Armen Sarqsyan, Yerevan
Yenə sentyabr gəldi, Bilik günü keçirildi. Həyəcanlı məktəblilər (onların gözlərində sevinc göz yaşlarının olduğunu tam əminliklə demək olmasa da) təhsil məbədlərinə daxil oldular. Müəllimlər uzun nitq söylədi, məktəblərin fasadlarında isə əbədi “Müdrikliyə çatmaq… məsləhəti [erməni yazısının yaradıcısı Mersop Maştotsun məşhur kəlamının ilk sözləri] gözə çarpırdı.
Sovet dönəmində bizi “ölkə üçün faydalı insan olmağa çağırırdılar, indi isə tez-tez yaxşı iş tapmağı məsləhət görürlər.
Bu necə “yaxşı işdir ki, buna görə 12 illik məktəb təhsili pillələri ilə dırmaşmaq, bakalavriat sınağından keçmək, sonra da magistratura və doktorantura burulğanına atılmaq lazım olur? Bəzən heç bunlar da dünyadakı ən yaxşı işə sahib olmağa yetməyə bilər. Adətən iş elanlarında “Dünyanın ən yaxşı işi üçün mütəxəssis axtarılır sözləri yazılmır. Hərçənd, 2009-cu ildə belə bir hadisə baş verib.
Avstraliyanın Kvinslend ştatında “dünyanın ən yaxşı işinə müsabiqə elan olunub. İş orasındadır ki, turizm korporasiyasına 2000 kilometrlik turizm zonasında təklif olunan əyləncələri sınaqdan keçirən və qiymətləndirən adam lazımmış.
Xidməti vəzifələr siyahısına aşağıdakı bəndlər daxil idi: 6 ay ərzində gəmi və avtomobillə səyahət etmək, çimərlikdə uzanmaq, okeanın dibinə enmək, masaj qəbul etmək, kokteyl içmək, ən yaxşı restoranlarda qidalanmaq, rəqs meydançalarına getmək, çimərlik əyləncələrində iştirak etmək, şəkil çəkdirmək, müsahibə vermək və onları sosial şəbəkələrdə yerləşdirmək. Bütün bunların xərcini şirkət ödəyir və əlavə olaraq işçiyə təxminən 105 min dollar maaş verir.
200 ölkədən 35 min nəfər bu vəzifə uğrunda mübarizə apardı. Qalib isə britaniyalı Ben Sautholl oldu. Bu da onun ağır iş günlərindən bir neçə epizod.
Ben Sautholl kitab və multimedia yazılarının müəllifinə çevrildi, saytı isə əyləncə yeri oldu.
Təbii ki, bu müvəqqəti iş idi. 7 milyon dollar xərcləyəndən sonra turizm şirkəti çimərliyin həqiqətən də yaxşı olduğuna əmin oldu və yeni müsabiqə elan etməyə ehtiyac qalmadı. Gözlənildiyi kimi, belə bir iş tapmaq şansı ancaq bir dəfə düşə bilər, buna görə də illərlə oturub daha bir imkan gözləməyə dəyməz. Hələ ki, çox az adamın bacardığı, yeni və nadir peşələr axtarıb tapmaq lazımdır.
Dünyanın aparıcı ali təhsil məktəbləri artıq adi olan həkim, jurnalist, mühəndis, kimyaçı və proqramçı peşələri ilə yanaşı adlarının təəccüb doğurduğu ixtisaslar təklif etməyə başlayıb. Amma bu, ancaq ilk baxışdan belədir.
Liverpulun Houp Universiteti atıq 6 ildir ki, Biltz, pop mədəniyyəti və ictimaiyyətşünaslığın öyrənilməsi üzrə ali təhsil təklif edir.
San-Fransisko Dövlət Universiteti 50 ildir ki, cinslər və seks məsələləri üzrə namizədlik müdafiəsi təklif edir. Və bu zaman yaradıcı iş, bilik, metod və texnologiyaların təcrübədə tətbiqi vəd olunur.
İtaliyanın şimalında yerləşən Avropa Akademiyası Qar adamın öyrənilməsi üzrə elmlər namizədliyi təklif edir. Kimsə Qar adamı uydurma hesab edib, onunla uşaqları qorxudur, digərləri isə uzun illər boyu bu əfsanəvi məxluqu öyrənməklə məşğuldur.
İnsanlar məhsul qablayan olmamaq üçün yaxşı oxumağa çalışır, Miçiqan Universiteti isə qablaşdırma elmləri üzrə doktorluq dərəcəsini təklif edir. Bu dərəcəni almaq üçün azı 8 il oxumaq lazımdır.
Və nəhayət, əgər siz hələ də kim olmaq istədiyinizi, olub-olmayacağınızı, niyə olmayacağınızı və ümumiyyətlə bunu istəyib-istəmədiyinizi… müəyyənləşdirməmisizsə və beyninizdə çoxlu əlavə sual fırlanırsa, İndiana Universitetində 4 il təhsil alıb, Qərar qəbul etmək fakültəsini bitirə və müvafiq sahə üzrə elmlər doktoru ola bilərsiz.
O zaman ola bilsin ki, sizə qərar qəbul etmək və 16 il əvvəl, sentyabrın 1-də ilk dəfə “müdriklik və nəsihətləri dərk etmək, beyindəki düşüncələri anlamaq üçün [Mesrop Maştotsun kəlamlarından] niyə məktəbə yollandığınızı anlamaq daha asan olacaq.
Dərc olunub: 05.09.2016