Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın sabiq baş nazirinin işinə baxıb
Bu gün Avropa İnsan Haqları Məhkəməsinin Yuxarı Palatasında Gürcüstanın sabiq baş naziri və daxili işlər naziri (prezident Mixail Saakaşvili dövründə) Vano Merabişvilinin işi üzrə dinləmələr keçirilib. Bu saatlarda dinləmələr sona çatıb, Palata hər iki tərəfi dinləyib.
Məsələ AİHM-nin ötən ilin iyununda qəbul etdiyi qərarla bağlıdır. Qərara əsasən məhkəmə Merabişviliyə münasibətdə Avropa İnsan Haqları üzrə Konvensiyanın iki maddəsinin pozulduğu təsbit edilib və dövlətin ona 12 min avro həcmində kompensasiya ödəməli olduğu qət edilib. Gürcüstan hökuməti bu qərardan AİHM-nin Yuxarı Palatasına şikayət verib.
Hazırba Vano Merabişvili bir neçə cinayət işi üzrə, o cümlədən dövlət vəsaitinin talanması və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə məhkum edilib.
Vano Merabişvilinin vəkili, Gürcüstan Parlamentinin müxalif “Avropa Gürcüstanı” Partiyasını təmsil edən deputatı Otara Kaxidzenin sözlərinə görə, ötən il AİHM Merabişvilinin həbsdə saxlanmasının qanuni məqsədlərə deyil, “gizli gündəmə” xidmət etdiyini qət edib.
“Böyük Palata Merabişvilinin işinə baxacaq və ona münasibətdə Avropa Konvensiyasının pozulub-pozulmadığı haqda qərar verəcək. Əgər bu, təsdiqlənsə, hakimiyyət Merabişvilini azad etməli, həmçinin bütün siyasi məhbusların işini yenidən gözdən keçirməli olacaq”, – Otar Kaxidze deyib.
İşə baxış bu gün yekunlaşıb, amma Böyük Palatanın öz qərarını nə zaman elan edəcəyi məlum deyil.
2016-cı il iyunun 14-də Avropa İnsan Haqları Məhkəməsi qət edib ki, “Merabişvili Gürcüstana qarşı” işi üzrə Avropa İnsan Haqları Konvensiyasının 5 və 18-ci maddələri pozulub. Belə ki, Tbilisi məhkəməsi Merabişvilinin ibtidai istintaq müddətində həbsdə saxlanmasını əsaslandırmayıb, həbsdən başqa digər məhdudlaşdırıcı tədbirlərin mümkünlüyünü nəzərdən keçirməyib. Bigər bir müddəa 2013-cü il dekabrın 14-də baş verən insidentlə bağlıdır, Merabişvilinin sözlərinə görə, o zaman onu həbsxanadan qanunsuz olaraq çıxarıb baş prokurorun yanına aparıblar. Merabişvilinin sözlərinə görə, baş prokuror keçmiş prezident Mixail Saakaşviliyə qarşı ifadə almaq məqsədilə ona təzyiq göstərib. Merabişvilinin şikayəti lazım olduğu səviyyədə araşdırılmayıb. Bununla bağlı Strasburq məhkəməsi qət edib ki, Merabişvilinin həbsxanada saxlanması “istintaq orqanları üçün digər işlərin araşdırılmasında əlavə alətlər əldə etmək məqsədilə tamamlayıcı vasitə kimi istifadə olunub”. Müvafiq olaraq Konvensiyanın ilkin istintaq müddətində həbsdən və digər məhdudlaşdırıcı tədbirlərdən bilavasitə istintaqla bağlı olmayan başqa məqsədlər üçün istifadə olunmasını qadağan edən 18-ci maddəsinin tələbi pozulub.
JAMnews-la söhbəti zamanı Gürcüstanın keçmiş ədliyyə nazirinin müavini Tina Burcaliani bildirib ki, “bu iş Böyük Palata üçün müstəsna əhəmiyyətli bir işdir. İlk dəfədir ki, Konvensiyanın 18-ci maddəsinə standart müəyyənləşdirmək imkanı yaranıb”.
Burcalianinin sözlərinə görə, hazırda Böyük Palatanın qərarını proqnozlaşdırmaq çətindir, xüsusən də nəzərə alsaq ki, işin araşdırılmasında 17 hakim iştirak edir.
Tina Burcaliani hesab edir ki, Strasburq məhkəməsi Merabişvilinin xeyrinə qərar çıxaracağı halda hakimiyyət çox güman ki, onu azad etməli olacaq. Baxmayaraq ki, AİHM tərəfindən baxılan iş Merabişvili haqqında çıxarılan hökmlə deyil, sadəcə ilkin istintaq müddətində həbsi ilə bağlıdır.
“Bir qayda olaraq, məsələ 18-ci maddənin pozulması ilə bağlı olduqda saxlanılan şəxsi azad edirlər, hətta bu haqda məhkəmənin qətnaməsində birmənalı olaraq yazılmadığı halda da. Qərar icra olunması üçün Nazirlər Şurasına (Avropa Şurasının) təqdim edilir, o da lazımı ölçüləri müəyyən edir. 18-ci maddə o qədər ciddidir ki, dövlətlər adətən siyasi təzyiqə tab gətirmir”, – Burcaliani bildirib.