Avropa İnsan Haqları Məhkəməsi erməni hərbçinin qətlilə bağlı iş üzrə Azərbaycanı təqsirli elan edib
Azərbaycan erməni hərbçi Qurgen Marqaryanın qətlində günahlandırılan azərbaycanlı zabit Ramil Səfərovu əfv etməklə Avropa Konvensiyasının iki maddəsini pozub.
Mayın 26-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) belə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Azərbaycan iddiaçılara yalnız məhkəmə xərclərinin ödənilməsi üçün 15 min funt sterlinq həcmində kompensasiya ödəməlidir. İş üzrə iddiaçı qismində mərhumun doğmaları və hərbçi yoldaşı Hayk Makuçyan çıxış ediblər. Onlar özləri üçün maddi kompensasiya istəməyiblər.
“Biz ədalətə nail olmaq istəyirdik, kompensasiyaya yox. Bizim üçün ağır cinayətlər faktının təsdiqlənməsi vacibdir, cəzasızlığa son qoymaq və ermənifobiyanın qarşısını almaq vacibdir”, – Hayk Makuçyan deyib.
- Ermənistan və Azərbaycan jurnalistləri tam gizli rejimdə qarşılıqlı səfər edib
- Ermənistan eyni hərbi blokda olduğu ölkələr tərəfindən Azərbaycana silah satılmasının əleyhinədir
Səfərovun işi
2004-cü ilin yanvarında baş leytenant Ramil Səfərov başqa bir azərbaycanlı hərbçi ilə Budapeştə, NATO tərəfindən təşkil olunan üç aylıq ingilis dili kursina gedib. Həmin kursda iki erməni zabit də olub: Qurgen Marqaryan və Hayk Makuçyan. Bütün kursantlar Milli Müdafiə Universitetinin yataqxanasında yerləşdiriliblər.
Fevralın 19-da səhər erkən Səfərov Marqaryanın otağına girib, onun başına və boynuna balta ilə 16 zərbə endirərək öldürüb. Bunun ardınca o, Makuçyanı da öldürmək istəyib, amma onun otağının qapısı bağlı olub və hadisə yerinə dərhal polis gəlib.
Səfərov öz əməlini əvvəlcə Cəbrayıl rayonundan (Qarabağ müharibəsi zamanı Ermənistanın nəzarəti altına keçib) olduğu üçün ermənilərə qarşı nifrət hiss etməsi ilə izah edib. Daha sonra məhkəmədə o bildirib ki, Marqaryan və Makuçyan onu təhqir edib və təxribata çəkiblər.
2006-cı ildə Macarıstan məhkəməsi Səfərovu ağırlaşdırıcı halda qətl törətməkdə təqsirli bilib və 30 il müddətində əfv üçün müraciət etmək haqqı olmadan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Macarıstan həbsxanasında Səfərov ümumilikdə səkkiz il qalıb. 2012-ci ildə Azərbaycan cəzasının qalan hissəsini vətəndə çəkməsi şərtilə onun ekstradisiya edilməsinə nail olub.
Amma Azərbaycana gətirilən kimi prezident İlham Əliyev Səfərovu əfv edib. Bundan başqa, onun rütbəsini mayora yüksəldib və mənzil bağışlayıblar.
Bütün bu baş verənlər beynəlxalq qalmaqala səbəb olub, Azərbaycan cəmiyyətində isə Səfərovun əməli ilə bağlı fkirlər haçalanıb: bəziləri onu qəhrəman, digərləri isə ölkəni biabır edən cani hesab edir.
Avropa Məhkəməsinin qərarı
AİHM təsdiq edib ki, Səfərovu əfv etməklə (Macarıstan Məhkəməsinin hökmünə rəğmən) Azərbaycan Avropa Konvensiyasının yaşamaq hüququ və diskriminasiyanın qadağan olunması haqda 2-ci və 14-cü maddələrini pozub. Həmçinin AİHM Azərbaycan hakimiyyətinin bu cinayətə “haqq qazandırmasını və dəstəkləməsini” vurğulayıb.
Amma bununla belə məhkəmə Azərbaycanı bilavastə bu cinayətə görə təqsirli saymayıb.
İşdə ikinci cavabdeh Səfərovu Azərbaycana təhvil verdiyi üçün Macarıstan olub. Amma AİHM bununla bağlı heç bir pozuntu tapmayıb.
Məhkəmə qərarına Azərbaycandan reaksiya
Azərbaycanın Xarici İşlər Nazirliyi hesab edir ki, məhkəmə faktiki olaraq Ermənistanın əsas niyyətini təmin etməyib, çünki əfv qərarının ləğv edilməsini tələb etməyib və yaşamaq hüququ haqda maddənin pozulması ilə bağlı maddi iddianı rədd edib.
“Avropa İnsan Haqları Məhkəməsinin məlumatına görə, Ramil Səfərov fərdi şəkildə hərəkət edib və Azərbaycan hökumətini təmsil etməyib. Beləliklə, Azərbaycan hökuməti bu əmələ görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz”, – nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Bundan başqa, nazirlik hesab edir ki, işdə “Ramil Səfərovun 1993-cü ilin avqustunda Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal olunan Cəbrayıl rayonunda anadan olduğu, müharibədə yaxınlarını itirdiyi, yeniyetmə ikən məcburi köçkün həyatının bütün ağırlıqlarını yaşadığı” əks olunmalı idi.
Azərbaycan hakimiyyətindən başqa rəsmi açıqlama olmayıb. Ramil Səfərovun özü də məhkəmənin qərarı ilə bağlı heç bir şərh verməyib.
Ekspertlərə gəlincə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər qətli “iki konkret şəxs arasında baş verən hadisə” adlandırıb.
“Azərbaycanın minlərlə vətəndaşı bütün dünyada Ermənistan vətəndaşları ilə qarşılaşır, qonşuluqda yaşayır, mübahisə edir, susurlar, amma çox nadir hallarda onlardan biri digərini öldürür. Bu hadisə etnik zəmində yox, emosional əsasda, affekt vəzyyətində baş verib”.
Müxalif Respublikaçı Alternativ Partiyasının (ReAl) lideri İlqar Məmmədov yazıb:
“Dövlət belə çətin vəziyyətdə olan vətəndaşını vətənə qaytarmaq üçün hər şeyi etməli idi. Və bunu etdi. Amma Səfərovun qəhrəmanlaşdırılması bizim milli maraqlarımıza uyğun deyildi”.
Ermənistanda məhkəmə qərarına reaksiya
Avropa Məhkəməsinin Marqaryanın işi üzrə qərarı bütün Ermənistan nəşrlərində işıqlandırılıb – demək olar ki, erməni zabitin qətlə yeriliməsi və sonrakı hadisələrin işıqlandırıldığı kimi çox kəskin tərzdə.
Ermənistanda Səfərova qarşı münasibət birmənalıdır – silahsız insanı qətlə yetirən şəxs cəzasını çəkməlidir, bunun əvəzində isə əfv edilib və qəhrəmanlaşdırılıb.
İddiaçıların vəkilləri hesab edirlər ki, əgər Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanı Səfərovu həbs etməyə çağırsa, bu, beynəlxalq hüquqda önəmli presedent olacaq.
“İdealda biz istəyərdik ki, məhkəmə onun cəzasının qalan hissəsini çəkməsi üçün yenidən Macarıstana qaytarılması və ya üçüncü ölkəyə göndərilməsi haqda qərar çıxarsın, çünki Azərbaycanda onu qəhrəman hesab edirlər”, – Nazeli Vardanyan deyib.
“Yaşamaq hüququnun pozulması və etnik motivli əməllər təsbit edilib. Bu, beynəlxalq məhkəmə tərəfindən Azərbaycanın antierməni əməlinin təsdiqləndiyi ilk hadisədir. Nəticə olaraq bunlar aradan qaldırılmalıdır. Həmçinin cinayətkarın cəzasını çəkməsi üçün addımlar atılmalıdır”, – hüquqşünas Siranuş Saakyan deyib.
Gələcək rəsmi addımlara gəlincə, Ermənistan Macarıstanın məsuliyyəti ilə bağlı AİHM-in Böyük Palatasına müraciət etməyi planlaşdırır. Vəkillər hesab edirlər ki, məhz Budapeştin addımları Azərbaycana cinayətkarı əfv etmək imkanı yaradıb.
Cinayətdən dörd il sonra, 2008-ci ildə Macarıstan XİN rəhbəri Kinqa Qents Yerevanda olub. Səfərovun Azərbaycana qayıtması mümkün ola bilərmi, sualına o, belə cavab verib:
“Səfərovun qaytarılması ehtimalı var, amma Macarısatnın belə öhdəliyi yoxdur. Səfərovla bağlı bütün məsələlərə çox ciddi baxılacaq. Ən əsas məsələ isə Səfərovun Azərbaycanda ömürlük cəzasını çəkib-çəkməməsi ilə bağlı olacaq”. Bundan dörd il sonra Macarıstan Səfərovu vətəninə qaytarıb, Ermənistan isə Macarıstanla diplomatik əlaqələri kəsib.