Armen Sarqsyan, Yerevan
Media Bob Dilanın 2016-cı il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi xəbərini verəndə o, Las-Veqasda mahnı oxuyurdu. Britaniya mətbuatının Dilanla əlaqə saxlayıb, fikrini öyrənməklə bağlı bütün cəhdləri boşa çıxdı. O, hətta bu məlumatı konsertdə bildirmədən, heç nə olmamış kimi çıxışını davam etdi:
“Tanrı İbrahimə dedi: bildiyin kimi et, amma gələn dəfə məni görəndə, yaxşısı budur qaç.
(God say, “You can do what you want Abe, but the next time you see me comin’ you better run)
Nobel komitəsi ilk dəfə ədəbiyyat mükafatını musiqiçiyə verərək, gözlənilən tənqid atəşinə tutuldu.
Bir əsrdən çox müddət ərzində İşveç Akademiyasının qərarları bir dəfə də olsun yağ kimi keçməyib. Elə olub ki, laureatların özləri komissiyanın onların xeyrinə həll olunan qərarlarını tənqid ediblər. Bir çox halda qərarları izah edərkən akademiyanın özü mətbuat və ictimai xadimlərin onun üstünə düşməsi üçün əsas verib.
Deyək ki, 1937, 1938 və 1939-cu ildə Mahatma Qandi Sülh mükafatına nominasiya edilib, üç dəfənin üçündə də onun namizədliyi qəbul edilməyib. 1948-ci ildə onu dördüncü dəfə nominasiyaya salırlar, bu dəfə də müsbət qərar verilir, amma Qandini mərasimdən bir neçə gün əvvəl öldürdülər. Komitə mükafatı təqdim etməkdən imtina etdi, çünki “onu ala biləcək real və sağ namizəd yoxuydu.
Mənzil İstismar Sahəsinin arayışına bənzər bu izahat böyük səs-küyə səbəb oldu. Vəziyyəti düzəltmək üçün 1989-cu ildə Nobel mükafatını Dalay-Lamaya verdilər və bildirdilər ki, “bu, Qandinin xatirəsinə özünəməxsus hörmək əlamətidir.
Beləliklə də komitə sağ laureatın xidmətlərini kiçildərək, yenidən tənqidə məruz qaldı. Bəs 81 dəfə nominasiyaya düşən və bir o qədər də mükafata layiq görülməyən fizik Arnold Zommerfeld özünü necə hiss etməli idi?
Müsabiqə komitəsinin özündə də vaxtaşırı olaraq tənqid səslənir, mükafatdan imtinalar da olub. Amma əlbəttə ki, ən ciddi ittiham “avromərkəzçilik, yəni öz qitəsinin elmi nailiyyətlərini yüksəltmək və lovğalanmaq olaraq qalır. Ola bilsin, real Nobel mükafatının ironik versiyası ilan Ig Nobel Prize alternativ mükafatı da ona görə yaradıldı.
Təəccüblüdür ki, bu “rişxənd mükafatının müəllifləri və təşkilatçıları əsl Nobel mükafatının laureatlarıdır. İqnobel (şnobel) mükafatının təqdim etmə mərasimi Harvard universitetinin ən məşhur “Sanders kinoteatrında keçirilir. Burada laureatları Miss Sweetie Poo dəstəkləyir, mərasimdə iştirak edən dünyaca məşhur alimlər isə səhnəni kağız təyyarələrlə “bombalayırlar.
Tədbir əvvəldən axıra qədər Amerikanın İctimai radiosunun efirində yayımlanır. 2016-cı ilin qalibləri artıq məlumdur, bu məşhur anti-nobel hadisəsi də bu il noyabrın 29-da baş tutacaq. Qaliblər haqqında bir neçə söz.
Psixologiya sahəsində mükafat Qenta universitetinin alimi Evelin Debeyə (Evelyne Debey) verildi. O, yalançıların arasında sosioloji sorğu keçirib, onların həqiqətən də yalan danışıb-danışmadığını anlamağa çalışdı.
Tibb sahəsində bu ilin qalibi Lyubek Universitetinin nevroloqu Kristofer Helmhen (Christoph Helmchen) oldu. Onun işləyib hazırladığı nəzəriyyəyə görə, güzgünün qarşısında duraraq, sağla solu səhv salmadan bədəninin qaşınan yerlərini qaşımaq olar. Aşağıda onun bir neçə təcrübi nümunəsi və qaşınan yerlərin tapılması üçün çoxlu sayda sxem göstərilir.
Ədəbiyyat üzrə mükafatı Frederik Syoberq (Fredrik Sjoberg) aldı. Üç cildlik avtobioqrafik romanında o, daima ovcuna diri deyil, ölü milçəklər yığmaqla həzz yaşayır.
Müxtəlif illərdə bu mükafata Tayvan parlamenti, Sinqapurun baş naziri, “Volkswagen şirkəti və hətta bir dəfə BMT-nin baş katibi layiq görülüb. Qaliblər dünyanın ən yaxşı ali məktəblərindən biri sayılan Massaçusets Texnoloji Universitetində xüsusi mühazirələrlə çıxış edirlər. Məhz bu universitetdə Nobel mükafatının 85 əsl laureatı və 34 kosmonavt işləyib.
Bütün bunlardan sonra Nobel komitəsinin ədəbiyyat mükafatını Bob Dilana təqdim etməklə bağlı qərarı artıq o qədər də qəribə görünmür. Kim nə istəyir, onu da edir.
Elə Dilan da deyir ki: “Tanrı 61-ci trasda qurbanların olmasını istəyirsə, İbrahim kimdir ki, Ona qarşı çıxsın? Axı tanrı artıq söyləyib ki, Tanrı İbrahimə dedi: bildiyin kimi et, amma gələn dəfə məni görəndə, yaxşısı budur qaç.
Highway 61 Revisited-dən həzz alın. Səhnədə Nobel mükafatı laureatı Bob Dilandır.
Dərc olunub: 23.10.2016