“Anam məni danlayırdı: kitablar nəyinə lazımdır! Ondansa ərə get” – Gürcüstanda tənha qocalıq haqda
Gürcüstanda qocalar evi və qocalıq haqda
Gürcüstanda yüzdən çox yaşlı insan qocalar evinə düşə bilmək üçün imkan gözləyir. Amma dövlət sığınacaqlarının büdcəsi o qədər kasaddır ki, onlar bütün arzu edənlərin ancaq az bir qismini qədul edə bilirlər. Özəl pansionatlar isə əksər pensiyaçılar və onların ailələri üçün çox bahalıdır.
Çoxlarına qocalar evində yaşamağa imkan verməyən başqa bir problem yerli mentalitetdir. Cəmiyyətdə ailənin yaşlı insanı qocalar evinə göndərməsinə hələ də biabırçılıq kimi baxırlar.
Bu, Gürcüstanda qulluğa ehtiyacı olan, amma köməyi olmayan yaşlı insanların necə yaşadığı haqda hekayədir.
Ketevan Tuşuri bütün həyatı boyu Tbilisinin 80 kilometrliyində yerləşən Tianeti qəsəbəsində yaşayıb. Onun uşaqları olmayıb, əri və yeganə qardaşı isə uzun illər əvvəl vəfat edib. 83 yaşında o, Qodzyant kəndində evində tamam tək qalıb.
“Mən 1938-ci ildə anadan olmuşam, beş yaşında atasız qalmışam. Məktəbdən sonra qonşulara xidmət edirdim, onlara kömək edirdim, onlar da mənə yemək verirdilər. Mən az yeyirdim, utanırdım. Sonra ərə getdim, amma uşaq doğmadım. Həkim məni görəndə mənə dedi ki, az yeməkdən orqanizmim yaxşı inkişaf etməyib və mən hamilə qala, uşaq doğa bilməyəcəm. Elə də tək qaldım, qayğıma qalacaq heç kim yoxdur”.
İllər ötüb, o qocalıb və artıq bağçasına baxmağa gücü qalayıb. Bəzən qonşuların yazığı gəlir, sulamağa kömək edirdilər. Tədricən onda güclü tənhalıq qorxusu başlayıb, o da yerli bələdiyyəyə müraciət edib ki, pansionatda yaşamağa getməsi üçün ona yardım etsinlər.
Ona kömək edə biliblər. Artıq iki aydır ki, Ketevan Tbilisidə qocalar üçün “Mənim ailəm” kiçik pansionatında yaşayır.
“Maya [internat direktoru] mənə qulluq edir, yəqin ki, dogma qızım olsaydı, bu qədərini etməzdi. İndi də bu koronavirus, o da bizi heç yana buraxmır. Özü gəlir, pəncərələri açır ki, otaqlarımızda təmiz hava olsun. Bizi ayda bir dəfə testdən keçirirlər. Hələlik heç kim xəstələnməyib, bizdə adi qrip də olmayıb. Mənim bəxtim gətirib ki, bura düşə bilmişəm”.
87 yaşlı Tsiala Tavartkiladze artıq səkkiz ildir ki, Tbilisidə “Basiliada” pansionatında yaşayır. “Mənim ailəm” pansionatı kimi “Basiliada” da ictimai təşkilatdır. Bura həm də özəl qocalar evi kimi də fəaliyyət göstərir və xərclərini dövlətin ödədiyi sosial müdafiədən məhrum olan yaşlı insanları qəbul edir.
Tsiala kəndtəsərrüfatı elmləri doktorudur, 62 il elmi-tədqiqat institutunda çalışıb. “Anam deyirdi ki, neynirsən bu kitabları? Ərə get! Amma mən elə də ərə getmədim. Sonra bir sürücü ilə tanış oldum, o da evli çıxdı. Kim bilir, bəlkə burada ağlı başında birini tapacam və ərə gedəcəm”, – Tsiala zarafat edir.
Gürcüstanda qocalar evlərinin sistemi necə təşkil olunub
Ketevan və Tsialanın bəxti gətirib. Amma Gürcüstanda yüzdən çox yaşlı insan bu cür uğuru uzun növbədə gözləyir.
Ölkədə əhalinin 14,8 faizi 65 yaşdan yiixarı insanlardır. Amma cəmi 15 dövlət pansionatı fəaliyyət göstərir.
Onlardan ən böyük ikisi Tbilisi və Kutaisidə yerləşir. Qalan 13-ü fərdi evlərdə yerləşən kiçik pansionatlardır. Hər birində orta hesabla 30 nəfərə yaxın insan yaşayır.
Ümumilikdə bütün ölkədə qocalar evlərndə 400 yaşlı insan məskunlaşıb, obların xərcini dövlət ödəyir. Amma oralarda heç vaxt boş yer olmur, ora düşmək istəyənlərin sayı xeyli çoxdur.
Dövlət pansionatlarına qəbul edilən yaşlılar əsasən əhalinin sosial müdafiəsiz təbəqələrinə aiddir. Qanunla pensiya yaşında – qadınlar 60, kişilər 65 yaşdan yuxarı – vətəndaşlar qocalar evində qalmağa iddia edə bilər.
Oraya düşmək üçün yaşlı adam sosial xidmətə müraciət etməlidir. Xidmət əməkdaşı namizədi ziyarət edir, onun ehtiyaclarını dəyərləndirir. Bunun əsasında da qərar qəbul edilir – yaşlı insan qocalar evinə gedə bilərmi və hansı həcmdə dövlərdən maliyyə almalıdır.
Ketevan Tuşurinin yaşadığı “Mənim ailəm” pansionatı Tbilisinin kənarındakı Qaldani rayonunda yerləşən dövlət pansionatıdır. Ketevan da daxil olmaqla burada hazırda 12 nəfər yaşayır – on qadın və iki kişi. Ən yaşlı sakinin 94, ən cavanın isə 75 yaşı var. Bu on iki nəfərdən beşinin xərclərini ailəsi, qalanlarınkını isə dövlət ödəyir.
Dövlətin xərclər üçün ayırdığı vəsait gündə 22 lari [6,5 dollara yaxın] təşkil edir. Buraya yaşlı adamlara sutkalıq qulluq, onların gigiyenası, ilk yardım və üç dəfə qidalanma daxildir.
Amma 22 lariyə yaşlı insanı normal təmin etmək mümkün deyil – qocalar evinin direktoru Maya Axaladze deyir. Bütün digər xərcləri ictimai təşkilatlar, müxtəlif fondlar və fərdi şəxslər ödəyir.
“Buna görə də mən xərclərini ödəyəcək heç kimi olmayan ancaq yeddi yaşlı insanı qəbul edə bilirim. Amma gösləyənlərin siyahısı böyükdür və bu limiti necə isə artırmaq lazımdır”, – Axaladze deyir.
Gürcüstanda dövlət pansionatlarından başqa kiçik özəl pansionatlar da var, amma orada bir sakinin xərcləri daha böyük məbləğə başa gəlir. Məsələn, “Taoba” pansionatında yaşayan 14 yaşlı insanın hər biri gündəlik xərcləri üçün 60 lari [17,5 dollara yaxın] ödəyir. Onlardan çoxu xüsusi qayğıya və mütəmadi qulluğa ehtiyacı olan yaşlı insanlardır.
“Bizim standartlarımız və keyfiyyətimiz yüksəkdir. Axı evdə xəstə yaşlı insana qulluq etmək bizdəkindən baha başa gəlir. Tibb bacısı tutmaq, gigiyena avadanlıları almaq və sairə lazımdır. Ailə bunlar təxminən ayda 4 min lariyə [1170 dollara yaxın] başa gəlir. Biz isə bütün bunları 1800 lariyə [525 dollara yaxın] edirik”, – qocalar evinin direktoru Uça Vaxaniya deyir.
Amma Gürcüstanda yaşlı insanın pansonatda yaşamı orta hesabla ayda 500 laridən 800 lariyə [146-235 dollara yaxın] qədər başa gəlir. Qiymət müxtəlif amillərdən– yaşlı insanın səhhətindən tutmuş, özünə müstəqil şəkildə qulluq edə bilməyinə qədər, o cümlədən də başqa şərtlərdən asılıdır. Həmişə aylıq ödənişə üç dəfə qidalanma, yaşlı insana ilkin qulluq və tibbi-sanitar yardım daxildir.
Mentalitetə görə qocalar evində yaşamaq bədbəxtlikdir. Həqiqətən belədirmi?
Özəl pansionatların sahibləri deyirlər ki, qocalar evləri Gürcüstanda sərfəli biznes deyil. Bunun da bir neçə səbəbi var.
Gürcüstanda hələ də yaşlı adamı qocalar evinə göndərməyin onu taleyin ümidinə tərk etməyə bərabər olduğu haqda stereotiplər hələ də yaşayır. Buna görə də qocalar evlərində əsasən himayədarı olmayan, ailəsi xaricdə yaşayan və ya səhhətilə ciddi problemləri olanlar – Altsheymerdən, əqli zəiflikdən əziyyət çəkənlər yaşayırlar.
Başqa bir kateqoriya – mənzilini itirənlər və artıq yaşamağa evi olmayanlardır. Ya da ailə üzvləri ilə münasibətləri pis olanlar. Yaxud ailəsi lazımi dərəcədə qayğısını çəkə bilməyən yaşlı insanlar.
“Çoxları anlamır ki, qocalıqda yaşamaq nə deməkdir. Uşaqlarən və nəvələrin olması kifayət etməyəndə. İnsanın yalnız ailə üzvləri ilə yox, öz yaşıdları ilə ünsiyyətə, dostlarından ibarət kampaniyaya ehtiyac duyması”, – “Mənim ailəm” qocalar evinin direktoru Maya Axaladze deyir.
Qocalar evləri haqda film çəkən jurnalist Tsira Qvasaliya da deyir ki, çəkilişlərə qədər stereotiplərin təsiri altında olub:
“Ən başından mənim belə bir fikrim vardı ki, pansionatlardakı yaşlı insanlar tərk ediliblər və bədbəxtdirlər. Amma mən ora gedəndən sonra tamam fərqli reallığı gördüm. Onların həyatı dolu və maraqlıdır, onlar birlikdə mənalı vaxt keçirirlər”.
Uça Vaxaniya deyir ki, ölkədə mentalitet ləng də olsa dəyişir. Əgər çox sayda yaxşı qocalar evləri olsa, ictimai fikir daha tez dəyişər – o hesab edir:
“Yaşlı insanların ailə üzvləri biz onlara evdə özlərinin göstərdiyi qayğıdan daha yaxşı qulluq edirik. Yaşlı insanların çoxu da burada yaşayanda və özlərinə dost tapanda daha xoşbəxt olurlar. Bir çox tanınmış və ləyaqətli insanlar həyatlarının bir hissəsini bizimlə keçiriblər”.
Maya Axaladze də eyni şeyi deyir:
“Cəmiyyətin münasibəti dəyişir. 2003-cü ildə, mən qocalar evi açmaq qərarına gələndə məni qınayırdılar, deyirdilər ki, Gürcüstanda yaşlıları qocalar evinə göndərmək olmaz. Amma indi getdikcə daha az insan qohumlarının və ya qonşularının nə deyəcəyi haqda düşünür”.
Gürcüstanda yaşlılar üçün özəl pansionatların normaya çevrilməməsinin başqa bir səbəbi yoxsulluqdur. UNPFA və Qırmızı Xaçın sorğusuna əsasən, 2020-ci ildə 189 213 nəfər 65 və daha çox yaşlı insan Gürcüstanda sosial təminatsız təbəqəyə aid olub, bu isə hər dördüncü yaşlı insan deməkdir.
Gürcüstanda yaşlı insanların 84 faizi üçün əsas gəlir 220 larilik [64 dollara yaxın] pensiyadır.
Hətta kənarda müəyyən qədər pulu olan yaşlıların da özəl qocalar evinin xərcini ödəməyə imkanları çatmır. Bəzən bunu onlar üçün yaxınları edir. Çox vaxt bu, övladlar xaricə köçdüyü və Gürcüstanda qalan valideynlərinin qayğısına qala bilmədikləri zaman baş verir. O zaman onlar özəl pansionatlarda valideynlərinin rahat qocalığını təmin etməyə çalışırlar.
Gürcüstanda qocaların problemi sadəcə yoxsulluq deyil
Gürcüstan dünyanın əksər ölkələri kimi qocalan ölkədir və əlli ölkə arasında 43-cü yeri tutur.
BMT-nin məlumatına əsasən, əgər əhalinin yeddi faizi 65 yaşdan yuxarıdırsa, millət qocalan hesab olunur. Milli Statistika İdarəsinin məlumatına görə 2019-cu ildə Gürcüstanda bu yaşda insanların sayı iki dəfə artıq olub – 14,8 faiz.
Gürcüstanda qocaların problemi sadəcə yoxsulluq deyil. Baxmayaraq ki, yarım milyondan çox insan yaşlıdır, onlar üçün xüsusi xidmətlər mövcud deyil. Şəhərlərdə yaşlı insanların cəmiyyətə daha dolğun inteqrasiyası və həyatlarını tam mənada yaşamaları üçün xüsusi infrastruktur yoxdur.
Uça Vaxaniyanın dediyinə görə, Gürcüstanda yaşlı insanın “silinmiş” hesab edilməsində ilk növbədə mentalitet, cəmiyyət və bu yaşlı insanların ailə üzvləri günahkardır:
“Cəmiyyət yaşlı insanların tam mənalı həyata haqlarının olmadığına artıq alışıb. Sanki onlar mövcud deyillər. Qocaların nə düşündüyü, müxtəlif vacib məsələlərlə bağlı onun hansı fikirdə olması heç kimi narahat etmir. Onlar cəmiyyətə hansı xeyri xermək istəyərdi, özlərini necə realizə etmək istəyərdi. Qapalı evdə otur və saktliyini qoru – Gürcüstanda yaşlı insanların taleyi bundan ibarətdir”.
“Nə ailə, nə cəmiyyət, eləcə də dövlət yaşlı insanların cəmiyyətə inteqrasiyasının qayğısına qalmır”
Gürcüstanda yaşlı insanların əksəriyyəti özlərini ailələri üçün “yük” kimi hiss edirlər – Tbilisi Dövlət Universitetinin herontologiya və palliativ tibb kafedrasının layihələr rəhbəri Elene Canberidze deyir.
Ölkədəki ağır sosial vəziyyətə görə 65 yaşdan yuxarı insanların səhhətləri ilə bağlı çox problemləri olur. Sosial siyasətin əsas istiqamətlərindən biri də əlçatan və şaxələnmiş qocalar evi şəbəkələrinin yaradılmasıdır.
“Gürcüstanda qocalmaq qorxuludur” – jurnalist Tsira Qvasaliya deyir. – “Xəstələnsəz və ya acından ölsəz, dövlətin sizə yardım edəcəyinin zəmanəti yoxdur. Uşağınız yoxdursa, ümid yeri də yoxdur”.
Nə edilməlidir?
2012-ci ildən Gürcüstanda yaşlı insanlar səhiyyə proqramından yararlanırlar, onların dərmanlara və nəqliyyata güzəştləri var. Amma bu, yetərli deyil. Tibbi ehtiyacların xərcinin orta hesabla üçdə biri, bəzən isə daha çox hissəsi ailənin üzərinə düşür.
2020-ci ildə bütün problemlərə koronavirus da əlavə olunub. Bu da bütün dəyərləndirmələrə və proqnozlara əsasən insanlıq üçün uzun müddətli problem olaraq qalacaq.
UNPFA və Qırmızı Xaçın tədqiqatlarına əsasən, pandemiya bütün dünyada olduğu kimi Gürcüstanda da yaşlılar arasında ölüm hallarını yüksəksəldib. Sosial məsafə, təcrid və insanlarla münasibətlərin əsasən onlayna keçməsi yaşlı insanların həm fiziki, həm də psixi sağlamlığına çox mənfi təsir göstərib.
“Amma yaşlı insanların həyatını çox xırda detallar rəngləndirə bilər. Məsələn, piyada keçidində yaşıl işığın bu qədər qısa olmaması. Yaxud şəhər küçələrində daha çox tualetlərin olması”, – Vaxaniya deyir.
O, qeyd edir ki, Gürcüstan kimi kasıb ölkədə yaşlı insanların həyatlarını xoş etmək üçün iki sadə və ucuz həll yolu var:
“Birincisi, yaşlıların gəlib, dostları ilə vaxt keçirə biləcəyi yerlərin olması.
İkincisi, evdə qulluq üzrə xidmətlər. Bu halda yaşlı insanlar evlərində olacaq, amma onlara paltar yumaqda, yemək bişirməkdə və dərmanlarını almaqda kömək edəcəklər”.
“Yenilənmə” xəstəxanasının baş direktoru Mariam Palavandişvili yaşlı insanların bir çox qayğılarını könüllülərin həyata keçirdiyi başqa ölkələrdən nümunə gətirir:
“Məsələn, İngiltərədə palliativ yardım göstərən könüllülər hazırlıq keçirlər, sonra isə yaşlı insanların evinə gedirlər, dərmanlarını alırlar, iynələrini vururlar, həm də onlarla ünsiyyətdə olurlar. Bizim cəmiyyətimizlə bu istiqamətdə işləmək çox vacibdir”.
Ekspertlər bildirirlər ki, yaşlı insanların həyatlarının həqiqətən də dəəyişməsi üçün hər şeydən əvvəl ictimai təfəkkürü dəyişmək lazımdır:
“Bizim cəmiyyətimizin və dövlətimizin yalı insanlara yatırdığı sərmayə praktiki olaraq sıfıra bərabərdir. Amma niyə? Məgər kimsə deyib ki, müəyyən yaşdan sonra normal həyat mümkün deyil? Yoxsa 85 yaşında siz xoşbəxt ola bilməzsiz? Tanrı və təbiət belə məhdudiyyətlər qoymayıb. Biz bu məhdudiyyətləri qoyuruq” – Mariam Palavandişvili deyir.