – yüzlərlə jurnalist Tbilisidə küçə etirazında. Foto
Sənədin mətni hələ dərc olunmayıb, lakin artıq məlumdur ki, Avropa Parlamenti:
- Gürcüstanda medianın vəziyyətindən və son illərdə jurnalistlərin təhlükəsizliyinin əhəmiyyətli dərəcədə pisləşməsindən narahatlığını ifadə edir. Avropa Parlamenti jurnalistlərə qarşı hədə-qorxu, təhdid və zorakılıq hallarını və media sahiblərinə qarşı cinayət işlərinin sayının artmasını pisləyir;
- müxalif “Mtavari” telekanalının direktoru Nika Qvaramiya haqda hökmü pisləyir və “Sərhədsiz Reportyorlar”ın hökmə yenidən baxılması çağırışını bölüşür;
- dövlət orqanlarını 2021-ci il iyulun 5-də zorakılıq törədən qruplar tərəfindən törədilmiş cinayətləri səmərəli şəkildə araşdırmağa çağırır;
- telefon dinləmələri qalmaqalına nəzarət edir və hakimiyyəti dövlət orqanlarının məlumatları necə topladığına demokratik nəzarət üçün müvafiq mexanizmlər yaratmağa çağırır;
- Gürcüstan hakimiyyətini keçmiş prezident Mixail Saakaşvilini lazımi tibbi yardım ala bilməsi üçün humanitar əsaslarla həbsdən azad etməyə çağırır.
Avropa Parlamenti bu qətnamə ilə Aİ qurumlarını Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi üzərində işləməyə çağırır. Lakin bir şərtlə ki, Gürcüstan hökuməti Avropa Parlamentinin tövsiyələrinə əməl etsin.
Maraqlıdır ki, Avropa Parlamenti Ukrayna və Moldova ilə bağlı da analoji qətnamə qəbul edib, lakin bu ölkələrin işində şərtlərdən söhbət getmir.
Artıq qəbul edilmiş qətnaməyə sonradan düzəlişlər edilib, Avropa Şurası və onun demokratik tərəfdaşları Bidzina İvanişviliyə qarşı fərdi sanksiyaların tətbiqi məsələsini də nəzərdən keçirməyə çağırıb.
Avropa Parlamenti ölkədəki yeganə oliqarx Bidzina İvanişvilinin Gürcüstanın siyasi və iqtisadi həyatında destruktiv rolundan narahatdır. Avropalı deputatlar həmçinin İvanişvilinin Kremllə əlaqələrindən və oliqarxın ölkə hakimiyyətinə nəzarətindən narahatdırlar.
Qətnamə layihəsi dünən, iyunun 8-də Avropa Parlamentində müzakirə olunub. “Biz məyus olduq”, “Nika Qvaramiya”, “Sanksiyalar”, “Bidzina İvanişvili”, “5 iyul”, “Gürcüstan geri çəkildi” – bu sözlər əsasən Avropa Parlamentində səslənib.
Bu gün Gürcüstan həbsxanalarında üçüncü prezident Mixail Saakaşvili və Nika Qvaramiya kimi “ən görkəmli adamlar” saxlanılır – deputat Anna Fotıqa Avropa Parlamentində çıxışı zamanı deyib.
Çexiya nümayəndəsi Marketa Qreqorova Gürcüstan hökumətinin mediaya qarşı təqiblərdə iştirakından məyus olduğunu bildirib.
Litvanın keçmiş baş naziri, Avropa Parlamentinin üzvü Andrius Kubilius qeyd edib ki, media azadlığı Gürcüstan hökumətinin siyasətinin qurbanıdır.
Avropa Parlamentinin deputatı Miriam Lexman Gürcüstanın Avropa yolunu dəstəkləmək üçün İvanişviliyə qarşı sanksiyaların tətbiqini açıq şəkildə tələb edib.