Keçmiş MTX rəhbəri Ermənistanın baş nazirinə qarşı sui-qəsd hazırlamaq şübhəsilə saxlanılıb
Vəkilləri “Ayrenik” (Vətən) partiyasının lideri, Milli Təhlükəsizlik Xiidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın saxlanılması haqda məlumat veriblər. Onların dəyərləndirməsinə görə, müxalif siyasətçiyə qarşı “biabırçı siyasi təqib” həyata keçirilir.
Artur Vanetsyan “dövlət xadiminin qətlinin hazırlanması, hakimiyyəti qəsb etmək məqsədilə sui-qəsd” şübhəsilə saxlanılıb.
Vəkillərin bəyanatı
Vəkillər Lusine Saakyan və Yervand Varosyanın Facebook-da yaydıqları məlumatda deyilir:
“Hökumətin düşüncəsi ancaq ölkə daxilində siyasi opponentlərinin əzilməsi istiqamətində “yaradıcılığa” qadirdir, artıq hakimiyyəti qəsb etmək və Nikol Paşinyana qarşı sui-qəsd ittihamının “doğulmasına” gəlib çatıb. Bütün bunları artıq hüquqi nöqteyi-nəzərdən şərh etmək mümkün deyil”.
Vəkillər onu da bildirirlər ki, hüquq-mühafizə orqanları Vanetsyanın valideynlərinin evində və partiyasının ofisində axtarış keçirib. Üstəlik onların axtarış üçün sanksiyası olmayıb, yəni bu, qanunsuz baş verib.
Vanetsyanın özünün evində axtarış aparılmayıb, çünki müstəntiqlər onun mənzilinin doğru ünvanını öyrənə bilməyib və başqa ünvanda axtarış üçün icazə alıb.
Vəkillərin fikrincə, baş verənlər ölkə rəhbərliyinin “bütün yollarla hakimiyyəti saxlamaq, dövlət əleyhinə proqramları axıra çatdırmaq və vətəni düşmənə təhvil vermək” niyyətindən xəbər verir.
Niyə vəkillər siyasi təqib haqda danışırlar?
Vanetsyanın partiyası baş nazir Nikol Paşinyanın və hökumətinin istefasını tələb edən 17 müxalif partiya koalisiyasına daxildir. Üstəlik onlar bu tələblə hələ noyabrın 9-da, baş nazir Qarabağ üzrə Azərbaycan və Rusiya ilə birlikdə üçtərəfli bəyanatı imzalamazdan əvvəl çıxış ediblər.
Ermənistanda xəyanətkar sövdələşmə və Qarabağın könüllü şəkildə Azərbaycana təhvil verilməsi kimi qəbul edilən sənəd imzalanandan sonra isə müxalifət daha sərt bəyanatlara keçib. İstefa tələbinə daha biri də əlavə olunub – Paşinyanın imzaladığı sənədin ləğvi.
Noyabrın 11-dən müxalif partiyalar küçə etirazları təşkil etməyə başlayıblar, baxmayaraq ki, Ermənistanda hələ də aksiyaların keçirilməsini qadağan edən hərbi vəziyyət qüvvədədir.
14 müxalifətçi “mitinqlərin təşkili və keçirilməsi faktı üzrə” qaldırılmış cinayət işi çərçivəsində saxlanılıb. Amma noyabrın 12-də gecəyarısı onlardan çoxu, o cümlədən də Artur Vanetsyan azad edilib. Məhkəmə onların saxlanılmasını qanunsuz hesab edib.