Asılı müstəqil Cənubi Osetiya
Bu dilemmanın özü Cənubi Osetiyanın yaxın və uzaq qonşularında təəccüb doğurur. Bu məsələnin necə yarandığı sualına cavab vermək üçün, Gürcüstan-Cənubi Osetiya münaqişəsinin başlanğıcına qayıtmaq lazımdır.
1990-cı illərin əvvəllərində, münaqişə hərbi mərhələyə keçəndə, yeni yaranan və dərhal da siyasi dominant olan “Adamon Nıxas osetin xalq hərəkatının liderləri əvvəl bu silahlı qarşıdurmanı perspektivsiz hesab edirdilər. Rəsmi hakimiyyət haqqında isə danışmağa dəyməz – o sadəcə olaraq özünü itirdi və öz xalqına xain çıxdı.
Buna görə də o vaxt hərbi müqavimət demək olar ki, qeyri-mütəşəkkil şəkildə yarandı, bu, xalqın reaksiyası idi, əksər birdən-birə peyda olan səhra komandirləri o vaxta qədər siyasi həyatda iştirak etməyiblər.
Bundan sonra başlayan və uzun illər boyu sürən müharibə Cənubi Osetiyanın fiziki və əsasən də intellektual ehtiyatlarını tükəndirdi. Daha xarizmatik səhra komandirləri müxtəlif səbəblər üzündən tədricən ölkənin siyasi həyatından yoxa çıxdılar.
2008-ci il avqust müharibəsi bu fonda baş verdi.
Sonrakı hadisələr hamıya məlumdur. Rusiya müdaxilə etdi, gürcü qoşunları Cənubi Osetiyanı tərk etdi, orduyla birlikdə respublikanın gürcü kəndlərinin əhalisi də qaçdı. Bundan əlavə, Cənubi Osetiya həmin vaxta qədər Tbilisinin nəzarəti altıda olan Leninqor rayonu üzərindəki nəzarəti ələ keçirdi.
Osetinlər rahat nəfəs aldılar, amma həmin vaxt onlar öz siyasi problemlərinin tezliklə həllini gözləmirdilər. Cənubi Osetiya Respublikasının Rusiya tərəfindən tanınması çoxları üçün gözlənilməz oldu. Əhali həmin vaxt daha çox Rusiyanın tərkibinə daxil olmağı gözləyirdi, axı 1991-ci ilin mart referendumunda onlar SSRİ-nin saxlanılmasına “hə demişdilər və onun varisi Rusiyaya istiqamətlənmişdilər.
O vaxt hamı gözləyirdi ki, Rusiya ordusunun çiyinlərində Sxinvala qayıdan Cənubi Osetiyanın o vaxtkı prezidenti Eduard Kokoyta respublikanın xilaskar qəhrəmanı olacaq. Bunun arxasınca onun artıq tanınmış respublikanın rəhbəri statusunda yeni prezidentlik müddəti, ondan sonra da növbəti müddət olmadı idi.
Hadisələrin bu cür inkişafına iki amil mane oldu. Birincisi, şəhər onun iştirakı olmadan azad olundu. İkincisi, Eduard Kokoytanın rusiyalı rüşvətxorlarla necə yaxşı dil tapması aşkar görünməyə başladı. Respublikaya göndərilən külli miqdarda vəsait rahatlıqla ayrı-ayrı adamların cibinə getdi.
2011-ci ilin noyabrı, Cənubi Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən tanınmasından sonra baş tutan ilk prezident seçkiləri gəldi. İqtidar yönlü “Vahid Rusiyanın klonu olan və Zurab Kokoyevin rəhbərliyi altında inzibati resursun köməyi ilə tez-tələsik yaradılan “Birlik partiyası qısa müddətdə öz səriştəsizliyini göstərdi. Rusiya tələsik respublikaya başçılıq edə biləcək başqa adam axtarmağa başladı. Bu da Anatoli Bibilov oldu.
Bu seçkilər Rusiyaya yalnız sözsüz itaət və düzgün səsvermə lazım olduğunu göstərdi. Moskva Cənubi Osetiyada özündəki quruluşu yaratmaq istədi. Lakin Rusiyanın o vaxtkı prezidenti Medvedevin dəstəyinə baxmayaraq, Anatoli Bibilov seçkiləri uduzdu. Cəmiyyət “öz namizədi olan Alla Cioyevaya səs verdi. Moskva Sxinvala təzyiq etməyə cəhd göstərdi. Bu zaman respublika güclə qanlı qırğından qaçmağı bacardı.
Sonda seçkilər baş tutmamış hesab olundu və Cənubi Osetiyaya yeni həm Rusiyanı, həm də ümumilikdə Cənubi Osetiya seçicilərini qane edən prezident Leonid Tibilov başçılıq etməyə başladı. Bu hadisələr onu göstərdi ki, Moskva indən sonra da seçimi iqnor edərək, sadiq və təşəbbüssüz məmurlara üstünlük verəcək.
Anatoli Bibilov və onun “Vahid Osetiya partiyası bu zaman öz xəttini çızaraq, Rusiyanın tərkibinə keçməklə bağlı şüar irəli sürdü, çünki əhalinin əksər hissəsi üçün onun, stabilliyin ekvivalenti olduğunu bilirdi. Bu zaman Rusiyanın fikri nəzərə alınmırdı, Cənubi Osetiya xalqını isə hakimiyyətə gəlmək üçün sadəcə aldadırdılar.
Sonra 2014-cü il parlament seçkiləri baş tutdu. Elektoratın düşünən hissəsi bu seçkiləri iqnor etdi və baş verənlərin girovuna çevrildi. “Vahid Osetiya partiyası səs çoxluğunu aldı və spiker təyin edilən Bibilov özünü Rusiyaya can atan xalqın “səsi elan etdi.
Amma hakimiyyətə gələndən sonra, Rusiyaya birləşmək vədini təbii ki, yerinə yetirmək mümkün olmadı və indi “Vahid Osetiya osetin xalqının “əsrlik arzusunun çin olmasına mane olan “düşmən axtarışındadır.
Gürcü siyasətçiləri də ona bu işdə kömək edirlər. Cənubi Osetiya ilə Gürcüstan arasında iyirmi ildən çox sürən ədavəti iqnor edərək, onlar Sxinvaldakı bu vəziyyəti Rusiyanın “təcavüzü kimi qələmə verir və osetinləri az qala Gürcüstanın müttəfiqləri kimi göstərirlər.
Prezident Leonid Tibilov isə artıq 2017-ci ildə baş tutacaq prezident seçkilərinə hazırlaşmağa başlayıb və Rusiyanın tərkibinə keçməklə bağlı populyar şüarı Bibilovun əlindən almaq istəyir. Tibilov Bibilovdan bir az da uzağa gedərək, bu mövzuda referendum keçirməyi təklif etdi. Düzdür, bu ideya Moskva tərəfindən dəstək almadığı üçün elə həyata keçirilməmiş də qaldı.
Bu zaman Cənubi Osetiyada müstəqillik tərəfdarlarının sayı artmaq üzrədir. Onların sıralarına ilk növbədə Rusiya reallıqları ilə şəxsən tanış olan və müstəqilliyin üstünlüklərini yaşlı nəsildən daha yaxşı anlayan Rusiya ali məktəblərinin məzunları keçir.
Müstəqillik tərəfdarlarının çox və kifayət qədər güclü olması ilk növbədə Rusiya və Cənubi Osetiya arasında, tərəflərin ötən ilin iyun ayında ratifikasiya etdiyi inteqrasiyanın dərinləşdirilməsi haqqında yeni sazişin hazırlanması prosesində göründü.
Müəllifləri naməlum qalan sazişin ilkin variantı Cənubi Osetiyanı müstəqilliyin bütün üstünlüklərindən məhrum edirdi – Cənubi Osetiya güc qurumlarının tamamilə Rusiyanın tabeliyinə keçməsini nəzərdə tutur, Rusiyaya respublikanın təhlükəsizliyinin təmin edilməsi üzrə qərar qəbul etmək hüququ verirdi, amma bu zaman onu Rusiyanın tərkib hissəsi etmirdi.
Həmin vaxt buna cavab olaraq, qeyri-parlament partiyaları və ictimai təşkilatların Əlaqələndirmə şurası yaradıldı və ona daxil olan gənc adamların səyləri nəticəsində bəzi mövqeləri qoruyub saxlamaq mümkün oldu. Yekun variantda Rusiyanın tərkibinə daxil olmaq haqqında bənd çıxarıldı və Rusiya ilə inteqrasiyanın səviyyəsi aşağı endirildi.
Bəli, bu gün yenə də Cənubi Osetiya cəmiyyətində müstəqillik tərəfdarları xeyli daha azdır. Cənubi Osetiyada seçicilərin əksəriyyəti internetdən istifadə etmir, bu da hakimiyyətin xeyrinədir. Siyasi intriqalar və dedi-qodular ictimai ab-havanı zəhərləyir və nəticədə get-gedə daha çox adam müstəqillik ideyasının özündən əllərini üzürlər.
Amma müstəqillik tərəfində olanların gücü onların sayında deyil. Bu, əhalinin daha çox düşünən hissəsi və əksər ali təhsilli gənclərdir. Onların mediaya çıxışı məhduddur, amma sosial şəbəkələrin sayəsində onların cəmiyyətdə dəstəyi artır.
Bəs Rusiyanın özü necə?
Krımın tanınmasından sonra tətbiq edilən beynəlxalq sanksiyaları nəzərə alsaq, Cənubi Osetiyanı özünə birləşdirmək heç də Rusiyanın xeyrinə deyil. Bu, onu dünya ictimaiyyəti tərəfindən daha böyük tənqid obyektinə çevirəcək və onun canını qurtarmağa çalışdığı sanksiyaların bir az da sərtləşdirilməsinə gətirib çıxaracaq. Buna görə də Rusiya həm eyhamlarla, həm də açıq şəkildə Cənubi Osetiyanın onun tərkibinə keçməklə bağlı cəhdlərinə öz neqativ münasibətini bildirib.
Həm də təxmin etmək olar, Rusiyaya açıq-aşkar boynundan asılanlar lazım deyil. Müstəqillik tərəfdarları – Cənubi Osetiyanın proqressiv, amma zəif və pis təşkil olunmuş siyasi gücü ilə Rusiyanın effektiv əlaqələri yoxdur. Belə olan şəraitdə Rusiya çox güman ki, stabilliyi seçəcək, yəni iki bir-birinə zidd olan – müstəqilliyin möhkəmləndirilməsi və onun tamamilə itirilməsi arasında manevr etməyə davam edən indiki prezident Leonid Tibilovu dəstəkləyəcək.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər