Atamı necə bağışlamalı
The Advocates for Human Rights hüquq müdafiəsi təşkilatının bildirdiyinə görə, Azərbaycanda qadınların 43 faizi məişət zorakılığına məruz qalıb
Bir dəfə Amerikada dostları Fidanı həşişli şokolada qonaq edir. Əvvəlcə canına halsızlıq çökür. Sonra beynində musiqi səslənməyə başlayır. Və nəhayət, qarabasmalar görür. Gözünün qabağına çox şey gəlir, amma təkcə birini yadında saxlayıb: o, anasının bətnindədir.
Fidan inanmaq istəyir ki, bu sadəcə qarabasma yox, şüuraltından gələn bir xatirədir. Çünki onun ilk şüurlu xatirəsi belədir:
“Anam pəncərənin qarşısında durub, qucağında da qardaşım. Onunla üzbəüz isə qəzəbli atam əlində bıçaqla dayanıb.
Neçə yaşım olardı onda? Üç? Bilmirəm. Sadəcə gözəl qadını, onun gözlərindəki qorxunu, atamın kürəyini xatırlayıram. Tavandan çılçıraq əvəzinə sallanan lampa sovet qatarlarının vaqonlarını xatırladan dar yataq otağını zəif işıqlandırırdı.
Bu mənim dünyam idi. O zaman mənə bəlli olan yeganə dünya. Daima döyülən anamın gözləri.
Düzdür, bir də qrenkiləri – yumurtalı çörək qızartmasını xatırlayıram. Köhnə dəmir tava, çörək dilimləri, içində yumurta olan nimçə, sovet yağı (beləcə sarı, nazik kağıza bükülmüş) və qızaran qrenkilərin qoxusu.
Bir də qarı xatırlayıram. Atam işə gedirdi, qar təpəsi qapının ağzını kəsdirdiyi üçün qapını aça bilmirdi. Həyatımda gördüyüm ilk ən böyük qar.
Atam anamı döyməyə başlayanda mən özümü yerə atıb onun ayaqlarını qucaqlayırdım ki, anamı buraxsın. Deyəsən, işə yarayırdı. Atam sakitləşirdi.
Anamı döyürdü. Qardaşımı da. Mənə toxunmurdu. Mən onun üçün “ideal” olmağı öyrənmişdim. Nadinclik etmir, oynamır, susurdum. Anamın və qardaşımın nümunəsində mən onu məhz nələrin qıcıqlandırdığını və özündən çıxardığını anlamışdım. Bir də onun sifət ifadəsindən emosiyalarını və əhvalını “oxumağı” öyrənmişdim. Nə zaman “qasırğa qopacağını” hiss edirdim və baxışlarımla qardaşıma təhlükəni işarə etməyə çalışırdım. Amma o, mənim himcimimi anlamırdı və yenə döyülürdü. Beləcə özümü günahkar hiss etməyi öyrəndim.
Atamın istəyi ilə mən musiqi və şahmatla məşğul olurdum. Mən onun üçün o qədər yaxşı olmaq istəyirdim ki, çox çalışırdım. Şahmatda belə bir məşq metodu var: arxası lövhəyə oturursan və sənə fiqurların yerlərini təsvir edirlər. Kor-koranə oyun kimi bir şey.
Mən qonaq otağında yerdə bu cür oturmuşdum. Yanımda isə atam oturmuşdu, şahmat tapşırıqları toplusu ilə. Bu köhnə kitabın qoxusunu xatırlayıram. Mən hər dəfə doğru cavabı tapırdım. Ona görə yox ki, şahmatı sevirdim. Sadəcə onu məyus etməkdən qorxurdum.
İlk dəfə o mənə əl qaldıranda 6 yaşımdaydım.
Qardaşım qonşuluqdakı oğlanı bizə çağırmışdı, oynamağa. Valideynlərimiz evdə yox idi. Atam qayıdanda çox nəzakətlə qonşu uşağı yola saldı (adamların arasında o, həmişə çox nəzakətli olurdi). Mən anladım ki, indi başlanacaq. Axı gedəndə tapşırmışdı ki, evə heç kimi buraxmayaq.
O mənə qısaca dedi ki, “bıçağı qazın üstünə qoy”.
İndiyə qədər ancaq qardaşımı belə cəzalandırırdılar. Mənim başıma ilk dəfə gələcəkdi. Mətbəxə getdim. Şkafdan bıçağı çıxardım. Məhz hansının lazım olduğunu bilirdim. Orada bu “mərasim” üçün xüsusi biri vardı – uzun və nazik.
Qazı yandırdım. Bıçağı üstünə qoydum. Ocağa baxıb, düşünürdüm ki, anamın gəlib bizi xilas etməsini istəmirəm. Çünki atam onu döyəcək. Anacan, xahiş edirəm, hələ ki gəlmə.
Qış idi. Əynimdə isti kolqotka vardı. Qonaq otağında divanda oturdum. O dedi: “kolqotkanı çıxar”. Çıxardım (yadımdadı ki, kolqotkalarım tez cırılırdı, kök olduğum üçün).
Əllərimi dizlərimdə cütləyib, gözlərimi yumdum. Anacan, xahiş edirəm, hələ gəlmə.
O, mətbəxdən közərmiş bıçağı gətirdi. Əllərimə dağ çəkdi. Sonra ayaqlarıma. Mən susurdum. Gözlərimi açanda gördüm ki, qardaşım şkafa dırmaşmaq istəyir. “Axmağa bax”, – mən düşündüm. – “Lap hörümçək-adam kimi”.
Canımın yanıb-yanmadığı yadımda deyil. Yadımdadı ki, əlində bıçaq qarşımda dizlərinin üstündə oturmuşdu, gözlərimin içinə baxırdı. Mən də ona baxırdım, gözlərim isə gülümsəyirdi. Mənim üçün ağlamamaq, ona məğlub olmamaq vacib idi.
Amma yenə də gözümdən yaş axdı. Bəlkə ağrıdan, bəlkə də haqsızlıqdan.
İkinci dəfə 16 yaşımda oldu. Rəfiqəmlə konsertə getmişdik, sonra dondurma yemək qərarına gəldik. Evə qayıdanda məlum oldu ki, məni artıq axtarırlar.
Mən qonaq otağının ortasında dayanmışdım. Düz çılçırağın altında. Orada səkkiz “şamlı” qədim gözəl çılçıraq asılmışdı. Amma mən hələ də anlamıram ki, o evdə işıq niyə həmişə zəif olurdu.
Mən artıq qonşumuz Olyadan ödünc aldığım donu çıxarıb, ev paltarı geyinməyə macal tapmışdım. O qarşımda durmuşdu. Harada olduğumu soruşdu. Cavab verdim. Mənə şillə vurdu. Elə bilirdim ki, həqiqəti deməklə cəzadan azad olacam. Amma o məni vuranda mən partladım, onu yumruqlamağa başladım:
– Mən sənə həqiqəti dedim! Sənin nə haqqın var?! Biz sadəcə dondurma yeyirdik!
İsterikaya düşdüm. Ona görə yox ki, şillə ağrıtdı, ona görə ki, ədalətsiz idi.
Üçüncü dəfə az qala 26 yaşındaydım. Anamla qonaq otağında oturub kinoya baxırdıq. Artıq hardasa səkkiz il idi ki, məsciddə Qurana əl basıb and içəndən sonra anama əl qaldırmırdı. Burnunu sındırıb, kəllə sümüyünü çatladandan sonra anam evdən qaçmışdı, onu geri qaytarmaq üçün and içməli olmuşdu.
Bu dəfə o, balaca bacıma acıqlanmağa başladı, anam isə onu müdafiə etdi. Birdən o, var gücüylə anamın başına yumruq ilişdirdi. Məhz kəllə sümüyünün çatladığı yerə.
Yadımda deyil divandan necə sıçrayıb, ona necə cumdum. Onu söyürdüm, dişləyirdim, vururdum. Saçımdan tutub, qarnımı təpikləməyə başladı. Qardaşım bizi ayırmağa çalışırdı. Birdən atam masanın üstündəki ağır büllur külqabını götürüb mənə tolazlamaq istədi. Qışqırdım ki, “Tulla, köpək, tulla! Səni içəri basdıracam!” O, külqabını aşağı saldı. Bəzən həmin andakı cəsarətim üçün darıxıram.
Bir də kitablar üçün darıxıram. Hər kəlməmə nəzarət etməyi öyrənəndən sonra demək olar ki, danışmağı tərgitmişdim, bütün günü kitab oxuyurdum. Yadımdadır, balaca ikən divanda uzanıb Astrid Lindqrenin “Karlson, Peppi və digərləri” kitabını oxuyurdum və mətbəxdə yer üzünün ən ləzzətli kartof pirojkisini bişirən anamdan anlamadığım sözlərin mənasını soruşurdum. O pirojkilər üçün də darıxıram.
19 yaşımda, hələ universitetdə oxuyarkən işə düzəldim, tədricən yaxşı pul qazanmağa başladım. 10 il müddətində mənzil üçün pul toplayıb, valideynlərimin yanından köçə bildim.
İndi 39 yaşım var. İki dəfə “nikahdan qaçmışam” – ən son məqamda adaxlılarıma yox demişəm. Zaman-zaman anamı vaxtilə getmək istədiyi yerlərə aparıram. Biz onunla artıq Vatikan muzeyini, Qərb divarını, Zəncirli körpünü görmüşük. Siyahıda hələ Ermitaj, Misir piramidaları və başqa xeyli şey qalır.
Anamla atam yenə də qonaq otağında qədim çılçıraq asılmış əvvəlki mənzilimizdə yaşayırlar. Atam qocalıb. Həftədə bir-iki dəfə yanlarına gedirəm.
İllərlə atamın anamı boğduğu, mənimsə yanında dayanıb səsimi çıxara, barmağımı tərpədə bilmədiyimlə bağlı yuxu görürdüm. Bir dəfə internetdə bir kitab tapdım, valideynləri necə bağışlamağın mümkünlüyü haqda. Deyəsən, oradakı məsləhətlərdən biri mənə kömək elədi. Mən atamın uşaqlığı haqda çox şey bilirdim, odur ki, onun balacalığını təsəvvür etmək mənim üçün çətin deyildi. Təsəvvür elədim ki, onunla bir otaqdayıq və mən onu atasının döydüyünü, alçaltdığını görürəm. Mən təsəvvürümdə bu balaca ağlayan oğlana yaxınlaşıb, onu qucaqladım. Ayağını yox”.