Avropa dəyərləri, yoxsa erməni ənənələri? Bənzərlik və ziddiyyətlər axtarışı
Avropa dəyərlərinin Ermənistanda tətbiqi prosesi göstərdi ki, çoxları özləri üçün Avropa haqda sanki yerli ənənələrlə və ya onlar haqda təsəvvürlə ziddiyyət təşkil edən narrativlər yaradıb.
Ekspertlər hesab edirlər ki, bu adi vəziyyətdir: müxtəlif mədəniyyətlərin daşıyıcıları digər xalqların ənənələrini çox vaxt öz unikallığından kəskin fərqlənən nəsə yad bir şey kimi qəbul edirlər.
“Dəyərlər aspekti çoxdur. Hər bir insan onlar haqda şəxsi təsəvvürə sahibdir və güman edir ki, onun dəyərlər toplusu unikaldır, digərlərində isə, xüsusən də Avropada hamının dəyərləri eynidir. Baxmayaraq ki Avropanın özündə də insanlar müxtəlifdir və hər bir insan özü haqda eyni şeyi düşünür”, – “Qafqaz İnstitutunun” elmi layihələr rəhbəri Nina İsgəndəryan deyib.
2016-2017-ci illərdə Yerevanda gənclərin Avropa haqda təsəvvürlərini müəyyən etmək üçün sosioloji tədqiqat aparılıb. Sosiolo Nonna Melkonyanın sözlərinə görə nəticə belə olub:
“Ermənistanda korrupsiya, Avropada isə yoxdur, Ermənistanda avtoritarizm, Avropada isə demokratiya, Ermənistanda iqtisadiyyatın inhisarı, Avropada isə azad iqtisadi bazar”.
Ermənistanda Avropa və Avropa dəyərləri haqda başqa nə düşünürlər? JAMnews-un suallarını ekspertlər və Facebook-un Ermənistan seqmentinin istifadəçiləri cavablayıb.
“Lehinə” və “əleyhinə”
Ermənistanda “Avropa dəyərlərinin tətbiqi” və “Avropa dəyərlərinə müqavimət” ideoloji hərəkatlar mövcuddur. Yerli politoloqlar hesab edirlər ki, hər iki dalğanın əksər hallarda Avropa dəyərlərinin özü ilə heç bir əlaqəsi yoxdur.
Amma Avropa dəyərlərinin tətbiqi tərəfdarları bir qayda olaraq, elektron mexanizmlər, qanunun aliliyi, ölkə vətəndaşlarının dövlət maşının işində iştirakı, hakimiyyətin dəyişən olması, şəxsiyyətin toxunulmazlığı, cinsindən, dinindən asılı olmayaraq hüquqların bərabərliyi, , irqi nifrətin rədd edilməsi haqda danışırlar.
Avropa dəyərlərinin tətbiqinin əleyhdarları isə onları milli kimliyə qarşı real təhlükə hesab edirlər.
“Onlar ehtimal edirlər ki, Ermənistanda stabil nikah dəyərlərinə əsaslanan sosial mühit var, bu, ənənələrlə tərbiyə olunur, nəsildən nəslə ötürülür, amma bu, nəyə görəsə hədsiz kövrəkdir. Əgər erməni uşaqlar görsələr ki, başqa cür yaşamaq mümkündür, o zaman ilk imkandaca, homoseksualist olacaqlar”, – Nina İsgəndəryan bu yanaşmanı izah edir.
“Avropa dəyərlərinin” əleyhdarları əmindirlər ki, Avropada gənclər əxlaqsız seksual həyat sürür və narkotikə aludədirlər.
“Avropada seksual oriyentasiya, narkotik, yüngül həyat tərzi baxımından çox azadlıq var və mən öz uşaqlarımı belə cəmiyyətdə böyütmək istəməzdim. Insanlar arasında münasibətlər isə o qədər də isti deyil. Sənin yardıma ehtiyacın ola bilər, amma heç kimdən yardım gəlməz”. Anahit Kasyan
Avropa dəyərlərinə qarşı təbliğatda Rusiya izi
“Qafqaz İnstitutunun” elmi layihələr rəhbəri Nina İsgəndəryanın fikrincə, Avropalaşma əleyhdarlarının arqumentləri Rusiyada mövcud olan vəziyyətin proyeksiyasıdır:
“Rusiya dünyada yeniyetmələr arasında abortların sayının ən çox olduğu, QİÇS-in çox yayıldığı, boşanmaların ön çox olduğu, atılan uşaqların və qocaların sayının dəhşətli dərəcədə olduğu ölkədir. Üstəlik Rusiyada 200 ildir ki, heç bir patriarxal quruluş ümumiyyətlə yoxdur. Bu ölkə insanlar arasında, nəsillər arasında böyük məsafə olan, ailələrin möhkəm olmadığı bir ölkədir, amma beyinlərdə möhkəmlənmiş patriarxal obrazı var.
Onlara elə gəlir ki, Qərb əxlaqsızdır, Rusiya isə sülh, barış və ailə dəyərləri ocağıdır. Və əgər Ermənistanda Avropa dəyərlərinin tətbiqinə qarşı təbliğatı kimsə maliyyələşdirirsə, bu, həmişə dövlət qurumlarının nəzarətində olan Rusiya strukturlarıdır”.
“Avropa haqda danışarkən, mən birinci növbədə uğurlu Fransanı, təkəbbürlü Britaniyanı, iqtisadi güclü Almaniyanı, əyləncəli İspaniyanı və antik Romanı təsəvvür edirəm”. Dima Saakyan
Avropaya qarşı istehlakçı münasibət
Ermənistanda keçirilmiş sosioloji tədqiqata əsasən, erməni gənclərinin təsəvvüründə Avropa təhsil sistemi nümunəvidir, Avropada alınmış diplom isə peşəkarlığın müəyyən edilməsində və karyera qurmaqda üstünlük hesab olunur.
“Erməni gənclərin Avropaya təhsil miqrasiyasına marağı bununla izah olunur”, – sosioloq Nonna Melkonyan bildirir.
Üstəlik onun fikrincə, Ermənistanda Avropa dəyərlərinə istehlakçı münasibət üstünlük təşkil edir, o mənada ki, Avropa təhsil almaq, maddi rifah əldə etmək, sərfəli şopinq, əyləncə mənbəyi kimi nəzərdən keçirilir:
“Gənclər Avropa haqda “öyrənmək”, “əldə etmək”, “nail olmaq”, “gəzmək”, “tanış olmaq” felləri ilə danışırlar. Halbuki Ermənistanda qalmaqla əsasən öhdəlikləri bağlayırlar: vergi öhdəliyi, orduda xidmət etmək məcburiyyəti, dövlət maraqlarının şəxsi hüquq və azadlıqlardan üstün olması”.
“Avropada yaxşı təhsil almaq, bu və ya digər sahədə rəqabətə davamlı mütəxəssis olmaq mümkündür, üstəlik bu keyfiyyətli təhsili pulsuz da almaq olar”. Norik Baqryan
Erməni cəmiyyətinin “əsəb düymələri”
Ekspertlər erməni cəmiyyətində ölkədə Avropa dəyərlərinin tətbiqi ilə əlaqələndirilən “qorxulu sözlərin” olduğunu da bildirirlər. Bu sözlərdən biri “gender”dir.
Nina İsgəndəryan Ermənistanda “Gender bərabərliyi haqda” qanunun müzakirəsi prosesi barədə danışır:
“Bu, sadəcə narazılıqlar dalğası doğurub. Kişilərlə qadınların bərabərliyi – əsasən vətəndaş, əmək və digər hüquqlar baxımından – haqda qanun cəmiyyətdə fərqli nəzər nöqtəsindən müzakirə olunub. Fəal şəkildə təbliğat kampaniyası aparılıb və bu da narrativ yaradıb: “gender” sözünün özü artıq ölkənin ənənəvi quruluşuna ziddir.
Qanunun hazırlanmasında iştirak edən biri kimi mən “gender” sözünü dəyişməyi təklif etdim. Yekunda qanun “Gender bərabərliyi haqda” yox, “Kişilər və Qadınlar üçün bərabər hüquqların və bərabər imkanların təmin edilməsi haqda” adlandırıldı. Hər bir cəmiyyətdə bu cür “əsəb düymələri” var və əgər onların üzərinə bassaq, insanlar əsəbiləşir”.
Digər belə söz Avropadan sırınanlar siyahısına aid edilən “müxtəliflik” sözüdür.
“Müxtəliflikdən ona görə qorxurlar ki, insanlara elə gəlir ki, onların quruluğu kifayət qədər kövrəkdir və əgər dövlət səviyyəsində “digər həyat quruluşu” qadağan olunmasa, hər şey birdən dəyişəcək. Kimsə başqa dini qəbul edəcək, kimsə başqa ölkədən, başqa irqdən olan qadınla evlənəcək. Bu, “mühasirəyə alınan qalanın” qorxusudur. İnsanlar istəyirlər ki, onların uşaqları onlar kimi olsun, cəmiyyətlərində qəbul olunmuş hər şeyi qorxunc düşmən dünyadan qorusunlar”.
“Avropa dəyərləri İsveçrənin qızıl valyuta fondudur, HSBC bankıdır, funt və biznes, siyasət və milli maraqlar simbiozu təcəssümündə super monarxiyadır”. Sergey Qarayan
Ermənistanda Avropa qaydaları?
Eyni zamanda ekspertlər hesab edirlər ki, Ermənistanın öz quruluşuna, insanlar arasındakı münasibətlərə görə Cənubi Avropa ölkələri – İtaliya, İspaniya, Yunanıstanla oxşarlıqları var.
“Ermənistan narrativlər, kanonik mətnlər nöqteyi-nəzərindən Aralıq dənizi ölkələrinə yaxındır. Ermənistan şübhəsiz ki, antik dünya ilə bağlı olan mədəni ekümenin bir hissəsidir. Bu, Roma imperiyasının hansısa kənarıdır.
Biz də Müqəddəs Məryəmi xatırlayırıq, biz də Zevs və Ptolomeyin kim olduğunu bilirik. Bizə də Avropanın mədəniyyət tarixindən antik süjetlər tanışdır. Biz bütün bunları məktəbdə keçmişik. Ermənistan bu mədəni məkandadır. Biz məktəbdə fars poeziyasını keçmirik, Homeri keçirik”, – Nina İsgəndəryan deyir.
Onun sözlərinə görə, Cənubi Avropa sakinləri ilə bənzərlik hətta insanların geyimlərində, məişətdə özlərini aparmalarında, uºaqlarla ünsiyyətlərində də özünü biruzə verir.
“Bir tərəfdən tərəflər mikro-ailələrlə yaşayır, digər tərəfdən valideynləri ilə ailə əlaqələrini saxlayırlar, hansılar ki, nəvələrin tərbiyəsinə fəal şəkildə cəlb olunurlar. Bunlar möhkəm qohumluq əlaqələri ilə seçilən, süfrə arxasına toplaşmağı, birlikdə vaxt keçirməyi sevən cəmiyyətlərdir”.
Nonna Melkumyan sosioloji tədqiqatın nəticələri ilə bağlı təəssüratlarını bölüşür:
“Avropanın adı çəkiləndə yaddaşınızda hansı tarixi hadisələr canlanır sualına bizim respondentlər Avropa tarixi haqda əhəmiyyətli həcmdə biliklərin olduğundan xəbər verən cavablar veriblər, hansıları ki, əsasən tarix üzrə məktəb proqramından və universitet məruzələrindən alıblar.
Gənclər Avropa tarixinin müxtəlif hadisələri ilə yaxşı tanışdır, Avropadakı müharibələrin tarixlərini qeyd edirlər, asanlıqla Avropanın məşhur mədəniyyət, siyasət, elm xadimlərinin, tarixi şəxslərinin adlarını sadalayırlar”.
“Əsas Avropa dəyəri uzun və əzmlə getdiklərinə (mərkəzi və qərbi Avropa) haqlarının olması hüququdur. Bu, müvafiq mərhələləri olan prosesdir, nəticə isədaxili istifadə üçündür. Əgər özün o prosesləri keçməmisənsə, yəni proses olmayıbsa, onların səviyyəsinə tullana bilməzsən”. Qayane Baqdasaryan