Avropa İttifaqı plastikə müharibə elan edib
Avropa Parlamentinin deputatları bir sıra plastik əşyaların tam qadağan olunmasının lehinə səs verib – BBC-nin məlumatında belə deyilir. Qadağan olunanlar arasında kokteyl üçün plastik borucuqlar, pambıq cubuqlar və plastmas qab-qacaq da olacaq.
Bəsdir plastik yedik
Əgər milli hökumətlər dəstəkləyərsə, qadağa 2021-ci ildən qüvvəyə minməlidir. Buna çoxdan ehtiyac yaranıb: dünyadakı tullantıların 70 faizi məhz plastikdən ibarətdir, onun böyük hissəsini isə məişətdə istifadə olunan biristifadəlik əşyalar təşkil edir.
Plastik insan həyatına o qədər dərin kök salıb ki, artıq qida zəncirinin bir elementinə çevrilib. Oktyabrın sonunda alimlərin apardığı tədqiqat göstərib ki, plastikin mikro hissəcikləri bir sıra Avropa və Asiya ölkələri sakinlərinin orqanizmində mövcuddur.
Biz yemək qablaşdırmaları və qab-qacaqda, su qablarında, penoplast və plastik stəkanlarda, biristifadəlik vilka-qaşıqda olan plastiki uduruq. Artıq bir neçə onillikdir ki, plastiki yeyirik.
Əsas çirkləndiricilər və onların alternativləri
İçmək üçün borucuqlar
1888-ci ildə amerikalı Marvin Stoun mum kağızdan hazırlanmış borucuqları patentləşdirdi. Əfsanəyə görə, Stoun burbonlu kokteyl içərkən istifadə etdiyi saman çöpü stəkanda əriməyə başladığı zaman onda mum kağızdan olan borucuqlar ideyası yaranıb.
Plastik borucuqların kütləvi istehsalı 1960-cı illərdə başlayıb – onların istehsalı daha ucuz başa gəlirdi, üstəlik onlar sınmırdı və tezliklə alternativ məhsulları bazardan sıxışdırıb çıxardı.
Bu gün bu borucuqlardan hər vəchlə qurtulmağa çalışırlar. McDonalds və Starbucks kimi iri şəbəkələr artıq onlardan imtina ediblər, ən azı bir sıra Avropa ölkələri ərazisində.
Mümkün alternativlər: dəniz yosunlarından, kağızdan və ya makarondan hazırlanmış borucuqlar.
Pambıq çubuqlar
“Qulaq çubuqları” borucuqlarla eyni sırada ətraf mühiti çirkləndirən əsas tullantılardan biridir. Britaniya çimərliklərində toplanan məişət tullantıları siyahısında qulaq çubuqları altıncı yerdədir.
İndoneziyalı Instagram istifadəçisi pambıq çubuq batmış dəniz atının fotosunu paylaşıb. “İstəyərdim ki, belə bir foto ümumiyyətlə olmasın, amma indi ki, var, istəyirəm onu hamı görsün”, – o yazıb.
Mümükün alternativ: ən nəhəng pambıq çubuq istehsalçısı olan Johnson & Johnson şirkəti ötən il plastik çubuqlardan imtina edib və karton çubuqlara keçib, amma hələlik yalnız bəzi ölkələrdə.
Biristifadəlik qab-qacaq
Bu gün piknklərdə plastik stəkan, boşqab, vilka-qaşığa tez-tez rast gəlmək mümkündür, insanlar onları özləri ilə turist gəzintilərinə və səfərlərə aparırlar. Avropada onları tamam qadağan etmək istəyirlər.
Mümkün alternativlər artıq var, üstəlik yeməli: dəniz yosunlarından stəkanlar, undan vilka-qaşıq, qurudulmuş və əyilərək şəkilləndirilmiş palma yarpaqlarından qab-qacaq.