Avropa İttifaqının Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq yönündə ikinci cəhdi
Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutmalıdır. Bu, son yarım ildə eyni formatda ikinci görüş olacaq. Yerevan və Bakıda bu danışıqlardan nə gözləyirlər? Hər iki tərəfdən ekspert rəyləri.
- Qarabağın şərqində “üçhakimiyyətlilik”? Üç qurumun fərqli məlumatları
- Rusiya sülhməramlıları Qarabağdan Ukraynaya gediblərmi? Moskva inkar, Bakı sübut edir
- Qarabağ: yeni eskalasiya, yoxsa üçüncü müharibə? Bu, Ukraynadakı vəziyyətlə necə bağlıdır?
Bakıdan şərhlər
“Sabahkı görüşdən konkret heç nə gözləmirəm”
Ramiz Məmmədov, siyasi şərhçi
“Bu, 2020-ci ilin payızında 44 günlük müharibədən sonra Əliyev və Paşinyan arasında üçtərəfli formatda artıq dördüncü görüş olacaq. Əgər Makronun iştirakı ilə Brüsseldə, Şarl Mişellə görüşdən dərhal sonra baş tutan görüşü də əlavə etsək, o zaman beşinci.
Amma qəribəsi odur ki, biz hələ bu görüşlərin heç bir xeyrini görmürük.
2021-ci ilin yanvarında Moskvada kommunikasiyaların açılması haqda razılıq əldə edilib. Kommunikasiyalar hələ də açılmayıb, baxmayaraq ki, həmin görüşdən 15 ay keçib. Üstəlik bu müddət ərzində Azərbaycan Naxçıvana nəzərdə tutulan Zəngəzur dəhlizindən yan ötən nəqliyyat dəhlizi ilə bağlı İranla razılığa gəlib. Ermənistan tərəfindən dəmiryolunun inşası ilə bağlı müəyyən söhbətlər var, amma məndə olan məlumata görə, iş yolun dəyərinin hesablanmasından uzağa getməyib.
Ötən ilin sonunda Brüsseldə, sonra isə Soçidə keçirilən görüşlərdə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası haqda söhbətlər olub. Həmin görüşlərin üzərindən keçən dörd-beş ay müddətində biz bu istiqamətdə hər hansa konkret işin olmadığını qeyd edə bilərik.
Başqa sözlə, bu görüşlər hələlik “görüş xətrinə görüş” çərçivəsindən kənara çıxmayıb. Masa üzərində hər iki tərəfin dəstəkləyəcəyi və daha sonra torpaq üstündə həyata keçiriləcəyi konkret təkliflər yoxdur.
Baxmayaraq ki, 30 ilə yaxındır, iki ölkə xalqları ən müxtəlif səviyyələrdə nəticəsiz danışıqlara kifayət qədər alışıb. Reallıqda isə hər şey döyüş meydanında həll edildi. Ya da təxminən həll edildi.
Düzünü desəm, sabahkı görüşdən konkret heç nə gözləmirəm. Başqa cür düşünmək üçün hədsiz nikbin olmaq lazımdır.
Əlbəttə, hər bir belə görüşdən sonra bir sıra ekspertin tərəflər arasında ictimaiyyətə açıqlanmayan razılaşmalar haqda fikirlər yaranır. Amma yenə də, əgər reallıqda heç nə baş vermirsə, hətta belə pərdəarxası razılaşmalar da çox da inandırıcı deyil”.
“Birinci görüşün davamı”
Aqşin Kərimov, siyasi şərhçi
“Gözlənilən Brüssel görüşünü ötən ilin dekabrındakı Brüsseldəki Əliyev-Paşinyan danışığının məntiqi davamı hesab etmək olar.
Budəfəki görüşdə də daha çox humanitar motivlər, o cümlədən Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların məsələsi ön planda tutulacaq. Bununla yanaşı Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına dair təklifləri, sülh sazişi üçün formulları da masada olacaq.
İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşündə Brüssel gündəliyindən söz açaraq deyib:
“Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.
Bu onu göstərir ki, Brüsseldə Azərbaycanın Ermənistana sülh üçün təklif etdiyi 5 maddəlik baza prinsipi ətrafında fikir mübadiləsi aparılacaq və bu maddələr əsasında inşa olunacaq sülh müqaviləsi, onun perspektivinə dair Avropa İttifaqının interpretasiyası öyrəniləcək.
Avropa İttifaqının hazırkı mövqeyi Azərbaycanı qane edir, çünki Avropa İttifaqı böyük siyasi ambisiyalardan kənardır və daha çox iqtisadi-siyasi prioritetlərlə Cənubi Qafqazda iştirakını gücləndirmək istəyir”.
“Rusiya Cənubi Qafqazdan əl çəkməyəcək”
Elxan Şahinoğlu, politoloq, “Atlas” analitik mərkəzinin rəhbəri
“Azərbaycan-Ermənistan danışıqlarını mümkün qədər Rusiyanın inhisarından uzaqlaşdırmaq lazımdır. Buna görə də Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşünün Brüsseldə təşkili hər iki tərəf üçün faydalıdır.
Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri var. Moskvadan fərqli olaraq Brüssel Cənubi Qafqazı özünün arxa baxçası hesab etmir, bölgə ölkələrinə qarşı siyasi və hərbi təzyiq üsullarından istifadə etmir. Üstəgəl Ukraynadakı işğalçı müharibənin fonunda Rusiyaya qarşı sanksiyalar sərtləşib, Avropanın Azərbaycan qazına ehtiyacı artıb. Bu da bizə həm iqtisadi, həm də Ermənistanla danışıqlar baxımından faydalıdır.
Elə Bakıda olan İtaliyanın xarici işlər nazirinin əsas müzakirə mövzusu daha çox Azərbaycan qazının köhnə qitəyə nəqlidir.
Buna baxmayaraq, Rusiya Cənubi Qafqazın ətəyindən əl çəkən deyil. Rusiya prezidenti bugünlərdə həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri ilə telefonla danışıb. Böyük ehtimalla Brüsseldən sonra növbəti görüş Rusiya ərazisində keçiriləcək.
Kreml sahibi Vladimir Putin Ukraynaya qarşı apardığı müharibədən əvvəl ABŞ və Avropanı sözdə də olsa, “tərəfdaşlar” adlandırırdı, indi isə sanksiyalara görə “dost olmayan dövlətlər” ismini seçib.
Kreml “dost olmayan Brüsselin” Cənubi Qafqazda sülh missiyasına mane olmağa çalışacaq. Bütün hallarda danışıqlar bölgədə həqiqi sülh istəyən ölkələrdə aparılmalıdır. Bu Brüssel də ola bilər, Tiflis də. Gələcəkdə Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli danışıqlarının İstanbulda keçirilməsi də mümkündür, yetər ki, Yerevan qonşu dövlətlərin ərazi bütövlüklərini tanımağa hazır olsun”.
Yerevandan şərhlər
Ermənistanın baş naziri Nikol Paşinyan özü bildirib ki, Brüsseldə aprelin 6-na planlaşdırılmış görüşdə o, Azərbaycan prezidenti ilə “sülh danışıqlarının başlanması ilə bağlı bütün məsələləri” müzakirə etmək və razılaşdırmaq ümidindədir.
Bununla əlaqədar olaraq Ermənistanda politoloqlar baş tutacaq görüşün mümkün gündəliyini fəal şəkildə müzakirə edirlər.
“Sülh sazişinin imzalanması yaxın zamanda mümkün olmayacaq”
Politoloq Benyamin Poqosyan vurğulayır ki, ilk dəfə 1988-ci ildə Ermənistan və Azərbaycan müəyyən məsələlər üzrə razılığa gəlib. O, Azərbaycanın sülh razılaşması üzrə danışıqlar üçün təməl kimi təqdim etdiyi həmin 5 müddəa haqda danışır.
Politoloq qeyd edir ki, bu müddəalarda “hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmazlığını tanıması, o cümlədən də ərazi bütövlüyünü təhlükə altına qoyacaq hər hansı addım atmamaq öhdəliyinin götürülməsi fikri qərmızı xətt olaraq keçir”.
Ermənistanın baş naziri və xarici işlər naziri artıq bildiriblər ki, bu müddəalarda Ermənistan tərəfi üçün qəbulolunmaz heç bir şey yoxdur, amma onlar onlar Ermənistan-Azərbaycan münasibətlərinin bütün gündəliyini əhatə etmir. Benyamin Poqosyanın fikrincə, belə alınır ki, “tərəflərin ziddiyyətli mövqelərdə olduqları əsas məsələ Dağlıq Qarabağın statusu məsələsidir”.
Brüsseldəki danışıqlara gəlincə, politoloq hesab edir ki, aprelin 6-da hər hansı razılaşma imzalanmayacaq:
“Aydındır ki, bəyanat imzalanacaq, ola bilər ki, yalnız Şarl Mişel adından, 2021-ci il dekabrın 14-də olduğu kimi. İstisna etmirəm ki, tərəflərin sülh danışıqlarına və ya sülh sazişi üzrə danışıqlara hazır olduqlarını təsdiqləyən üçtərəfli bəyanat da ola bilər. İstisna etmirəm ki, tərəflərin artıq razılıq əldə etdiyi prinsiplərin hər hansı qaralaması ola bilər. Bu prinsiplər isə var.
Azərbaycanın güman ki, razı olduğu beş prinsip var, çünki elə özü onları təklif edib. Ermənistan da razıdır. Bu haqda baş nazir, xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibi bildirib”.
Bu arada ekspert güman edir ki, Ermənistan indi çətin sülh sazişi imzalamağa hazır olsun, üstəlik sazişin mətni də yoxdur:
“Ətrafında razılıq əldə edilmiş 5 prinsip mövcuddur və Ermənistanın təklif etdiyi əlavə prinsip və ya prinsiplər var ki, onlar ətrafında deyəsən, razılıq yoxdur. Müvafiq olaraq, bizim daha sonra Konstitusiya Məhkəməsində müzakirə olunmağı, parlamentin ratifikasiyasını və sairə nəzərdə tutan sülh sazişi imzalamağa çox yaxın olduğumuzu iddia etmək, düşünmürəm ki, biz buna çox yaxınıq, yaxın aylarda, məsələn, payızda problemin həll edilməsi, sazişin imzalanması mümkün deyil”.
“İnkişaf üçün iki tərəfdən biri öz mövqeyindən geri çəkilməlidir”
Politoloq Tiqran Qriqoryan Ermənistan və Azərbaycan liderlərinin bu görüşü zamanı əsas vurğu regional kommunikasiyaların açılmasına ediləcək:
“Biz bilirik ki, son aylarda Aİ fəal ştirak edir və məhz Ermənistan-Azərbaycan arasında qeyri-siyasi məsələlər kontekstində vasitəçiliklə məşğuldur. Biz həmçinin bilirik ki, 2021-ci ilin dekabrında Mişelin vasitəçiliyi ilə Brüsseldəki bundan əvvəlki görüşdə, deyəsən, dəmiryolu xəttinin bərpası prinsipləri haqda müəyyən razılıq əldə edilib. Ən azından, Şarl Mişelin bəyanatında buna vurğu edilmişdi.
Amma aydındır ki, az əvvəl sərhəddə yaşanan eskalasiya, o cümlədən də sülh sazişi mövzusu tərəflərin diqqətindən kənarda qala bilməz.
Hazırda Azərbaycan hətta Azərbaycan sərhədləri çərçivəsində belə Dağlıq Qarabağn hər hansı statusunu müzakirə etməyə hazır deyil. Hazırda onların maksimumu hansısa mədəni muxtariyyət haqda söhbət ola bilər ki, bu da ciddi deyil. Mədəni muxtariyyət haqda məsələ müzakirə olunacağı təqdirdə həm Qarabağ əhalisinin təhlükəsizlik məsələsi, həm də digər siyasi məsələlər gündəmdən düşür.
Biz isə görürük ki, Ermənistan hakimiyyətinin son bəyanatlarında məhz təhlükəsizlik əsələsinə vurğu edilir. Baş nazirin hökumət iclasındakı son çıxışında etnik təmizləmə mövzusu qırmızı xətlə keçirdi.
Bu prosesdə hər hansı inkişaf olsun deyə tərəflərdən biri “öz mövqeyindən geri çəkilməlidir”. Yəni Ermənistan halında DQ və Dağlıq Qarabağ münaqişəsi məsələsisi qapanmalıdır. Çünki gördüyümüz kimi, Azərbaycanın təkliflər paketində nə DQ, nə də Dağlıq Qarabağ münaqişəsinin birbaşa adı çəkilmir və müharibədən sonrakı “münaqişə bitib” ritorikası davam etdirilir.
Ermənistan halında heç olmasa təhlükəsizlik məsələsini həll etməyən sülh sazişi ola bilməz.
Azərbaycan halında əgər hətta Azərbaycanın tərkibində olsa belə Dağlıq Qarabağın statusu ilə bağlı daha təməlli danışıqlar başlasa, bu, onların müharibədən sonrakı mövqelərinin dəyişməsi deməkdir ki, mən bunu hazırda mümkün hesab etmirəm.
Azərbaycan güc mövqeyindən danışır, Ermənistanı sıxışdırmağa, onun yanaşmasını qəbul etdirməyə çalışacaq”.