ATƏT sədrinin Gürcüstana səfəri ətrafında yaranan qalmaqal
ATƏT nümayəndəsinin Tbilisi səfəri
Gürcüstan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin səfəri ilə bağlı narahatlığını ifadə edib və ATƏT-ə etiraz notası göndərib.
ATƏT Katibliyinə göndərilən notada Gürcüstan XİN Elina Valtonenin Tbilisinin mərkəzi Rustaveli prospektinə səfərini, burada mütəmadi keçirilən etiraz aksiyalarında iştirakını “kiçik bir hökumət əleyhdarı aktivist qrupunun təşkil etdiyi küçə mitinqinə qoşulmaq” kimi xarakterizə edib və Valtoneni Gürcüstandakı mövcud vəziyyət barədə beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdində ittiham edib.
Notada həmçinin qeyd olunur ki, Valtonenin hərəkətləri ATƏT sədrinin səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirilə bilər.
Öncə baş verənlər
Elina Valtonen Gürcüstana rəsmi səfər çərçivəsində gəlib və 2025-ci il oktyabrın 14-də Rustaveli prospektinə baş çəkərək etirazçılarla görüşüb və videomüraciət yayımlayıb.
“Sülhməramlı etirazçılar Tbilisidə, Gürcüstan parlamentinin binası qarşısında toplanaraq ölkələrindəki repressiv siyasətə etiraz edirlər. Onların demokratiyaya, söz azadlığına və əsas insan hüquqlarına tam haqqı var. Biz buradayıq ki, onlara dəstək olaq”, – deyə Elina Valtonen bildirib.
ATƏT-in fəaliyyətdə olan sədri bundan əvvəl “Gürcü Arzusu” partiyasından olan xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb və Gürcüstan hakim partiyasının antidemokratik siyasətini tənqid edib. Lakin Gürcüstan XİN-i görüşlə bağlı yaydığı mətbuat açıqlamasında Valtonenin tənqidlərinə dair heç bir məlumat verməyib.
Oktyabrın 15-də “Gürcü Arzusu” hökuməti bəyanat yayıb və orada baş nazir İrakli Kobaxidzenin “qanunsuz etiraz aksiyasında iştirakla əlaqədar” Valtonenlə görüşü ləğv etdiyi bildirilib. Lakin sonradan görüşün Finlandiya Xarici İşlər Nazirliyi tərəfindən ləğv edildiyi məlum olub.
Oktyabrın 16-da Elina Valtonen açıq şəkildə İrakli Kobaxidzeyə müraciət edərək onu Finlandiyaya səfərə, azad mediaya məxsus nümayəndələrlə görüşməyə və orada keçirilən istənilən etiraz aksiyasında iştirak etməyə dəvət edib.
Valtonen həmçinin qeyd edib ki, Gürcüstanın gələcəyi yalnız gürcü xalqından asılıdır.
Elə həmin gün Gürcüstan Daxili İşlər Nazirliyi Valtoneni Rustaveli prospektində olduğu zaman “qanunsuz olaraq yolu bağlamaq” ittihamı ilə 5 000 lari (təxminən 1 800 dollar) məbləğində cərimələyib.
Etiraz notası
“ATƏT-in fəaliyyətdə olan sədrinin Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşü, işğal xəttinə səfəri və bir neçə vətəndaş cəmiyyəti nümayəndəsi ilə görüşünü əhatə edən rəsmi proqramından kənar olaraq, nazir Elina Valtonen 14 oktyabrda kiçik bir hökumət əleyhdarı aktivist qrupunun təşkil etdiyi və əsas Tbilisi prospektini maneəsiz, lakin qanunsuz şəkildə bağladığı küçə etirazına qoşulub.
Nazir Valtonenin reallığı əks etdirməyən açıq bəyanatı Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti bilərəkdən çaşdırmaq cəhdidir.
Bu hərəkətlər ATƏT-də əməkdaşlıq ruhuna ziddir və fəaliyyətdə olan sədrin mandatından sui-istifadə, etimadı və formal neytrallığı zədələmək kimi qiymətləndirilə bilər.
Bu addımlar beynəlxalq hüquqa ziddir. Onlar ATƏT-in qayda və prosedurlarına, diplomatik münasibətlərə dair Vyana Konvensiyasına, eləcə də suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsipləri daxil olmaqla, Helsinki razılaşmaları və BMT-nin A/RES/20/213 qətnaməsində təsbit edilmiş ümumi qəbul olunmuş prinsiplərə qarşıdır”, — deyə notada bildirilir.
ATƏT nümayəndəsinin Tbilisi səfəri