Avropa Parlamenti Azərbaycanda seçkiləri izləməyəcək
Avropa Parlamenti bəyan edib ki, Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərini izləməyəcək. Səbəb açıqlanmır.
Avropa Parlamentinin yaydığı press-relizdə deyilir:
“Avropa Parlamenti üzvlərindən və ya strukturlarından heç biri Avropa Parlamenti adından seçki prosesini izləmək və ya şərh etmək səlahiyyətində deyil. Əgər Avropa Parlamentinin hər hansı üzvü bu seçkiləri izləmək qərarına gəlsə, o, bunu öz şəxsi adından edəcək və heç bir halda Avropa Parlamentinin nöqteyi-nəzərini və ya mövqeyini ifadə etməyəcək”.
____________________________________________________________________________________________
• Şərh. Azərbaycanda nə baş verir – yuxarıların inqilabı, yoxsa imic korreksiyası?
• ATƏT müşahidəçiləri Azərbaycanda prezident seçkilərini tənqid edib
____________________________________________________________________________________________
Əvvəllər Avropa Parlamenti Azərbaycanda bu və ya digər seçkilərdə müşahidəçi olduğu zaman bu, əksərən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tənqidlə nəticələnib.
Məsələn, 2013-cü il prezident seçkilərindən sonra (bu seçkilərdə İlham Əliyev növbəti dəfə qalib elan olunub) Avropa Parlamentinin və Demokratiya İnstitutları və İnsan Haqları Bürosunun (DİİHB) dəyərləndirmələri arasındakı fərqə görə böyük qalmaqal yaşanıb. Avropa Parlamentindən olan müşahidəçilər bildirmişdi ki, seçkilər ədalətli keçib, DİİHB isə çoxsaylı pozuntuların olduğunu demişdi.
Azərbaycanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin sonunda parlament özünü buraxdığını elan edəndən sonra təyin olunub. Təşəbbüskar isə “Yeni Azərbaycan” iqtidar partiyası olub.
Müxalifətin reaksiyası: “Yaxşı xəbərdir!”
Qeydiyyatdan keçməmiş müxalif “Respublikaçı Alternativ” partiyasının lideri İlqar Məmmədov bu xəbərdən məmnun qalıb və bunu “yaxşı xəbər” adlandırıb.
“Avropa İttifaqının Parlamenti bu qərarını bəyan etməklə Əliyev rejiminə imkan vermədi ki, insanları növbəti dəfə çaşdırsın: əvvəlki seçkilərdə ayrı-ayrı AP üzvləri gəlib burda yersiz bəyanatlar verirdilər, telekanallar isə onların rəyini AP-nin rəyi kimi təqdim edirdi”, – İlqar Məmmədov Facebook səhifəsində yazıb.
O özü kütləvi iğtişaş təşkil etmək ittihamı ilə məhkum olunduğu üçün gözlənilən seçkilərdə iştirak edə bilmir. Avropa İnsan Haqları Məhkəməsi bu ittihamın ədalətsiz olduğu haqda qərar çıxarıb və Azərbaycan hakimiyyətindən İlqar Məmmədovun hüquqi statusunun bərpa olunmasını tələb edib. Amma bu tələb hələ yerinə yetirilməyib.
Amma “Respublikaçı Alternativ” partiyasının üzvləri fəal şəkildə seçkilərə hazırlaşırlar.
Müxalif “Demokratik Qüvvələrin Milli Şurası”nın liderlərindən biri Əli Kərimli də bu xəbərdən məmnundur – onun fikrincə, bu, ən başından baş tutacaq seçkilərin beynəlxalq legitimliyini şübhə altına alır.
“Ötən illərdə Azərbaycan hakimiyyətinin kürü diplomatiyası ifşa olundu. Avropa və bütün dünya bildi ki, rejimin Azərbaycandan oğurlayıb Londondakı ofşor şirkətlərin hesabına yatızdırdığı 3.9 milyard dollar pulun 50 milyon avrosu avropalı siyasətçilərin satın alınmasına xərclənibmiş. Bütün dünya onu da bildi ki, Azərbaycan hakimiyyətinin satın aldığı avropalı siyasətçilərdən əsasən iki istəyi olub. Azərbaycanda insan hüquqları pozulmasını, siyasi məhbus mövzusunu ört-basdır etmək və saxtalaşdırılan seçkilərə demokratik seçki donu geyindirmək. Avropa Parlamentinin son qərarı Azərbaycan hakimiyyətinin kürü diplomatiyasının iflasının nəticəsidir”, – Əli Kərimli hesab edir. Onun fikrincə, bu, Avropa Parlamentinin növbədənkənar seçkiləri müşahidə etmək istəməməyinin əsas səbəbidir.
“Demokratik Qüvvələrin Milli Şurası” növbədənkənar parlament seçkilərini boykot etmək qərarı verib və bu seçkiləri “şou” adlandıraraq iştirakdan imtina edib.
Rəsmi reaksiya: “Onlar sadəcə dəvət olunmayıb”
Parlamentin beynəlxalq münasibərlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov isə bildirib ki, “radikal müxalifət elə bir imic yaratmaq istəyir ki, guya Avropa İttifaqı seçkilərdə müşahidəçi qismində iştirak etmirsə, deməli, heç kim də iştirak etmək fikrində deyil”.
Seyidovun versiyasına görə, Azərbaycan sadəcə nə Avropa İttifaqına, nə də Avropa Parlamentinə seçkiləri müşahidə etmələri üçün dəvət göndərməyib, çünki bu təşkilatlara daxil deyil.
“Təbii ki, Azərbaycan tərəfi dəvətnamə göndərmədiyi halda Avropa Birliyi və ya Avropa Parlamenti seçkiləri izləmək üçün nümayəndə heyəti göndərə bilməz”, – Seyidov deyib.