Autizmin öhdəsindən gələn uşaqlar. Uğurun sirləri
Əmək və Sosial Məsələlər Nazirliyinin məlumatına görə, Ermənistanda 310 autizmli uşaq qeydə alınıb.Bunlar əlillik dərəcəsi almış uşaqlardır. Amma Milli Səhiyyə İnstitutunun məlumatına əsasən, yardım üçün tibb müəssisəsinə müraciət edən autizmli uşaqların sayı daha çoxdur – 564 nəfər.
Əslində idə bundan da çox ola bilər. Nəzərə alsaq ki, bəzi valideynlər bu cür uşaqları sadəcə cəmiyyətdən gizldirlər. Autizmli uşaqların və onların valideynlərinin hansı problemlərlə qarşılaşdıqları və birlikdə bu bu çətinliklərin öhdəsindən necə gəldikləri haqda danışırıq.
“Mənə daha çox şey öyrət” mərkəzində
Qadın ekranda görünən meyvələrin adını bir neçə dəfə heca-heca, xüsusi vurğu ilə təkrarlayır. Uşaqlar diqqətlə qadının dodaq hərəkətlərini izləyir, sonra pedaqoqların köməyi ilə bu meyvələri masalarının üzərindəki şəkillərin arasından tapmağa çalışırlar.
“Biz bu metodu nitq və ətraf mühitlə ünsiyyət problemi olan uşaqlara təklif edirik. Autizmli uşaqlar üçün insanlarla ünsiyyət çətin olur”, – “Mənə daha çox şey öyrət” Tədris və İnkişaf Mərkəzi ictimai təşkilatının əsasını qoyan Lena Harutunyan izah edir.
40 yaşlı Lenanın iki övladı var. Oğlu Narek artıq 12 yaşındadı, o autizmli uşaqdır. O, yaş yarımında olarkən valideynləri bunun fərqinə varıblar.
“Biz Nareklə müxtəlif mərkəzlərə gedirdik, ixtisaslaşmış terapiya kursları keçirdik. Çoxsaylı cəhdlərdən sonra biz anladıq ki, bütün səylərimiz boşunadır, biz ünsiyyəyi normaya qoya, onun sosiallaşmasını təmin edə bilmədik.
Uzun axtarışlardan sonra mən ABŞ-da artıq 15 ildir ki, tətbiq olunan bu metoda rrast gəldim. Metodun yaradıcılaı – Laura və Brayn Kasbarları tapdım. Onların yeddi uşağı var, onların üçü autizmlidir və nitq problemləri var. Onlarla əməkdaşlıq etməyə başladım. Bu metod Narekə ilk uğurlarını qazanmağa kömək etdi”, – Lena Harutunyan danışır.
Onun sözlərinə görə, metod nitq inkişafında problem olan uşaqlara tədricən ünsiyyət qurmağı və öz fikirlərini ifadə etməyi öyrədir.
Uğur sirri nədədir?
Bu metodun müəllifi Laura Kasbor sadəcə öz uşaqlarına kömək etmək istəyib. O, hər yolla onlara danışmağı öyrətməyə çalışır, amma heç nə alınmırdı.
Video çəkmək ideyası uşaqlara tədris vaxtı vizual dəstək lazım olduğunu öyrəndiyi zaman yaranıb, yanlarında adamın olması isə uşaqların diqqətlərini yayındırır. Kiminsə iştirakını istisna edən vizuallaşdırma vasitəsi düşünüb tapmaq lazım idi.
O, əri ilə birlikdə video-çarxlar hazırlamağa başlayıb. Kadrda diqqət Lauranın dodaqlarına yönəldilib ki, uşaqlar bu və ya digər sözü necə ifadə etməli olduqlarını görə bilsinlər.
Və hər şey alınıb: uşaqlar nəinki danışmağı və oxumağı öyrəniblər, hətta məktəb proqramını öz yaşıdlarından daha tez qavrayıblar və artıq 16 yaşında kollecə qəbul olublar.
Video-çarxlar autizmli uşaqlara dərsləri daha asan dərk etməyə kömək edir, çünki orada diqqət onların qavramalı olduğu şeylər üzərində cəmlənir. Və uşaqların diqqətini yayındıra biləcək bütün amillər istisna edilir.
Metodun adaptasiyası
İxtisasca linqvist və psixoloq olan Lena metodu adaptasiya edib, yəni onu “erməniləşdirib” və videoları internetə yerləşdirib.
“Biz gördüyümüz iş haqda 2016-cı ildə məlumat yaymışıq. Hər şey o zaman başladı. Valideynlər xahiş edirdilər ki, şəbəkədə daha çox video paylaşaq. Biz videoları youtube-a qoyur və hər dəfə valideynlər daha bir uşağın baxdığını və reaksiya verdiyini bildirirdi. Bu da bizi həvəsləndirirdi.
Amma tezliklə mən başa düşdüm ki, daima skype-la və telefonla danışmağa, Facebook səhifəsini idarə etməyə yetişə bilmirəm. Artıq bütün bunları nəzarətdə saxlaya bilmirdim. Nəticədə biz kiçik mərkəz açdıq, mütəxəssislər cəlb etdik və işləməyə başladıq”, – Lena danışır.
2016-cı ildə o, “Mənə daha çox şey öyrət” Tədris və İnkişaf Mərkəzinin əsasını qoyub. Hazırda mərkəzdə 90 uşaq tədrisə cəlb olunub. Daha 200 uşaq öz növbəsini gözləyir.
Mərkəzdə fərdi və qrup dərsləri aparan psixoloq, loqoped, pedaqoq işləyir. Mərkəzin nəzdində “Teach me more” (“Mənə daha çox şey öyrət”) kolleci fəaliyyət göstərir, orada uşaqlar 4 saat və daha artıq zaman keçirirlər.
Qəbul komissiyası uşağın tələbatını nəzərə alır və onun dərslərinin hansı proqram üzrə keçəcəyini müəyyən edir. Kollecdə eyni zamanda heç bir problemi olamayan uşaqların məşğul olduğu inklüziv dərnəklər də fəaliyyət göstərir.
Narek
Mərkəzin kabinetlərindən birində pedaqoq Evelina Hovannisyan Narekə imla yazdırır.
“Mən sadəcə onun əlini tuturam, çünki biləkləri yetəri qədər inkişaf etməyib, o isə müstəqil şəkildə yazır, öz fikirlərini ifadə edir. Biz söhbətləşirik: mən şifahi, o isə yazılı”, – Evelina deyir.
Onun sözlərinə görə, autizmli uşaqlar inkişaf səviyyəsinə görə çox müxtəlif olurlar. Hər bir pedaqoqun rolu autizmli uşağın müstəqil həyata hazırlanması üçün çox mühümdür:
“Biz işləməyə psixoloqla başlayırıq, sonra xüsusi pedaqoqa keçirik. Psixoloq davranış üzərində işləyir, yaddaşı inkişaf etdirir. Bunlar uşağın bir-bir öhdəsindən gəlməli olduğu mərhələlərdir”.
Mərkəzdə nə öyrədirlər?
Hər bir mütəxəssis hər gün beş uşaqla fərdi işləyir. Burada üç mütəxəssisin: pedaqoq, psixoloq və erqoterapevtin iştirakı ilə qrup məşğələləri də keçirilir.
Erqoterapevt Narine Muradyan mərkəzə gələn uşaqlara necə kömək etdiyini anladır:
“Biz kiçik və böyük motorikanı, hərəki funksiyaları inkişaf etdirir, əşyaları tutmağı, yeriməyi, qaçmağı, tullanmağı, yeməyi, tualetdən istifadə etməyi öyrədirik. Yəni onlara ilk ehtiyac vərdişlərini aşılayır, onları daha azad və müstəqil yetişdirməyə çalışırıq. Belə problemləri olmayan uşaqlar hər gün müxtəlif həyat vəziyyətlərinin öhdəsindən gələrək bu vərdişlərə yiyələnirlər ki, bu da təbii inkişafdır. Biz bu uşaqlara eyni vərdişləri qazanmalarına kömək etməyə çalışırıq”.
İnklüzivlik
Lena Harutunyanın sözlərinə görə, cəmiyyət çoxdan kök salmış stereotiplərin öhdəsindən çətinliklə gəlir:
“Sadə misal: uşaq harasa getmək istəmir, qışqırır. Bu səs-küy insanları qorxudur, onlar öz uşaqlarına bizim uşaqlarla ünsiyyət saxlamağa icazə vermirlər, deyirlər ki, bu uşaq dəlidir, səni vura bilər. Problemlər artıq uşaq bağçasından başlayır”.
12 yaşlı Narek ümumtəhsil məktəbində təhsil alır. Anası danışır ki, əvvəlcə o, dərslərdə beşcə dəqiqə bir yerdə otura bilmirdi, qışqırırdı, sinifdə qaçırdı. Amma uzun müddətli iş nəticəsində onun davranışı dəyişdi.
“Ermənistanda inklüziv təhsilin tətbiqi gecikib. Mən çox istəyərdim ki, zamanında yanımda bu cür problemləri olan uşaqları görüm. Mən belə uşaq anası olmağa özümü daha hazır hiss edərdim. Elə mərhələlər var ki, valideyn onlardan keçməli olur. Məsələn, inkar mərhələsi – sən anlamırsan ki, sənin də bu cür uşağın ola bilər. Barışmaq və mübarizəyə başlamaq üçün zaman lazımdır”, – Lena deyir.
Valideynlərə yardım
“Daha sonra cəmiyyətlə mübarizə mərhələsi başlayır. Uşaq bu cür doğulub, bizim borcumuzdur ki, onu ailədə böyüdək və ona lazım olan hər şeyi verək. Amma bizə dövlətin dəstəyinə də ehtiyac var. Məsələn, gündüz mərkəzləri lazımdır ki, valideynlər uşaqlarını heç olmasa yeddi saatlıq ora qoyub, işləyə bilsinlər”, – Lena deyir.
Onun sözlərinə görə, Ermənistamda bircə dənə də olsun belə mərkəz yoxdur və valideynlərin əksəriyyəti işləyə bilmir:
“Bəs əgər uşağın bir valideyni varsa, o zaman bu cür ailələr çox dəhşətli sosial vəziyyətə düşür”.
Uşaqların gələcəyi
“Mənə daha çox şey öyrət” təşkilatının rəhbəri autizmli uşaqların məşğulluq məsələsini də qaldırır.
“Problemli uşaqların valideynləri mütləq övladlarının onlar olmadan necə yaşayacağı haqda düşünür. Dövlət bizə məşğulluq mərkəzlərinin yaradılmasında yardım etməlidir ki, bizim uşaqlarımız gələcəkdə öz evlərində təcrid olunmuş vəziyyətə düşməsinlər. Bacarıqlarından asılı olaraq onların məşğulluğunu təmin etməyə çalışmaq, onların bacarııqlarını cəmiyyətin xeyrinə istifadə etmək lazımdır.
Əgər sən uşağını öyrədirsənsə, illərlə mübarizə aparırsansa, bütün bu reabilitasiya işləri məhz buna istiqamətlənib. Bizdə uşaqlar var ki, şam düzəldirlər, belə presedent var. Mən xaricdə artıq işləyən bu cür uşaqlar görmüşəm”, – Lena deyir.
Mərkəz nümunə göstərir
Artıq üç aydır ki, Tiqran Gevorqyan “Mənə daha çox şey öyrət” mərkəzində çalışır. O, uşaqlara yazmağı və oxumağı öyrədir.
“Mən müstəqil şəkildə evdən bura gəlirəm, burada özümü əla hiss edirəm, hər şey gözəldir. Ən əsası isə biz artıq işləyirik”, – Daun sindromlu 24 yaşlı Gevorq deyir.
Səmərəlilik
Lena deyir ki, artıq bir neçə məşğələdən sonra dəyişikliklər olduğunu düşünən valideynlər var. Sonra anlayırlar ki, uzun yol getməlidirlər – həm də bu yolu sadəcə uşaq yox, onlar özləri də keçməlidirlər.
“Valideyn uşaq üçün hərəkətverici qüvvədir. Əgər valideyn uşağı problemləri üzündən cəmiyyətdən təcrid edəcəksə, o, heç vaxt bərpa ola bilməyəcək. Əvvəlcə valideynlər öz üzərində işləməlidir, reallığı qəbul etməlidir. Onlar bunu etməsələr, cəmiyyət onların uşağını necə qəbul edəcək? Günahkar axtarmaq da lazım deyil. Bu, niyə bizim başımıza gəlib? Bu, artıq baş verib. Bugünlə və sabahla yaşamaq lazımdır. Elə indi başlayaq”, – Lena deyir.