AŞPA Azərbaycanı sanksiyalarla hədələyir. Bu addım özünü doğruldacaqmı? Ekspert rəyi
AŞPA Azərbaycanı sanksiyalarla hədələyir
Avropa Şurası Parlament Assambleyası Azərbaycanı sanksiyalarla hədələyir. Artıq bu istiqamətdə ilk addım atılıb – AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib. Bundan dərhal sonra Azərbaycanın iqtidaryönlü mediası yazıb ki, Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur və ölkə AİHM-in yurisdiksiyasından da çıxa bilər. Politoloq Fərhad Məmmədovun fikrincə, Qərb bu qərarı ilə Azərbaycanı daha da özündən uzaqlaşdırır.
- Azərbaycanda COP29-la bağlı yeni təyinatlar
- “Beynəlxalq hüquqa rəğmən”. Qərb və Azərbaycan münasibətlərinə dair Bakıdan şərh
- Uçurulmuş evlər, dağıdılmış məzarlıq – 32 il sonra Qaradağlıda
Nə baş verib?
Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiq olunmayıb. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi ilə bağlı təklifi dəstəklənib və qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.
Azərbaycan nümayəndə heyəti iclasda iştirak edib, lakin səsvermə hüququ məhdud olub.
Bakının reaksiyası
“Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib.Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir”, – hökumətyönlü APA informasiya agentliyinin yaydığı məqalədə deyilir.
“Almaniyalı deputat və onun bu təşəbbüsünü dəstəkləyən həmkarları məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır. Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir”, – müəllifi göstərilməyən məqalədə qeyd olunub.
“AŞPA bu illər ərzində üzvü olan bir ölkənin – Ermənistanın digərinin – Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib.
Artıq Qarabağ problemi həll olunub. Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur.
AŞPA-nın qəbul edəcəyi qərardan asılı olaraq adekvat addım atılmalıdır. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səsvermə hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edəcəyi təqdirdə, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur.
Bundan başqa, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər. Vurğulamaq yerinə düşər ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib.
Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa İttifaqı və Avropa Parlamenti kimi AŞ və AŞPA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib”, – agentlik vurğulayıb.
Politoloq şərhi
“AŞPA Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması məsələsinə baxmağa hazırlaşır. Hökumət mediasında Bakı özü üçün cavab tədbiri təyin etdi: nümayəndə heyətinin fəaliyyətinin tamamilə dayandırmaq, AŞPA və AİHM-dən çıxmaq.
Bu, ciddi addımdır, çünki AŞPA-da iştirak Azərbaycanın xarici siyasətinin Avropa müstəvisində mühüm istiqamətlərindən biridir”, – deyə azərbaycanlı politoloq Fərhad Məmmədov bildirib.
Onun fikrincə, vəziyyətin ciddiliyi ondadır ki, Azərbaycana qarşı sanksiyalar Qarabağ ermənilərinə görə tətbiq edilir:
“Bizi görmədiyimiz bir işdə ittiham edirlər! Bütün bunlar isə Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar formatında müəyyən irəliləyişlər fonunda baş verir.
Azərbaycan Ermənistanla ikitərəfli sazişi rəsmiləşdirən kimi Qərb və Rusiya cinahlarından təxribatlar başlayır”.
Məmmədov qeyd edir ki, “bütün bu hekayədə ən maraqlısı Paşinyan və komandasının pis vəziyyətə düşməsidir”:
“Bir tərəfdən Bakı ilə danışıqlar gedir, orada Qarabağ mövzusu yoxdur, digər tərəfdən isə Ermənistanın avropalı tərəfdaşları antiazərbaycan ətalətini dayandıra bilmədiklərindən Qarabağ erməniləri mövzusunu gündəmə gətirirlər.
Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə məhdudiyyətlər mövzusunda səsvermə zamanı Paşinyanın partiyasından olan deputatlar necə səs verəcəklər?! Sual budur. Axı belə qərar və qətnamələr Ermənistan cəmiyyətində ümid kimi qəbul edilir.
Paşinyanın partiya qrupu “lehinə” səs verərsə, bu, danışıqlar prosesində böyük problemə çevriləcək. Əgər bitərəf olsalar, o zaman danışıqlar prosesinin effektivliyinə ümid artacaq.
Qəribə təsadüf nəticəsində Rusiya, Fransa, Avropa Parlamenti və AŞPA Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar formatının əleyhdarları ilə eyni xəttdə dayanıblar. Və bu bir faktdır.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, bütün bu qrupların sifət ifadəsini izləmək çox maraqlı olacaq. Əks halda, məhz bu qruplar öz məqsədlərinə çatacaqlar.
Beləliklə, Qərb bu qərarı ilə Azərbaycanı özündən daha da uzaqlaşdırır”.