“Artsax Ermənistandır, vəssalam!” – Ermənistanın baş naziri
“Artsax Ermənistandır, vəssalam!”, – Ermənistan baş nazirinin bu ifadəsi Dağlıq Qarabağda keçirilmiş tədbirin şüarına çevrildi. Onu həm erməni mediası, həm də “Facebook” sosial şəbəkəsinin erməni seqmentinin istifadəçiləri sitat kimi göstərirdilər.
Nikol Paşinyan hələ ötən həftə publik olaraq bildirmişdi ki, Yeddinci panerməni oyunlarının açılışında proqram xarakterli nitqlə çıxış etmək niyyətindədir. Beləliklə də, o, qabaqcadan insanların diqqətini avqustun altısında Dağlıq Qarabağda başlayacaq idman tədbirinə yönəltdi və öz çıxışını anons etdi.
Bu oyunların nə demək olduğu və Ermənistanın baş naziri ilə Dağlıq Qarabağın prezidentinin burada hansı siyasi bəyanatlarla çıxış etməsi barədə danışırıq.
• Ermənistanın baş naziri və müdafiə nazirindən səs-küylü “hərbi” bəyanatlar
Qısaca Panerməni oyunları haqqında
Ümumerməni oyunları Ermənistanın, Dağlıq Qarabağın və bütün dünya üzrə səpələnmiş çoxmilyonluq erməni diasporunun birliyini simvolizə edir.
Bu il Panerməni oyunları “İdman vasitəsilə birlik” şüarı altında keçirilir. Burada dünyanın 35 ölkəsinin 161 şəhərindən 5300 idmançı iştirak edəcək.
Əvvəllər (1999-cu ildən 2003-cü ilə qədər) Panerməni oyunları hər iki ildən bir keçirilirdi, lakin III oyunlardan sonra ara məsafəsinin olimpiya tsiklinə (4 ildən bir) bərabərləşdrilməsi qərara alındı. Altı dəfə yarışlar Ermənistanda keçirilib, bu dəfə tədbir Qarabağa köç edib.
Ermənistanın baş naziri nədən danışıb
Paşinyan öz çıxışına 2018-ci ilin yazında “məxməri inqilab” vaxtı istifadə etdiyi şüarın səsləndirilməsi ilə başladı – “Yenidən birləşmək!”
Onun sözlərinə görə, uzun müddət ermənilərə xas olmuş pərakəndəlikdən imtina etməyin vaxtı yetişib.
«Bu pərakəndəlik aradan qaldırılmalıdır. “Qarabağlılar”, “icevanlılar”, “gümrülülər” kimi anlayışlardan imtina etmək lazımdır», – Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, ötən ilin “xalq inqilabı”ndan danışarkən “ümumerməni inqilabı”nı başa düşmək lazımdır. Belə ki, o, yalnız Ermənistanda deyil, bütün ermənilər arasında baş verib. Bu isə, öz növbəsində, inqilabın dəyərlərinin ümumerməni dəyərləri olması deməkdir.
«İnqilab Ermənistanda, Artsaxda və bütün ermənilər arasında davam etməlidir».
Eyni zamanda, Paşinyan ümumerməni ideyalarının həyata keçirilməsi, Ermənistanın və Dağlıq Qarabağın inkişafı və güclənməsi üçün səylərin birləşdirilməsinə çağırış edib.
Bu məqsədə çatmağın vacib şərti kimi Paşinyan diasporun potensialının cəlb edilməsini hesab edir. Bu mənada o qeyd edib ki, repatriasiya hökumətin prioritetlərindən biridir:
«Repatriasiya Ermənistanda baş vermiş inqilabın ən vacib nəticələrindən biri olmalıdır».
Hökumət hansı məsələləri həll etməlidir
Öz çıxışında Nikol Paşinyan bir neçə kifayət qədər səs-küylü bəyanat verib. Bu bəyanatlar Stapanakertdə meydana toplaşmış insanları laqeyd qoymayıb.
Baş nazirin sözlərinə görə, Ermənistan hökuməti çoxdan bəri ölkənin inkişafının meqavəzifələri üzərində işləyir ki, bunlar “milli potensialı cəmləşdirməli, milli ehtiyatları mərkəzləşdirməlidir”.
2050-ci ilə kimi əldə olunmalı olan məqsədlər arasında aşağıdakılar var:
• Ermənistanın əhalisinin sayını azı 5 milyon nəfərə çatdırmaq,
• 1,5 milyon iş yeri yaratmaq,
• 2,5 milyon nəfər üçün işsizlik problemini həll etmək,
• yoxsulluğu aradan qaldırmaq.
Paşinyan hesab edir ki, Ermənistan sənaye ölkəsi olmalıdır. Onun fikrincə, yaxın otuz il ərzində həm də bu məsələləri həll etmək lazımdır:
• ÜDM-i 15 dəfə artırmaq,
• dəyəri 10 milyard dollardan çox olan azı beş texnologiya şirkətinin olması və 10 min işlək startap,
• orta əməkhaqqını 7 dəfə artırmaq,
• ordunun döyüş qabiliyyəti indeksinə görə dünyanın ilk iyirmi ölkəsi sırasına daxil olmaq.
Təhsil və səhiyyə sahələri də yaddan çıxarılmadı:
«Səhiyyə xidmətlərinin əlyetərliyinin 100% olmasını təmin etmək və bu sahənin maliyyələşdirilməsini 20 dəfə artırmaq. Təhsili həyat tərzinə çevirmək, elmin və təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmaq».
Hökumət başçısı onu da bildirib ki, Ermənistana gələn turistlərin sayını 15 milyon nəfərə çatdırmaq planlaşdırılır.
Əsas vəzifələrin siyahısını Paşinyan idman sahəsi ilə yekunlaşdırıb. Burada baş nazir “futbol üzrə Ermənistan yığmasını Avropa və dünya birinciliklərinin qalibi etməyə, 25 olimpiya medalı və şahmat üzrə dünya çempionu adını qazanmağa” söz verib.
Öz çıxışında Nikol Paşinyan ritorik sualla müraciət edib və sualı elə özü cavablandırıb:
«Nəyə görə mən Artsaxın adını çəkmirəm? Ona görə ki, Artsax Ermənsitandır, vəssalam!»
Söz Qarabağ prezidentinindir
Stepanakertdəki mitinqdə Bako Saakyan da çıxış edib.
Qarabağın lideri qeyd edib ki, heç nəyə baxmayaraq, artsaxlılar öz məqsədlərinə çatmaq üçün çalışacaqlar:
«Artsaxın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması üçün iş aparmaq və bununla da ümumi vətən haqqında arzuya yaxınlaşmaq. İmkanlarımız çərçivəsində Vətənimizin möhkəmlənməsi naminə iş aparırıq. Vahidliyin əhəmiyyətini dərk edənləri və onun möhkəmlənməsi, vətənin möhkəmlənməsi üçün şəraitin yaradılmasına xidmət edən hamını salamlayırıq».