Ankaraya Moskva daha yaxındır, yoxsa Brüssel?
Foto: Turkish presidency
Türkiyə mediası ölkənin yeni xarici siyasət tendensiyaları haqda
Türkiyə Avropa ilə münasibətlərində yeni dönüş nöqtəsindədir. Türkiyə və Almaniya arasında uzun sürən siyasi gərginlik və Avropa İttifaqı ilə münasibətlərdəki qeyri-müəyyənlik fonunda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi jurnalistlərə bildirib ki, Türkiyə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına daxil olmaq niyyətindədir.
Avrasiya İqtisadi İttifaqı (AAİİ) Rusiyanın liderliyi ilə 2015-ci ildə yaradılıb. Bu gün bu quruma Rusiya ilə birlikdə daha dörd ölkə də daxildir: Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan. İttifaqın məqsədi regional iqtisadi inteqrasiyanı təmin etməkdir. İttifaqa üzv ölkələrin ərazilərində mal, xidmət, kapital və işçi qüvvəsinin azad hərəkəti təmin edilir. İttifaqa daxil olan dövlətlər həmçinin öz daxili iqtisadi siyasətlərini də bir-biri ilə razılaşdırır.
Rusiya dövlət başçısı Vladimir Putin az əvvəl Avrasiya İqtisadi İttifaqının gələcək inkişafı ilə bağlı ideya səsləndirib. 2016-cı ilin iyununda Peterburq Beynəlxalq İqtisadi Forumunda Putin təklif edib ki, Avrasiya məkanında İttifaq ölkələri ilə yanaşı Çin, Hindistan, Pakistan, İran və digər dövlətlərin də daxil ola biləcəyi böyük tərəfdaşlıq yaradılsın. Beynəlxalq müşahidəçilər o zaman belə nəticəhyə gəlmişdilər ki, Avrasiya İqtisadi İttifaqı kontinental inteqrasiyanın mərkəzi kimi görür.
Nihat Zeybekçi eyni zamanda bildirib ki, Türkiyə uzun zamandan bəri sürdürdüyü Avropa İqtisadi Birliyinə inteqrasiya niyyətindən də imtina etmək fikrində deyil və bu il mütləq quruma müvafiq müraciət ünvanlayacaq.
Avropa İqtisadi Birliyi (AİB)bu məkana daxil olan ölkələrin ərazisində azad ticarəti, insanların azad hərəkətini yəmin edir. Bunlar Avropa İttifaqına daxil olan bütün ölkələr, plyus Norveç, İslandiya və Lixtenşteyndir.
Beynəlxalq şərhçilər hesab edirlər ki, Türkiyənin Avrasiya İqtisadi İttifaqına – yəni post-sovet ölkələrinin iqtisadi birliyinə meylli açıqlaması az əvvəl Almaniya kansleri Angela Merkelin Avropa İqtisadi Birliyinin genişlənməyəcəyinə dair sərt bəyanatına cavabdır.
Türkiyə-Almaniya – münaqişə nədən ibarətdir?
Türkiyə-Almaniya münasibətlərindəki gərginlik zəncirinin bu halqasına gələnə qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl Almaniyanın türk əsilli vətəndaşlarına müraciət edərək qarşıdan gələn seçkilərdə “Türkiyə düşməni Angela Merkeli dəstəkləməməyə” çağırmışdı.
Baş verənlərə Almaniyanın reaksiyası da özünü çox gözlətməmişdi. Almaniyanın Herford şəhərində seçicilərlə görüşü zamanı kansler Angela Merkel “Ölkəmizin daxili işinə bu cür müdaxiləyə izin verməyəcəyik”, – deyə bildirmişdi. Bundan başqa o, Türkiyəni nəzərdə tutaraq AİB-də genişlənmənin gözlənilmədiyini qəti şəkildə bəyan etmişdi.
Cavab haqqı Türkiyəyə keçdi və Türkiyə baş naziri Bineli Yıldırım öz növbəsində Avropa İqtisadi Birliyinin genişlənib-genişlənməməsi ilə bağlı Avropa İttifaqı adına Almaniya təkbaşına qərar verə bilməz, dedi.
“Almaniya “bütün Avropa İttifaqına mən cavabdehəm” havasında racon kəsir (türk küçə slenqində qayda “qayda diktə edir” mənasında işlənir – red.). Bu doğru deyil”, – Türkiyə baş naziri jurnalistlərə bildirib.
Türkiyə ilə Almaniya arasında artıq uzun müddətdir ki, sürən gərkinliyin başqa bir səbəbi Türkiyədə terrorçu elan olunan təşkilatların (FETÖ, PYD/YPG, PKK) Almaniyaya sığınan nümayəndələrinin ekstradisiyası məsələsi ilə bağlıdır.
“Biz Almaniyadan dövlət çevrilişinə qarışmış FETÖ mənsublarını ərazisində saxlamamasını, buna imkan verməməsini, mühakimə olunmaları üçün Türkiyəyə verilmələrini istəyirik. Almaniya necə hüquq dövlətidirsə, Türkiyə d bir hüquq dövlətidir. Bu adamlar hüquq qarşısında mühakimə ediləcək, əməllərinin qarşılığını görəcəklər”, – CNN Türk–ün xəbərinə görə, Yıldırım bildirib.
Türkiyə sözügedən şəxslərin Almaniya tərəfindən ekstradisiya edilməməsinin əvəzində bir sıra Almaniya vətəndaşlarını “girov” saxlamaqdadır. Aralarında jurnalist və insan hüquqları fəallarının da olduğu 10-dan çox Almaniya vətəndaşı hazırda Türkiyədə həbsdə saxlanılır.
Bu səbəbdən Almaniya 2017-ci ilin iyulundan Türkiyəyə münasibətdə siyasətini daha da sərtləşdirib.
Türkiyə – Avropa İttifaqı
Almaniya fəal şəkildə Avropa İttifaqının Türkiyəyə qarşı maliyyə sanksiyalarına başlamasına çalışır.
Diplomatik mənbələrdən CNN Türk -ün əldə etdiyi məlumatlara görə, 2014-2020 illəri arasında Türkiyəyə təxminən 4 milyard 450 milyon avro yardım etməyi planlaşdıran Aİ, son olaylardan sonra bu maliyyəni kəsməyə hazırlaşır. Bu maliyyənin nə qədər azaldılacağı Aİ Komissiyasının sentyabrın sonu, oktyabrın əvvəlində həyata keçirməsi gözlənilən dəyərləndirmədən sonra bəlli olacaq.
Türkiyənin Almaniya və Aİ ilə münasibətləri düzəltmək ümidi
Bununla belə Türkiyə rəsmiləri Almaniya ilə aralarındakı münasibətin önəmini qeyd etməklə, iki ölkə arasında münasibətlərin düzələcəyinə hələ də ümid etdiklərini də ifadə edirlər.
Nazir Zeybekçi bildirib ki, Angela Merkelin açıqlamaları ümumən Almaniyanın mövqeyi kimi qəbul edilə bilməz və Türkiyənin AİB-ə daxil olması məsələsi ətrafında danışıqların hələ də davam edir.
“Bu danışıqların davam etdiyi durumda bu şəkildə açıqlamaların Almaniyanın mövqeyini ifadə etmədiyini düşünürəm. Hazırda danışıqlar normal axarı ilə davam edir. Amma məncə, belə vəziyyətlərdə bir az susmaq lazımdır. Alman dostlarımıza da bunu tövsiyə edirəm. Bizim də belə bir dövrü sakitliklə keçirməyimiz lazımdır”, – “Hürriyet” qəzeti nazir Zeybekçidən sitat gətirib.
Almaniya Türkiyənin əsas ticari tərəfdaşı olaraq qalır və onu itirmək hazırkı mərhələdə Türkiyə üçün böyük fəsadlar verə bilər. Zeybekçi 2017-ci ildə Almaniya ilə Türkiyə arasındakı ticarət həcminin 40 milyard dollardan artıq olduğunu deyib:
“Türkiyədəki Almaniya və Almaniyadakı Türkiyə şirkətlərinin gəlirlərinə baxarsaq, 100 milyard dollarlıq iqtisadiyyatdan söhbət gedir. Avropa İqtisadi Birliyinə inteqrasiya Türkiyənin “olmazsa olmaz”ı deyil… Amma istərdik ki, belə açıqlamalar olmasın. Həm Aİ-nin, həm də Türkiyənin qazandığı genişlənmə olsun”.
Türkiyə – Rusiya
Türkiyə-Almaniya münasibətlərinin gərginliyi fonunda Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma müşahidə olunur.
Ötən həftə İzmirdə Türkiyə İqtisadiyyat Nazirliyinin dəstəyilə keçirilən növbəti İzmir Beynəlxalq Sərgisində Türkiyə və Rusiya rəsmiləri iki dövlət arasındakı əməkdaşlığın perspektivinə dair nikbin çıxışlar ediblər. Rusiya sərgiyə ən böyük – 300 nəfərlik heyətlə qatılıb ki, bu da bəyanatların ciddiliyinə işarədir.
Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekçi Türkiyə-Rusiya arasındakı ticarət münasibətlərini nəzərdə tutaraq, “aramızda bəzi kiçik problemlər var, amma bunları… oktyabrın 20-ə qədər nəticələndirmək istəyirik”, deyib. Həmin gün Rusiya-Türkiyə hökumətlərarası iqtisadi komissiyanın iclası olacaq.
H ələlik Türkiyənin Avrasiya İqtisadi Birliyinə daxil olmaq niyyətinin nə qədər ciddi olduğu hələlik bilinməsə də, bu iki dövlət ticarət əlaqələrini yenidən gözdən keçirməkdə qərarlı görünürlər.
“Pomidor müharibəsinin” sona çatması bunun bariz göstəricisi ola bilər. Nihat Zeybekçi bildirib ki, Türkiyədən Rusiyaya tərəvəz ixracına 2015-ci ildən qoyulan qadağa aradan qalxa və Türkiyə-Rusiya ticarət əlaqələrinin simvoluna çevrilmiş pomidor yenidən Rusiya bazarlarına yol aça bilər.
Sərgidə iştirak edən Rusiya energetika naziri Aleksandr Novak isə öz növbəsində jurnalistlərə bildirib ki, həm Rusiya, həm Türkiyə tərəfi iş birliyi ilə bağlı çətin dövrlərdən keçib, “amma həmin çətinliklərin geridə qaldığını demək mümkündür”.
Elə həmin sərgidə Türkiyə elm, sənaye və texnologiya naziri Faruk Özlü isə iki ölkə arasındakı xarici ticarət həcmini kəskin artırmaq niyyətində olduqlarını açıqlayıb və rəqəmlər təqdim edib:
- Son 10 ildə Türkiyə və Rusiya arasında ortalama illik ticarət həcmi 30 milyard dollar təşkil edib.
- 2016-cı ildə bu rəqəm 17 milyard dollara düşüb.
- Yaxın illərdə Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 100 milyard dollara çatdırılacaq.
Bu rəqəmləri səsləndirərkən Faruk Özlü deyib: