Avropa keşnişin xoşuna gələrdi
Şəkilaltı yazı: ‘Bir azca da döz. Hər şey düzələcək’
İmeretiyada göyərti mövsümünün qızğın çağıdır, amma gürcü göyərtisinin hələ də stabil bazarı yoxdur.
Ənənəvi ixrac bazarlarında – Rusiya və Ukraynada iqtisadi problemlərə görə artıq üçüncü ildir ki, gürcü göyərtisinin qiyməti kəskin şəkildə azalır. Bununla yanaşı, formal olaraq gürcü məhsulu üçün açıq olan Avropa bazarı hələ də fermerlərin üzünə bağlı qalır.
27 iyun 2014-cü ildə Gürcüstan Aİ ilə assosiasiya müqaviləsi imzaladı. Bu müqavilənin iqtisadi tərəfi olan Dərin və Müfəssəl Azad Ticarət müqaviləsi (DCFTA) gürcü fermerləri və sahibkarlarına Gürcüstanda istehsal olunan məhsulun Aİ-nin 580 milyonluq bazarına rüsumsuz ixracına imkan verir.
Amma Gürcüstanda çox az fermer bu imtiyazlardan istifadə edir.
Aİ ölkələrinə ixrac artır, amma statistikaya nəzər salsaq görərik ki, Avropa ölkələrinə əsasən fındıq və çaxır ixrac olunur. Bu məhsullar Avropa bazarına Assosiasiya Haqqında Müqavilə imzalanana qədər də ixrac olunub.
Bunun bir neçə səbəbi var:
1-ci səbəb: Standart və keyfiyyət
Gürcü meyvə-tərəvəzinin Aİ ölkələrinin supermarketləri və iri pərakəndə ticarət şəbəkələrinin piştaxtasına gəlib çatması üçün istehsalçının kənd təsərrüfatı istehsalı GLOBAL GAP standarlarına cavab verməlidir.
GLOBAL GAP standartı ərzaqın qanuna müvafiq istehsal olunmasına və ətraf mühitə zərərli təsirin və kimyəvi maddələrin istifadəsinin minimuma endirilməsindən xəbər verir.
“Gerbiya MMC Gürcüstanda GLOBAL GAP standartı olan yeganə göyərti istehsalçısıdır. Bu şirkət əvvəlcədən məhsulun Avropa ölkələrinə ixracı məqsədilə yaradılmışdı. GLOBAL GAP standartını almaq üçün “Gerbiya mürəkkəb və bahalı prosesdən keçməli olub: İspaniyadan konsaltinq şirkətini dəvət etmək, onların məsləhəti ilə təsərrüfatı təşkil etmək, audit keçmək lazım oldu, audit zamanı da istehsalın GLOBAL GAP standartlarına uyğunluğu yoxlanıldı və şirkətə müvafiq sertifikat verildi. Bu proseduralar “Gerbiyaya 50 min avroya başa gəldi. Kəndlilər və kiçik təsərrüfatı olan fermerlər üçün bu məbləği ödəmək qeyri-realdır.
2-ci səbəb: həcm
GLOBAL GAP alandan sonra “Gerbiya artıq başqa maneələrlə qarşılaşmalı oldu. Şirkətin məhsulunun yüksək keyfiyyətinə və ona böyük tələbatın olmasına baxmayaraq, hazırki mərhələdə onun Aİ ölkələrinə ixracı hələ də məhduddur və bura ancaq Baltika ölkələri və Bolqariya daxildir, o da az miqdarda. İş orasındadır ki, Avropa supermarketləri tərəvəzin böyük və zəmanətli həcmdə stabil təchizatını tələb edirlər, “Gerbiya isə bu tələbatı yerinə yetirmək iqtidarında deyil.
“Gerbiya MMC-nin baş direktoru Zurab Caneliyanın sözlərinə görə, məhsulun Avropa ölkələri supermarketləri şəbəkəsinə çatması üçün həmin şəbəkəyə iki gündən bir ən azı 20 ton göyərtinin gətirilməsini təmin etməlidir. Hazırki mərhələdə isə şirkət bu həcmdə məhsul istehsal edə bilmir.
1-ci məsləhət. Kooperativlər
Bu vəziyyətdən çıxış yolu tapmaq üçün Gürcüstan İqtisadiyyat Nazirliyi yanında “Sənayə inkişafı qrupu Hollandıyanın “Bilancia şirkətini dəvət etdi.
“Bilancia şirkətinin ilk məsləhəti belə oldu – göyərtinin istehsalının 50 faiz artırılması üçün oranjereya təsərrüfatında yeni texnologiyalar tətbiq etmək lazımdır ki, bu da böyük xərclərə gətirib çıxaracaq. Buna görə də “Bilancia fermerlərə kooperativlər yaratmağı məsləhət görür, bu, yeni texnologiyaların və GLOBAL GAP standartlarının tətbiqinə xərcləri azaltmağa və istehal həcmini artırmağa imkan verəcək.
“Bilancia şirkətində hesab edirlər ki, gürcü göyərti istehsalçılarının müəyyən üstünlükləri var və onlardan istifadə etmək lazımdır: Gürcüstanda göyərti məhsulu sentyabrdan may ayına qədər götürülür, məhz həmin vaxt da Avropada göyərtiyə tələbat artır. Bundan başqa, Gürcüstanda yaxşı iqlim və su var, bu da fermerlərə üzvi gübrələrin istifadəsi və bioməhsulların istehsalı ilə daha sıx məşğul olmaq imkanı yaradır. Son illər bütün dünyada bioməhsullara tələbat və onların qiyməti artır.
2-ci məsləhət. Müasir daşıma şərtləri
Holland şirkəti həm də fermerlərə göyərtinin kondisionerli nəqliyyatın istifadəsi ilə daşınma planını işləyib hazırlamağı məsləhət görür, bu da baha başa gəlir, amma məhsulun Gürcüstandan Avropa ölkələrinə səfəri zamanı keyfiyyətini itirməməsi üçün lazımdır.
***
Bəzi fermerlər artıq holland mütəxəssislərinin məsləhətlərini nəzərə alıb. “Gürcü göyərtisi kooperativi 11 fermer tərəfindən təsis olunub, onların arasında “Gerbiya da var.
“İri oranjereya təsərrüfatlarının sahibi olan biz bu kooperativdə birləşdik, amma indiki mərhələdə hələ ki Aİ ölkələrinə göyərtini ixrac etmək imkanımız yoxdur – aramızda ancaq “Gerbiyanın GLOBAL GAP standartı var, – Sxaltuba rayonunda yerləşən 3 min kvadrat metrlik sahəsi olan oranjereyada artıq 8-ci ildir ki, kahı, şüyüt, cəfəri və keşniş yetişdirən Badri Kiladze deyir.
“Gürcü göyərtisi kooperativinin payçıları bu ilin sonunda GLOBAL GAP standartını almağı planlaşdırır və bu işdə hökumət və donorların köməyinə ümid edir.
“Dövlət tələb edir ki, biz – kooperativ üzvləri GLOBAL GAP standartının alınması üçün lazım olan məbləğin bir hissəsini özümüz ödəyək. Hər payçı təxminən 2500 ABŞ dolları ödəməli olacaq. Amma nəzərə alsaq ki, son 3 il ərzində bizim demək olar ki, gəlirimiz olmayıb, bu vəsaiti əldə etmək elə də asan olmayacaq, – Kiladze deyir.
“Aİ-ə ixracın artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir: Aİ bazarını ətraflı öyrənmək, bu və ya digər məhsullara tələbatı müəyyən etmək və Gürcüstanın rəqabət üstünlükləri olan boşluqları üzə çıxarmaq lazımdır. Biz balaca ölkə olduğumuz üçün, diqqəti brendinqdə cəmləmək, Gürcüstan və gürcü məhsulunun daha geniş tanıtmaq lazımdır. Bunun üçün aqressiv marketinq vacibdir. Təəssüf ki, nə hökumət, nə də biznes sahibləri bu istiqamətdə kifayət qədər işləmirlər, – ISET Tbilisi beynəlxalq iqtsadiyyat məktəbinin tədqiqatçısı Rati Koçlamazaşvili deyir.
- “Gürcü sənaye inkişafı qrupunun məlumatına görə, İmeretiyanın 550 xırda sahibkarı və 10 iri şirkəti orta hesabla ildə 1000 oranjereyada təxminən 25 min ton göyərti yetişdirirlər. Gürcü göyərtisi əsasən Ukrayna, Belarus, Azərbaycan, Latviya və Moldovaya ixrac olunur.
- “Sənaye inkişafı qrupunun proqnozlarına görə, Aİ bazarına çıxdığı təqdirdə gürcü göyərtisi Avropa bazarının 0,2%-ni tutacaq. 1 kilo göyərtinin minimal qiyməti 2-3, maksimal qiyməti isə 6 avro olacaq. Hazırda söhbət cəfəri, şüyüt, keşniş və rukkolanın istehsalından gedir.
- Statistik məlumatlara görə, 2015-ci ildə ötən illə müqayisədə, Gürcüstanın Aİ ölkələri ilə xarici ticarət dövriyyəsi təxminən 6%, 3165 milyon ABŞ dollarına qədər artıb. Bu məlumatlara əsasən, ötən il Aİ ölkələrinə 646 milyon ABŞ dolları qiymətində məhsul ixrac olunub ki, bu da ötən illə müqayisədə 4% çoxdur. Kənd təsərrüfatı məhsulundan Avropa bazarlarına əsasən çaxır və fındıq ixrac olunur. Assosiasiya Haqqında Müqavilə imzalandıqdan sonra bu siyahıya ancaq cır mərsin və kivi əlavə olunub.
Dərc edilib: 18.04.2016