Araq, siqaret, uşaq bezi
Azərbaycanla Gürcüstanın sərhədi, daha doğrusu, “Sınıq körpü sərhəd-buraxılış məntəqəsi və ya “Qırmızı körpü xırda alverçilər və onların köməkçiləri üçün çox qəribə bir iş yerinə çevrilib.
Köməkçilərin əsas vəzifəsi onlara verilən malı hissə-hissə sərhəddən keçirməkdir. Buna görə isə daşıdıqları hər bir məhsula görə 1 manat qazanırlar. Formal olaraq, bu fəaliyyət qanunsuz deyil, çünki doğrudan da hər malı qanunla müəyyən edilmiş sayda gömrükdən keçirtmək olar. Lakin malın xırda hissələrə bölünüb, sərhəddən köməkçilər vasitəsiylə keçirilməsində əsas məqsəd – dövlət rüsumundan və ya gömrük işçilərinin (satıcıların iddiasına görə) gətirilən malın öz qiymətinin az qala yarısı qədər olan pul tələbindən xilas olmaqdır.
Ətraf ərazilərdə – Qazağın müxtəlif kəndlərində, hətta Tovuzda yaşayan əhalinin bir qismi gündəlik ruzisini burdan çıxarır. Onlar Gürcüstan ərazisindən əsasən uşaq bezi, siqaret və araq məhsullarını ucuz qiymətə alaraq, Azərbaycana gətirir, burda üzərinə müəyyən məbləğ qoyub sataraq, dolanışıqlarını təmin etdiklərini deyirlər. Lakin bu elə də asan başa gəlmir.
Əhalinin dediyinə görə, gömrüyün işçiləri Fariz və Kamal adlı iki şəxs, həmçinin, növbə rəisi Təvəkkül xırda alverçilər və onların köməkçilərinin qorxulu yuxusudur. Vətəndaşlar bildirir ki, bu şəxslər onlarla istədikləri kimi davranır.
59 yaşlı Səminə xanım öhdəsində 9 baş külfətin olduğunu deyir. O, məktəbdə süpürgəçi işləyərək, 80 AZN əməkhaqqı aldığını lakin bu pulun onların dolanışığı üçün kifayət etmədiyini söyləyir.
Əlində “mayası olmadığına görə, alver etmədiyini, gündə bir dəfə gəlib tanış alverçilərin mallarını sərhəddən keçirərək, hər mala görə 1 AZN pul aldığını da əlavə edir: “Onun 2 manatı yoluma gedir, mənə qalır 8 manat. O səkkiz manatla mən neyləyim?“
Lakin o hər dəfə 8 manat qazanmadığını da bildirir. Səminə xanım iddia edir ki, gömrük işçiləri kefləri istəyəndə, alverçilərin, yaxud da sadəcə mal keçirənlərin əllərindəki malı alıb, ambara atır, pasportlarını da əllərindən alırlar ki, səhər gəlib götürərsiniz. Malı isə bir ay ərzində götürmək mümkündür.
52 yaşlı Ülvi adlı şəxsin bildirdiyinə görə isə mallar çox vaxt geri qaytarılmır. Mart ayının 15-də ambara atılmış mallar sahibləri tərəfindən tələb olunarkən, gömrük işçiləri onlara həmin malları hərbçilərə göndərdiklərini deyiblər. Ülvi bəysə sual edir ki, siqareti də içkini də anlamaq olar, lakin “əlimizdən alınan pampers də hərbçilərə göndərilib?
26 yaşlı Təhmasib Məmmədov isə deyir ki, ara-sıra Gürcüstandan və yaxud da Türkiyədən müxtəlif məhsullar gətirir. Hər səfərində də eyni problemlə üzləşir. Bu dəfə lift motoru gətirən müsahibim deyir ki, gömrük işçisi iki gündür onu sərhəddə saxlayıb, keçməyə qoymurmuş: “İki gündü burda gözləyirdim. Axırda bir qohumuma zəng etdim, o da başqa bir qohuma axır ki, yuxarıdan bunlara zəng gəldi, bizi buraxdılar. İndi gedib Bakı Gömrük İdarəsində 22 faiz rüsumu ödəyib, malımı götürəcəm. Dünən və bu gün isə məndən 220 manat əvəzinə, min manat pul istəyirdilər.
Qazağın Birinci Şıxlı kənd sakini 64 yaşlı Zərqələm nənə isə deyir ki, əslində günah nə alverçidədir, nə də gömrük işçisində. İşsizilik insanları bir-birinə qarşı qoyub. “Gömrük bizim hamımıza iş yeri deyil, ola da bilməz. İnsanlarda da günah var. Bir dəfəylə ürəkləri dözmür, iki-üç dəfə sərhəddi keçənlər var ki, bir az daha çox pul qazansın. Onda da gömrük işçisi kobud davranacaq da.
52 yaşlı Reyhan M. İsə ixtisasca, aqronomdur. Deyir ki, Sovet vaxtı Birinci Şıxlı kəndinin üzümlüklərinə baxırmış. Lakin sonralar üzümlüklər dağıdıldıqdan sonra işsiz qalıb: “Gəncədə Kənd Təsərrüfatı İnstitutunu bitirmişəm. Kənd təsərrüfatının inkişafına dəstək layihələri həyata keçirməyə çalışırlar. Bilən adamlar yox dərəcəsindədir. İşimi də yaxşı bilirəm. İş versin gedim işləyim də. Ali təhsilli aqronomam burda kiməsə veş daşıyıb, 1 manat alana kimi gedib, təsərrüfatda işləyərəm həm öz balalarımın qarnı doyar, həm də insanlığa xeyrim dəyər. Burda gömrük işçiləriylə ağızlaşmaqdan abrımız da gedib, üzümüzdə də su qalmayıb.
2016-cı il başlayandan bu günə kimi sərhəddən davamlı istifadə edənlər deyir ki, zaman-zaman sərhəd-keçid məntəqəsində vətəndaşla-məmur arasında irili-xırdalı insident baş verir. İlk dəfə səs-küy doğuran hadisə cari ilin yanvar ayının 8-də, sonuncusu isə aprel ayında baş verib. Davalar eyni ssenari üzrə baş verir – alverçilər gömrük işçilərinin ixtiyari təyin etdikləri ‘rüsum’dan yayınmaq üçün müxtəlif yollara əl atır, sərhədçilər isə onları buraxmaq istəmirlər. Rüsum malın qiymətinin konkret faizi kimi deyil, individual olaraq hər bir mala görə ayrıca təyin edildiyi üçün onun məbləği təkrar-təkrar narazılıqlara səbəb olur.
İqtisadçı-ekspert Toğrul Maşallı deyir ki, Sovet dövründə Qazax rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Üzumçülük və buğda istehsalı və maldarlıq rayonun əsas gəlir yeri olub. Lakib bununla yanaşı, rayon üzrə istehsal olunan məhsulun 55 % sənayenin payına düşüb: “Məhsullar əsasən, əhəng daşı, bentonit və xalça idi. Hazırda xalça istehsalı tamamilə dayandırılıb. Bentoniti qabaqlar Rusiyaya ixrac edirdik və indi də edirik. Lakin bir neçə il əvvəl biz 150 min ton bentonit ixrac edirdiksə, hazırda yalnız 80 min ton məhsul satırıq. Müvafiq olaraq, əhəng daşı istehsalı da azalıb, çünki onun əsas bazarı Bakıdır və burda tikintinin tempi xeyli aşağı düşüb.
Elə buna görə, ölkə üzrə əhəng daşı istehsalı 2016-cı ildə iki dəfə azalıb.
Ekspert hesab edir ki, bölgədə işsizliyin artmasına rəvac verən digər məsələ bu rayonda fəaliyyətə başlamalı olan əhəng daşı və asbest zavodlarının tikintisinin dayandırılmasıdır: Müəssisələrin tikintisi başlamışdı, amma böhranla bağlı prosesi dayandırdılar. Bu da kənd sakinlərini qoydu.
Dərc edilib: 24.05.2016